Fürsətdən istifadə edərək Azərbaycan gəncliyini 2 Fevral – Gənclər Günü münasibəti ilə təbrik etmək istəyirəm. Biz artıq iki gündür ki, buradayıq, azərbaycanlı ekofəallarla birlikdə aksiyada iştirak edirik.
Bunu APA-ya Azərbaycan Rus Gəncləri Assosiasiyasının sədri Sergey Danilov deyib.
“Tələblərimiz çox sadədir. İstəyirik ki, Azərbaycana məxsus faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulsun və bizim ekoloqlarımız orada araşdırma apara bilmək üçün ərazilərə buraxılsın. Bu, bizim qanuni haqqımızdır, çünki ora bizim ərazimizdir. Çox təəssüf ki, faydalı qazıntı yataqları ilə yanaşı, biz həmçinin işğaldan azad olunmuş ərazilərdə erməni tərəfinin ekoloji terror törətməsini, meşələri yandırmasını, təbiətə hər bir formada ziyan vurduğunu gördük. Həmçinin hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan Qarabağ ərazilərində ermənilərin eyni addımları atmasını istisna etmirik. Biz ekofəallar olaraq təbiətin və ətraf mühitin qorunması tələbi ilə çıxış edirik”, – deyə o qeyd edib.
www.RIA24.az