Psixoloqlar Qarabağla bağlı görüşü təhlil etdilər: Əliyev özünü qalib kimi hiss edir, Paşinyan kömək axtarırdı

Siyasət

Yanvarın 11-də Dağlıq Qarabağla bağlı üçtərəfli danışıqlar sensasiya yaratmadı, ancaq üç dövlət başçısı arasında psixoloji qarşıdurma kimi son dərəcə maraqlı idi.

Ümumiyyətlə, görüş konstruktiv müsbət notda başa çatdı, iştirakçılar regionun inkişafı və nəqliyyat əlaqələri üçün vektorları qeyd etdilər. Azərbaycanın bu vəziyyətdə aşkar dominatlığı, Ermənistanın isə irəli sürülən şərtlərlə razılaşmalı olduğu bir daha göründü.

Ancaq Dağlıq Qarabağın taleyini müzakirə etmək üçün Moskvaya toplaşan üç dövlətin liderinin – İlham Əliyevin, Vladimir Putinin və Nikol Paşinyanın davranışlarını təhlil etmək daha maraqlıdır. Mimika, jestlər, danışıq tərzi – bütün bunlar profaylerlərin nəzərindən yayınmadı.

“Info24”ün jurnalistləri danışıqlarda kimin özünü necə hiss etdiyini və müvafiq olaraq müzakirələr zamanı özünü necə apardığını öyrənmək üçün bu mütəxəssislərə müraciət edib.

İlk olaraq psixoloq, profayler, Beynəlxalq Psixofizioloji Tədqiqatlar Mərkəzinin baş direktoru Maksim Kovalenko tərəfindən güc tarazlığı şərh edilib. O, danışıqlar zamanı İlham Əliyevin açıq-aşkar özünü Paşinyandan daha rahat hiss etdiyini vurğulayıb.

“Bu dərhal görünür. O, özünü qalib kimi hiss edir və burada Paşinyandan daha çox təcrübəsinin olması öz işini görür. Buna Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda təhsili təsir göstərir – Əliyev çox yaxşı diplomatdır, danışıqları, bu kimi münaqişələrin həllini yaxşı bilir. Onun üstünlüyü görünür”, – deyə Kovalenko bəyan edib.

Profaylerin fikrincə, Paşinyanın tam olaraq aciz vəziyyətdə olduğunu demək olmaz, ancaq həyəcanlı olduğu aydındır, bu səbəbdən tez-tez utanmış, pərt vəziyyətində görünür. İclasın əvvəlində əsəbi şəkildə portfelindəki sənədləri çıxarır və tezliklə qamarlayıb yerinə qoymaq məcburiyyətində qalır.

Mətbuat konfransında erməni baş nazir nevrozun öhdəsindən gələ bilməyib, həyəcanla pencəyinin ciblərini dartışdırır.

“Belə görünür ki, o, “uğurla çalışdıq” desə də, danışıqların nəticələrindən razı deyil”, – deyə profayler qeyd edib.

“Bununla yanaşı Paşinyan bir sıra məsələlərin həll olunmadığını söyləyir və ümumiyyətlə bu görüşdən razı olmadığı açıqdır. Paşinyanın davranışında bəzi qaranlıq məqamlar var”, – deyə mütəxəssis əlavə edib.

İlham Əliyevə gəldikdə, Kovalenko hesab edir ki, burada da hər şey aydındır. Bu görüş zamanı Azərbaycan Prezidenti liderdir. İndiki şərtlərdə özünü komfortda hiss etdiyi – Paşinyandan qat-qat artıq rahat olduğu da nəzərə çarpır.

“Bu, görüşdən – həm əl sıxması zamanı, həm də mətbuat konfransı zamanı yayımlanan videolardan aydın görünür. Vladimir Putinin Əliyevi Paşinyandan daha səmimi qarşıladığı da ortadadır”, – deyə Maksim Kovalenko bildirib.

Üç dövlət başçısının görüşünü politoloq və psixoterapevt Ruslan Pankratov da şərh edib. O, hər şeydən əvvəl Vladimir Putinin bu “siyasi tanqonu idarə etdiyini” vurğulayıb. Ekspertin fikrincə, Rusiya prezidenti qarşıya qoyulmuş hədəflərə və razılaşmalara çatmaq üçün hər iki tərəfdə gizli təsir vasitələrindən istifadə edib (belə görünür ki, bunlar açıq şəkildə ictimaiyyətə açıqlanmamalıdır).

“Bəli, Putin ssenarinin hər cür inkişafına hazırdır. O, toparlanmış vəziyyətdə, diqqətlidir, çıxış edəndə sözlərinə nəzarət edir və seçir, amma böyük ehtimalla bu böyük siyasi oyunda pozuntuları və hətta xəyanəti istisna etmir”, – deyə Pankratov bildirir.

Ümumiyyətlə, onun fikrincə, toplantı iştirakçılarının enerji axınları çıxış yolu tapmayıb, ancaq bununla belə çılpaq gözlə nəzərə çarpırdı.

“Əliyevlə Paşinyan arasında inanılmaz gərginlik qığılcımı birbaşa ekrandan görünürdü”, – deyə ekspert bəyan edib.

İlham Əliyevə gəlincə, psixoloqa görə, dövlət başçısı onu “oxumağa” çalışacaqlarını yaxşı başa düşürdü, bu səbəbdən hisslərini göstərmədən “əsgər kimi” dayanmışdı.

“Bəzən elə hiss yaranırdı ki, sanki o, canlı bir insan deyil, reklam lövhəsidir. Danışıq zamanı səs məlumatlarını xatırlamağa çalışaraq gözlərini aşağı və sağa çəkir. Daxili monoloq aparır və nitqini idarə edir. Ünsiyyətdə sözləri necə diqqətlə seçdiyinə diqqət yetirin”, – deyə Ruslan Pankratov müşahidələrini bölüşüb.

Maksim Kovalenko kimi, o da təcrübəsinin və yüksək səviyyəli diplomatik təhsilinin İlham Əliyevə kömək etdiyini vurğulayıb.

“Sovet məktəbi nəticə verir”, – deyə Pankratov əlavə edib.

Paşinyanın davranışına gəlincə isə, mütəxəssis onun bütün müddət ərzində “futbolçu pozasında” durduğunu qeyd edib:

“Onun emosional impulsivliyini necə idarə etməyə çalışdığı nəzərə çarpırdı. Belə görünürdü ki, o, hansısa həqiqəti, yaxud da acı, kinayəli – məğlub olan və inciyən insanın adətən demək istədiklərini söyləmək istəyir. Çıxışı əsnasında daim Putinə yönəlməsi isə sanki həmfikir, müdafiəçi, bəlkə hardasa onun bundan sonra incidilməsinə imkan verməyəcək hami axtarmasına oxşayırdı. Müqavilədə bəzi məqamlardan bəhs edərkən, “orada filan şey edilmədi”, “burada isə nəyisə bitirmək lazım idi” kimi iddialar sülh müqaviləsinin şərtlərinin Ermənistan üçün tamamilə bərabər və ya uyğun olmadığını da göstərə bilər”.

Bununla belə, mütəxəssisin fikrincə, buna fərdi subyektiv amil də – özünü daha ağıllı göstərmək, baş verən hadisələrin günahını birtəhər aradan qaldırmaq istəyi də təsir göstərə bilər.

Ruslan Pankratovun sözlərinə görə, Paşinyanın davranışlarında yetkin siyasətçinin sağlam, balanslı, konstruktiv baxışın deyil, ermənilərdən gələn tənqid qorxusunun üstün gəldiyi görünür.

Ümumiyyətlə, psixoterapevt iştirakçıların heç bir şey uydurmadıqlarını, yalan danışmağa çalışmadıqlarını hesab edir. Bunu onların gözləri də göstərib:

“Göz hərəkət reaksiyalarını izləməklə bir insanın həqiqəti söylədiyini və ya yalan danışdığını anlamaq olar. Onlardan heç biri gözlərini sola və ya sağa qaldırmadı, deməli böyük ehtimalla heç nə uydurmayıblar. Eyni zamanda, peşəkar kommunikatorların gözlərinin hərəkətini asanlıqla idarə etdiklərini, daha dəqiq desək, söhbət əsnasında gözlərini qaçırmadıqları, həmsöhbətilə qarşılıqlı əlaqədə daxili sakitliklə davamlı göz təmasını saxladıqlarını bilmək vacibdir. Məhz Vladimir Putin belə edirdi. Halbuki müzakirələrin asan olmadığı, onun çox tükəndiyi, mənəvi və fiziki cəhətdən yorulduğu bəlli idi”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir