“90-cı illərdə ölkəmizə dəyən maddi və mənəvi ziyanın səbəbkarı Azərbaycanın təhlükəsizliyinə cavabdeh olan, ancaq bunun əvəzinə öz hakimiyyətlərini qorumağa çalışan AXC-Müsavat cütlüyünün intriqasıdır”.
Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bu günlərdə Azərbaycan Prezidentinin Laçın rayonuna xüsusi səlahiyyətli nümayəndə təyin etməsi böyük milli qürur və fəxarət hadisəsidir:
“Çünki 28 il işğal altında qalan torpaqlarımızda artıq Azərbaycanın suveren hüquqları bərpa edilir. Əslində milli yaddaşımızın canlı olması üçün mütləq tarixi yaddaşımıza ekskursiya etməliyik. Azərbaycan Prezidenti xüsusi nümayəndəni qəbul edərkən 30 illik müstəqillik tariximizə ekskursiya edərək onun ilk illərində ölkəmizdə mövcud olan hərc-mərclikdən danışıb. Azərbaycan torpaqlarının, eyni zamanda Laçının işğal altında qalmasının səbəblərindən danışıb”.
“Biz tarixdə buraxdığımız səhvlərdən dərs çıxarmasaq, öz gələcəyimizi də düzgün qura bilmərik. Laçının işğal olunmasında əsas səbəblərdən biri də o dövrdə Azərbaycanda AXC-Müsavat cütlüyünün hakimiyyət davası aparması idi. Laçını qorumalı olan hərbi texnika Azərbaycanda hakimiyyət davasına cəlb olunmuşdu və həmin hərbi texnika Bakıda bir siyasi qüvvədən digərinə atəş açırdı. Bu mənada AXC-Müsavat cütlüyünün milli dövlətçilik tariximizdə nə qədər zərərli bir rol oynadığı, torpaqlarımızın işğal altına düşməsinə səbəbiyyət verdiyini bir daha xatırlatmalı və bu tarixin qara səhifəsindən ibrət dərsi çıxarılmalıdır”, – o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad edərkən elə böyük şücaət, güc və qüdrət nümayiş etdirməyi bacardı ki, ərazilərimizin böyük bir hissəsi, o cümlədən Laçın şəhəri çox az itkilərlə azad edilib:
“Bu, özlüyündə hərb tarixində çox nadir görülən faktlardan biridir. Hazırda işğaldan azad edilmiş digər şəhərlərimiz kimi Laçında da quruculuq işləri həyata keçirilir, hava limanı, evlər tikilir, yollar salınır. Artıq 2023-cü il ərzində Laçın şəhəri və onun kəndləri, qəsəbələri öz doğma sakinlərini qəbul etməyə hazırlaşır. Bu, Azərbaycan tarixində mühüm bir hadisə kimi yadda qalacaq”.
H.Babaoğlu əlavə edib ki, əldə etdiyimiz tarixi zəfərin təntənəsini yaşayarkən nə üçün 30 illik əziyyətə düçar olduğumuzu aydın bilməli və əsla unutmamalıyıq:
“Tarixi unudanlar onu yenidən yaşamağa məhkum edilirlər. Bu mənada Azərbaycan Prezidentinin bir daha 90-cı illərin əvvəllərində AXC-Müsavat cütlüyünün Azərbaycan dövlətçiliyinə vurduğu ziyana diqqət çəkməsi olduqca vacibdir. Bu baxımdan bir daha bu cür halların baş verməməsi üçün ibrətamiz gerçəkliyi hər zaman xatırlamalıyıq”.
www.RIA24.az