Milli Məclisin deputatı Fazil Mustafaya qarşı silahlı hücumdan sonra bu hadisənin sifarişçilərinin mənsubiyyəti barədə suallar çoxalıb.
Hələlik nə sui-qəsdə cəhd edən şəxs, nə bu planı sifariş edənlər barədə rəsmi məlumatlar var. Lakin açıq mənbələrdəki ipuclarını bir araya toplayanda izlərlə müəyyən nöqtəyə çatmaq çətin olmur.
Öncəliklə hüquq ədəbiyyatında terror aktının təsvirinin necə verildiyinə baxaq. Azərbaycan Cinayət Məcəlləsinin 214-cü maddəsində terrorçuluğun tərifi verilir. Həmin maddəyə əsasən, terrorçuluq:
– ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaqdır;
– dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulmasıdır;
– əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətməkdir;
– habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir.
Yəni göründüyü kimi, terrorun son məqsədi öldürmək olmaya bilər. Bu, ictimai təhlükə yaradaraq bir dövləti məğlub etməyə hesablanmış və ya onu rəqib tərəfin diktələri altına gətirmək üçün qorxutma aktının məcmusudur.
Deməli, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Fazil Mustafanın güllələnməsini terror aktı kimi tövsif etməklə hadisənin səbəblərini göstərmiş oldu.
Yəni bu silahlı hücum Azərbaycanın ictimai rəyində vahiməni zühur etdirmək və dövləti strateji hədəflərdən yayındırmaq məqsədlərinə xidmət edir.
Bəs sifarişçi kimdir? Burada bir yox, bir neçə sifarişçinin əl izlərini tapmaq olar, hər halda istintaqın gəldiyi nəticələri gözləyək.
Lakin nədənsə, ictimai fikirdə daha çox İran mərkəzli təxribatlara dair tezislər ağırlıq təşkil edir və bu iddialar heç də əsassız sayıla bilməz.
Cəmiyyətdə İranı mühakimə etmək üçün kifayət qədər əsaslar var, çünki İran Azərbaycan səfirliyinə qarşı törədilən terror fəaliyyətinin sifarişçisi və icraçısı idi.
Ardınca o, hədə səslərini başına ataraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü şübhə altına alan fikirləri yenidən gündəmə gətirdi – bu dəfə daha amansız şəkildə.
Bu da azmış kimi, İran xüsusi xidmət orqanlarına bağlı olan adamlar Azərbaycanda tanınmış bir şəxsi öldürmək üçün plan hazırladılar, lakin DTX-nin əməliyyatı ilə həmin dəstə zərərsizləşdirildi.
Ancaq Fazil Mustafanın güllələnməsi yeni bir versiya ortaya çıxarır: Azərbaycanda bir yox, bir neçə ictimai xadimin, tanınmış simanın qətlə yetirilməsi planları mövcud olub və ya indi də bu, qüvvədədir.
Burada ipucları bizi İranın regional və qlobal təxribat izlərinin içərisinə aparıb salır.
İran son iki ildə özünün kəşfiyyat strukturları, agentura şəbəkəsi qarşısında belə tapşırıq qoyub ki, onlar dünya üzrə molla rejiminə dissident olanları, israilli mütəxəssisləri, dövlət və ictimai xadimləri, yəhudi biznesmenləri qətlə yetirsinlər.
Ancaq İranın kəşfiyyat-təxribat fəaliyyətlərinin qarşısı böyük ölçüdə alınıb və Tehran beynəlxalq aləmdə ifşa dalğası ilə üzləşib.
Amma bu o mənaya gəlmir ki, İran öz planlarından əl çəkib. Əksinə, daha da aqressivləşərək fəaliyyətini genişləndirib.
Azərbaycanla yaşanan gərginlik fonunda İran Cənubi Qafqazı da terrorun əsirinə çevirmək istəyir ki, rəsmi Bakı strateji məqsədlərinə doğru irəliləyə bilməsin.
Tehranın xaricdə planlaşdırmaq istədiyi sui-qəsd ssenariləri molla rejiminin və onun daxildəki böyük himayəçisi SEPAH-ın düşüncəsindəki terrorçu zehniyyətdən irəli gəlir.
2021-ci ildə İran xüsusi xidmət orqanlarının təlimatını yerinə yetirən Orxan Əsədov Kiprdə israilli biznesmenləri hədəfə alan planları icra edib. Lakin o yaxalanıb.
Əsədov həm də Azərbaycana qarşı gizli yaradılmış qanunsuz silahlı birləşmənin başında dayanan şəxslərdən biri olub.
Digər bir analogiyaya da baxaq. 2022-ci ilin oktyabr-noyabr aylarında Gürcüstanda israilli biznesmen Etzik Moşeni öldürmək üçün İranın planlaşdırdığı ssenari iflasa uğramışdı.
Sifarişin icraçısı pakistanlı Əmir Xan istintaqa ifadəsində demişdi ki, onu bu işə Sufian cəlb edib.
Sufian təxəllüsdür, onun adı, familiyası kəşfiyyata bəlli ola bilər, lakin geniş ictimaiyyət üçün hələ də sirr olaraq qalmaqdadır.
Böyük ehtimalla Sufian ötən müddət ərzində Cənubi Qafqazın digər iki ölkəsində – Azərbaycan və Ermənistanda da hərlənib və ya bu ölkələrə girişə cəhd edib.
Versiya güclənir ki, Sufian regionda terrorçuluq fəaliyyətini koordinasiya edən şəxslərdən biridir. Ancaq Azərbaycana qarşı qüvvələrin təyin etdiyi canişinlərin sayı bir yox, bir neçə nəfərdir və onlar da planlarını bir-birilə uyğunlaşdırırlar.
Ən təhlükəli tendensiya hadisələri dini zəmindəki iğtişaş formasında inkişaf etdirmək cəhdidir. İran üçün belə format adi bir təcrübədir. Azərbaycanda sekulyar ənənəni, özünəməxsus milliləşmiş dini inanc sistemindəki kodları sındıra bilməyən İran, sadəcə, üstünə çəkdiyi din pərdəsinin çexollarını dəyişir və ona yeni məna yükləməyə çalışır. Məqsədi kəşfiyyat sahəsində itirdiyi auditoriyanı bərpa etmək, yeni tərəfdar toplamaqla onları təlimatlandırmaqdır.
Rəsmi açıqlamalar olmasa da, Fazil Mustafaya sui-qəsd cəhdi ilə əvvəlki bir neçə hadisəni tutuşduranda ortaya bir tablo çıxır. Bunun adı İrandır.
İranda ali rəhbər Seyid Əli Xamenei və onunla gah ulduzu barışan, gah da barışmayan SEPAH terrorçu zehniyyətin ağır artilleriyasıdır. Bu artilleriyadan çıxan mərmilər zərərsizləşdirilməlidir ki, regional və qlobal mühitdəki qara nöqtələrdən biri silinsin…
Aqşin Kərimov
www.RIA24.az