Spiker Sahibə Qafarova Əfqanıstanın səfiri ilə müzakirələr apardı

Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Spiker ümidvar olduğunu bildirib ki, Amanullah Ceyhun Əfqanıstanın Azərbaycanda təmsilçisi kimi ölkələrimiz arasında münasibətlərin inkişafında səylərini əsirgəməyəcək.

Qeyd edilib ki, Azərbaycan respublikamızın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Əfqanıstanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır.

«Xalqlarımız arasında dostluğun qədim tarixi kökləri var və bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir. Ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar siyasi münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinə müsbət təsir edir”, – deyə S.Qafarova bildirib.

Milli Məclisin sədri qeyd edib ki, bu ölkə ilə əlaqələri daha da dərinləşdirmək məqsədilə Azərbaycan parlamenti ötən sessiyada Əfqanıstanda Azərbaycan səfirliyinin açılması barədə qanun layihəsini qəbul edib.

2021-ci ilin 13 yanvar tarixində isə qeyd edilən Qanun möhtərəm Prezident İlham Əliyev trəfindən təsdiqlənib.

Spiker onu da xatırladıb ki, Milli Məclisdə Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

O, təcrübə və informasiya mübadiləsi baxımından, deputatların mütəmadi görüşlərinin vacibliyini vurğulayaraq, post-pandemiya dövründə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətli olacağını qeyd edib.

Sədr Ermənistan-Azərbaycan münaqişəsinin həllində Əfqanıstan dövlətinin mövqeyini yüksək qiymətləndirib.

Bildirib ki, Əfqanıstan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq mövqe nümayiş etdirib, ölkəmizin ədalətli mövqeyinə dəstəyini ifadə edib:

“Bu dəstək özünü Dağlıq Qarabağda aparılan hərbi əməliyyatlar zamanı da aydın şəkildə büruzə verib. Belə ki, Əfqanıstan Xarici İşlər Nazirliyi, bu ölkənin Milli Assambleyasının Ağsaqqallar Şurası, Assambleyanın Xalq Palatası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər”.

Sədr gələcəkdə də münasibətlərimizin yüksələn xətlə inkişaf edəcəyinə inamını bildirib.

Səfir Amanullah Ceyhun ölkəsinin Azərbaycana haqq işində həmişə dəstək verdiyini söyləyərək, Azərbaycan parlamentində ölkəmizin Əfqanıstanda səfirliyinin açılması ilə bağlı qəbul olunmuş qərarı Azərbaycan tərəfinin iki ölkə arasında dostluğa verdiyi yüksək dəyərin nümunəsi kimi qiymətləndirib.

Görüşdə həmçinin iki ölkənin parlamentlərində təmsil olunan qadın deputatlar arasında mütəmadi görüşlərin təşkili, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir