ABŞ-da vəziyyət qarışıq olaraq qalmağa davam edir. Tramp hakimiyyəti dinc yolla ötürməyə hazır olduğunu, lakin seçkinin nəticələri ilə razılaşmadığını deyir. Amerikalıları bundan sonra hansı sürprizlər gözləyir?
Media.Az bununla bağlı Sovet və Rusiyanın əfsanəvi jurnalisti, məşhur “Amerika Mixail Taratuta ilə”, “Rusiya təpələri” proqramlarının müəllifi və aparıcısı Mixail Taratuta ilə söhbət edib.
Onun sözlərinə görə, ABŞ-da hakimiyyətin ötürülməsi barədə artıq hər şey həll olunub.
“Çox şey Co Baydenin hansı siyasəti yürüdəcəyindən asılı olacaq. Hazırda o, seçki vədlərindən, solçularla razılaşdırılmış platformasından geri çəkilir. Onların ümumi marağı var idi – Trampla mübarizə. Demokratlar qalib gəldikdən sonra, Bayden vədlərindən imtina etməyə başlayıb”.
Siyasi analitik bu tendensiyanın davam edəcəyi təqdirdə ABŞ-ın seçilən prezidentinin solçularla problem yaşayacağını, lakin trampçılarla güclü qarşıdurmanın olmayacağını bildirib:
“Əgər Co Bayden partiyasının sol qanadının maraqlı olduğu gündəliyi həyata keçirərsə, onda (6 yanvarda Vaşinqtonda – red.) gördüyümüz qədər ciddi problemlər yaşana bilər”, – deyə o, əlavə edib.
Müsahib qeyd edib ki, insanlar fikirlərini ifadə etmək və hər hansı bir şəkildə təsir göstərmək imkanına malik olmalıdır.
“Sosial media rəhbərliyi mövqelərinə zidd fikirləri (xüsusən Trampın açıqlamalarını) bloklamağa başlayıb. Halbuki ölkənin demək olar ki, yarısı Donald Trampa səs verib. Əgər demokratlar bu insanlarla hesablaşmasa, başqa variantların axtarışı başlanacaq və ciddi qarşıdurmalar mümkündür”.
M.Taratuta indi hər şeyin Co Baydendən, onun solçu, yaxud mərkəzçi siyasət aparmasından asılı olduğunu deyib.
“İkinci seçim olarsa, ölkədəki vəziyyət nisbətən daha sülh yolu ilə həll ediləcək”, – deyə analitik vurğulayıb.