“Kosovo ilə Qarabağ arasında bəzi paralellər aparmaq mümkündür”.
Bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının proqram koordinatoru Milan Lazoviç Oxu.Az-a şərhində deyib. Onun sözlərinə görə, son vaxtlar Serbiya və Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında intensivləşmə müşahidə olunur.
“Tam əminliklə deyə bilərik ki, Azərbaycan Serbiya üçün istər enerji məsələlərində – bu ümumiyyətlə əsas məqamdır, istərsə də ərazi bütövlüyünün dəstəklənməsi mövzusunda mühüm tərəfdaşdır. İkinci məqamda hətta Kosovo ilə Qarabağ arasında bəzi paralellər də aparmaq olar. Turizm sahəsində əməkdaşlıq və çoxvektorlu yanaşma ilə bağlı ümumi xarici siyasət baxışları mövcuddur”, – deyə o bildirib.
Qeyd edək ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Brüsseldə Serbiya Prezidenti Aleksandar Vuçiç və Kosovonun baş naziri Albin Kurti ilə görüşündən sonra tərəflər “Münasibətlərin normallaşması yolu haqqında” sazişi (Kosovonun müstəqilliyinin faktiki tanınmasından söhbət gedir – red.) dəstəkləyib. Ancaq sonra Vuçiç Kosovonu tanımadığını deyib, serb muxtariyyətinin BMT-yə yolunu açmayıb və müqaviləni imzalamayıb.
Milan Lazoviç məsələ ilə əlaqədar fikirlərini bölüşüb və deyib ki, Serbiyanın çoxvektorlu yanaşmasının çətinliyinə baxmayaraq, bunlar rəsmi Belqradın tarazlıq yaratmaq cəhdləridir:
“Əslində, Aleksandar Vuçiç bu danışıqlara istəksiz razılaşır. O, sadəcə olaraq, Qərbə məsələnin həllinə hazır olduğunu göstərmək və s. üçün bunlarda iştirak etməyə məcburdur. Fevralın sonunda Brüsseldə keçirilən görüşdə tərəflər daxili pasportlardan istifadə etməklə bir-birlərinin ərazilərinə sadələşdirilmiş səfər barədə razılığa gəliblər. Nizamlanma planında belə bir məqam var idi ki, Serbiya Kosovonun beynəlxalq təşkilatlara, ilk növbədə BMT-yə üzvlüyünə yaşıl işıq yandırmalıdır. De-yure, bu, rəsmi tanınma olmayacaq, lakin Kosovo BMT-yə üzv olarsa, o zaman belə çıxır ki, Belqrad bu ərazinin müstəqilliyini tanıyacaq. Bu, çox həssas məsələdir və Vuçiç çox təzyiq altında olsa da, rəsmi olaraq buna razılıq vermədi. Beləliklə, tərəflər razılığa gələ bilməyiblər”.
Ekspert sözügedən görüşdən sonra Aleksandar Vuçiçin özünün prezident olduğu müddətdə heç bir kapitulyasiyanın olmayacağını, Kosovonun tanınmayacağını, həmçinin Belqradın BMT-yə üzvlüyə razı olmayacağını bəyan etdiyini xatırladıb.
“Serbiya prezidenti həm daxili, həm də xarici auditoriyaya yönəlmiş müxtəlif bəyanatlar verməyə məcburdur. O, avropalılarla danışıqlarda ölkənin dialoqa açıq olduğunu, lakin de-fakto tanınmasına rəsmi razılıq verməyə hazır olmadığını göstərməyə çalışır”, – deyə o bildirib.
Ekspert, yeri gəlmişkən, Priştinadan serb bələdiyyələrinin yaradılmasına başlamağın tələb edildiyini və bunun Kosovonun hələ 2013-cü ildə qəbul edilmiş öhdəliyi olduğunu xatırladıb.
“Lakin Kosovo albanları bununla razılaşmırlar. İndi tərəflər əlavə danışıqların zəruriliyi barədə razılığa gəliblər. İclas ilkin olaraq martın 18-nə təyin edilib”, – deyə Milan Lazoviç sözlərini yekunlaşdırıb.
Nair Əliyev
www.RIA24.az