Beynəlxalq Cinayət Məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsindən sonra beynəlxalq aləmdə belə bir fikir yaranıb ki, Putin dəmir barmaqlıqlar arasına salınacaq.
Qısası, Putin üçün “beynəlxalq axtarış” elan edilib. Roma Statutunda təsbit olunmuş öhdəliklərə tərəfdar çıxan ölkələr Rusiya lideri həmin ölkələrə ayaq basdığı anda onu həbs etməlidirlər.
Ancaq “Putin həbsə salınacaq” təqdimatlarını etmək hələ tezdir. Çünki BCM-in qərarı Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətlərinə görə Kreml məmurlarının mühakimə olunmasını inkişaf etdirmək məqsədi daşıyır.
Yəni hələ Putinə qarşı heç bir ittiham aktı elan edilməyib, əsas məqsədə gəlincə, bu, Rusiyanın müharibə cinayətləri ilə bağlı növbəti hüquqi ittihamlara doğru ilk addımlardır.
BCM-in qərarı Putin üçün diplomatik-siyasi seçim imkanlarını məhdudlaşdırır, üstəgəl Ukrayna Prezidenti Volodimir Zelenskinin Putinlə müzakirələr aparmaq ehtimallarının üzərindən böyük xətt çəkir.
Onu da düşünəndə ki, Putinin həbsi o qədər real görünmür, deməli, BCM-in qərarının simvolik olub-olmaması mübahisələndirilə bilər.
Lakin hüquqi prosedurlar inkişaf etdirilsə, Putin əleyhinə presedentləri dövriyyədə saxlamaq da asanlaşacaq, hərçənd ki, yenə də Rusiya liderinin həbsi həqiqət kimi səslənmir.
Putin haqqındakı qərar beynəlxalq hüquqi kampaniya kimi ortalıqda fırlanır, lakin Ermənistanın meydana düşməsi gülməli görünür.
Əslində, bu, Rusiyanın öz əkdiyi toxumlardan götürdüyü çürük bəhrələr kimi başa düşülməlidir. Çünki regionda erməni amilinə nəhəng yatırımlar etmək Rusiyanın 200 illik tarixi adətidir.
Bu adət-ənənə hələ də öləziməyib, ancaq məzmun və formasında redaktələr edilir. Rusiyada da, Ermənistanda da bu iki ölkənin müttəfiqliyini Azərbaycan əleyhinə yönləndirmək istəyən qüvvələr həmişə fəal olub, hərçənd ki, Qarabağ müharibəsinin bitməsindən sonra onların aktivliyi də mənasızlaşıb.
Ermənistanın Roma Statutunu tanıması elə Rusiyadakı dairələrin başına çırpılan qapaz olmalıdır, bəs hanı qardaşlıq, hanı müttəfiqlik? Təbii ki, bu müttəfiqlik haqqında deyilənlər həmişə dekorasiya olub.
Görünən budur ki, Ermənistan Rusiyadan istədiklərini ala bilmədikcə, şantajlarla Moskvanı yaxınında oturtmağa çalışır.
Gah Ermənistanın Putinin kölgəsi altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxması fikirləri səslənir, gah 102-ci bazanın mənasız olduğundan bəhs edilir, gah da Qərblə birlikdə Moskvaya qarşı fərqli tələlər qurulur.
Həmin addımların davamı kimi Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunda təsbit olunmuş öhdəlikləri konstitusiyaya uyğun hesab edib. Yəni məntiqlə Putin Ermənistana ayaq bassa, İrəvan onu həbs edib beynəlxalq tribunala təqdim etməlidir.
Doğrudanmı baş nazir Nikol Paşinyan və onun administrasiyası Putini “tapıb” beynəlxalq mühakiməyə vermək cəsarətindədir?! Sonuncu durğu işarəsi elə bu suala cavab kimi başa düşülə bilər.
İndi yaxşı olar ki, Rusiya regional siyasətini açan kodları dəyişsin və Ermənistana havadar olan hərbi-siyasi kanalları bloklasın.
Bu arada, Robert Koçaryan, Serj Sarqsyan kimi canilərin əməllərini ört-basdır edən Ermənistana havadar çıxan Rusiya mənasız jestlərinin başında çatlayacağını anlamalı idi.
Ermənistanın qərarı ölkə rəhbərliyinin Vladimir Putinlə danışıqlar masasında oturmaması üçün də bəhanələr verəcək. Beləliklə, Nikol Paşinyanın Rusiyadan sürətlə uzaqlaşmasını məlum qərarla möhkəmləndirməsi Kremlin qəzəb tonunu artıracaq.
Buyursunlar, Rusiya da, Ermənistan da müttəfiqlik və qardaşlıqlarının ləzzətini çıxarsınlar.
Aqşin Kərimov
www.RIA24.az