“Azərbaycan islam dünyasında işğal olunan torpağını azad edən tək ölkədir”.
“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi Ekmeleddin İhsanoğlu Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, islamofobiya bütün islam dünyasını və eyni zamanda bəşəriyyəti narahat edən bir təhlükənin adıdır:
“Qərbin islam dünyasına qarşı göstərdiyi bu münasibət köhnə xəstəlikdir. Sadəcə, son illər kommunikasiyanın inkişafı ilə bu hal daha çox diqqəti cəlb edir. Ona görə də Bakıda keçirilən konfrans problemin akademik səviyyədə müzakirəyə çıxarılması üçün münbit şərait yaradıb”.
Keçmiş baş katib vurğulayıb ki, islamofobiyanın təzahürləri hər ölkədə fərqli formada özünü göstərir:
“Qarabağda baş verən hadisələrə ümumi şəkildə yanaşılmalı olduğu halda, bir çox hallarda problemə erməni-azərbaycanlı, dolayısı ilə xristian-müsəlman formatında yanaşılıb”.
E.İhsanoğlu bildirib ki, Ermənistanın 30 illik işğalı dövründə Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər, məscidlərin dağıdılması, təhqir edilməsi də islamofobiyanın ən böyük təzahürlərindən biridir:
“Sevindirici haldır ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə bu işğala son qoydu və tariximizə, mədəniyyətimizə qarşı törədilən vəhşiliyə son verildi”.
Qeyd edək ki, bu gün Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb.
Konfrans BMT Baş Assambleyasının 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi elan etməsinin bir illiyi ilə əlaqədar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə keçirilir.
Beynəlxalq konfransa 31 fərqli ölkədən dünyanın tanınmış ekspert və mütəxəssisləri qatılıblar.
www.RIA24.az