Millət vəkili istilik təchizatı sahəsinin özəlləşdirilməsini təklif etdi – VİDEO

Siyasət

“Bu il sözün həqiqi mənasında xalqımız və dövlətimiz üçün fərqli bir il oldu. Vətən müharibəsində qazandığımız qələbə başa çatmaqda olan təqvim ilini hər birimiz üçün əlamətdar etdi. Deyərdim ki, bu təqvim ilini uğurla başa vuran yeganə xalq bizik və buna görə də milli vəhdət halında öz dövləti, Prezidenti ətrafında sıx birləşən xalqımıza, möhtərəm cənab Prezidentimizə, hər bir əsgərimizə dərin təşəkkürümü bildirirəm”.

Bunu bu gün Milli Məclisin plenar iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxı edən deputat Emin Hacıyev bildirib.

O qeyd edib ki, birinci oxunuş zamanı hörmətli hökumət üzvləri büdcə zərfinə daxil olan sənədlər barədə geniş və ətraflı məlumat veriblər:

“Ümumiyyətlə, bu il büdcə müzakirələrinin daha səmərəli təşkil edildiyini qeyd etməklə hörmətli Sahibə xanıma bu məsələdə daha konstruktiv yeni yanaşma ortaya qoyduğuna görə təşəkkürümü bildirirəm.

Təqdim edilən sənəd və izahlarla tanışlıqdan hasil olan nəticə ondan ibarətdir ki, gələn ilin dövlət büdcəsi ən iri həcmli büdcələrdən biri olacaq. Düşünürəm ki, hər il olduğu kimi insan kapitalının inkişafına yönəlik siyasətimizi davam etdirməli, biliyə əsaslanan iqtisadiyyatın, sənayenin qurulmasına diqqəti artırmalıyıq. Bu mənada son illərdə Cənubi Qafqazın ikinci böyük sənaye şəhəri olan Sumqayıtda görülən müsbət işləri qeyd etməklə, bu prosesi daha da genişləndirməyi vacib hesab edirəm.

Aparılmış siyasət və görülmüş işlər sayəsində bu gün işğaldan azad olunmuş ərazilərimizdə aparılacaq quruculuq işləri üçün vacib olacaq bir sıra malların daxili istehsalımıza aid olması təqdirə layiqdir. Daxili istehsalı genişləndirmək və dəstəkləməklə bərpa prosesinə çəkəcəyimiz xərcləri böyük miqyasda azalda bilərik.

Hesab edirəm ki, bərpa prosesini sürətləndirmək üçün tək büdcə vəsaitləri ilə kifayətlənməli deyilik. Bura sahibkarları da cəlb etmək lazımdır və bu məqsədlə hökumət tərəfindən təşviqedici paketin hazırlanmasına ciddi ehtiyac var. Bundan əlavə, işğaldan azad edilən ərazilərin iqtisadi dövriyyəyə cəlb edilməsindən söhbət açılanda ən tez reallaşa bilən layihələrin aqrar sahə ilə bağlı olduğunu görərik. İşğaldan azad olunan ərazilərimizdə aqrar sahəni inkişaf etdirərək qısa müddət ərzində daxili tələbatımızı ödəməklə yanaşı, ixrac potensialımızı da artıra bilərik”.

Millət vəkili qeyd edib ki, bu mənada bölgənin mineral ehtiyatlarından səmərəli istifadə də əhəmiyyətlidir:

“İşğaldan azad olunan bölgələrin bərpasına xarici investorları da cəlb etmək məqsədilə səmərəli təşviqedici paketin hazırlanması yaxşı olardı. Bərpa prosesinə əlavə vəsaitlərin cəlb edilməsi məqsədilə beynəlxalq təcrübədə münaqişə məntəqələrinin bərpası zamanı tətbiq edilən bir təcrübəyə də müraciət edə bilərik ki, bu da bərpa ilə bağlı beynəlxalq konfransın çağırılmasıdır.

Eyni zamanda, bölgənin turizm – rekreasiya resurslarından gələcəkdə səmərəli istifadə edə bilməyimiz üçün tanıdılma, təbliğ etmə işinə başlamağımız, müvafiq təqdimatların vasitələrin tərtib edilməsi vacibdir.

İcazənizlə təmsil etdiyim Sumqayıt şəhəri ilə bağlı bir məsələyə toxunardım. Mövsüm hər bir şəhər və rayonda istilik sistemlərinin yenilənməsini, bu sahədə təmir-bərpa işlərinin aparılmasını aktuallaşdırıb və bu sosial-iqtisadi məsələnin həlli olduqca vacibdir. Təbii ki, insanların komfortlu yaşayışının təmin olunması yolunda hər zaman ciddi addımlar atılır. Lakin havaların soyuması ilə aktuallaşan məsələlərdən biri çoxmənzilli binaların istilik təchizatı ilə bağlıdır. Mən əvvəlki çıxışlarım zamanı bir dəfə bu məsələni qaldırmışam və keçən iclasımızda hörmətli Hicran xanım Hüseynova da bu məsələyə toxundu. Sumqayıt şəhəri üçün bu məsələ olduqca aktualdır, bu səbəbdən hörmətli hökumət üzvlərini, aidiyyəti dövlət qurumlarının diqqətini bu məsələnin həllinə cəlb etmək istərdim.

Onu da deyim ki, Regionların İnkişafı üzrə Dövlət Proqramında Sumqayıt şəhərindəki binaların istilik təchizatı məsələsi öz əksini tapıb. Düşünürəm ki, bu məsələdə dövlətimizin xərclərini azaltmaq məqsədilə istilik təchizatı sahəsini özəlləşdirmək və yaxud da yerli və ya xarici sahibkar və investorların idarəçiliyinə vermək imkanının qiymətləndirilməsi məqsədə uyğun olardı. Təbii ki, süni qiymət artımı kimi problemlər meydana çıxmasın deyə bu sahədə qiymətə təsir mexanizmini dövlətin nəzarətində saxlamaq şərtilə”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir