“Qarabağın tezliklə öz doğma sakinlərinə qovuşacağına ümid edirəm”.
Bu barədə Trend-in suallarını cavablayarkən Uelsli səyyah Amanda Deyvis deyib.
Onun sözlərinə görə, Qarabağda işğal dövründə törədilən dağıntıları görmək təəssüfedici haldır.
“Qarabağda dağıntılarla yanaşı aparılan irimiqyaslı bərpa-quruculuq işlərinin də şahidi oldum. Bir tərəfdə işğal dövründə törədilən dağıntılar, digər tərəfdə isə Azərbaycanın öz torpaqlarını dirçəltməsini gördüm. Dağıntılara baxmayaraq, Qarabağın təbiəti insanı valeh edir. Ümid edirəm ki, Qarabağ öz doğma sakinlərinə tezliklə qovuşacaq”, – deyə o əlavə edib.
Qeyd edək ki, geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun bu gün Laçın şəhərinə səfəri başlayıb. 30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.
Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.
Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.
www.RIA24.az