ABŞ “supergüc” statusunu qorumaq üçün yeni metodlar hazırlayıb – “Demokratiya sammiti”ndə detallar üzə çıxır

Siyasət


Yenilənmiş “Demokratiya doktrinası”nda nələr var?..

“Demokratiya son 10 ildə geri gedən günlərini yaşayır. Proses qlobal xarakterlidir və ABŞ daxil olmaqla dünyanın yarıdan çoxunu əhatə edir”.

Bu fikirləri Prezident Co Bayden 2021-ci ilin dekabr ayında keçirilmiş 1-ci “Demokratiya sammiti”nin yekunlarına həsr edilmiş çıxışında demişdi. ABŞ prezidenti prosesi durdurmaq üçün məqamın yetişdiyini, “tarixin dönüş mərhələsi”nin başladığını bəyan etmişdi.

Bayden öz nitqində “demokratik geriləmə” prosesinin səbəblərinə toxunaraq, demokratiya üçün təhdid yaradan elementləri sadalamışdı. Bu sırada ilk yerdə avtoritar rejimlərin rolunu vurğulamışdı:

“Avtoritar liderlər hakimiyyətlərini möhkəmləndirməyə, təsirlərini bütün dünyaya yaymağa çalışırlar”.

ABŞ prezidenti “demokratik geriləmə”nin növbəti səbəbi kimi korrupsiya hallarını önə çəkmişdi. Korrupsiya və onun törətdiyi fəsadlar üzərində xüsusi dayanaraq, bu elementin aradan qaldırılması üçün yenilənmiş strategiyasını açıqlamışdı.

Zahiri yanaşanda Bayden haqlı görünür. Demokratik durumun qlobal səviyyədə gerilədiyini, korrupsiyanın, avtoritarizmin bəşəriyyət üçün fəsadlar yaratdığını hər kəs etiraf edir. Bu tezislər şübhə doğurmur, etiraz və ya qınaq yaratmır. Əksinə, hörmət və rəğbətlə qarşılanır.

Baydenin nitqində şübhələrə yol açan, fikir ayrılığı yaradan məqamlar başqadır. Məsələ ondadır ki, “demokratiyanın geriləməsi”ndən danışan ABŞ prezidentinin özünün demokratiyaya yanaşması problemlidir. Özünü “demokratiya jandarmı” kimi aparan, müxtəlif ölkələri seçkilərin demokratik keçirilməməsində suçlayan bu şəxs rəqibləri tərəfindən seçki saxtakarlığında ittiham olunur.

Co Baydenlə yanaşı, ümumilikdə ABŞ-nin avtoritarizmə qarşı savaşda, demokratiya uğrunda mübarizədə səmimi olması mübahisəlidir. Son 20 ilin təcrübəsi göstərir ki, ABŞ demokratik inkişafa dəstək vermək adı altında ölkələrə fəlakətlər gətirir. Korrupsiyaya qarşı mübarizənin zəruriliyindən danışır, amma qlobal korrupsiya hallarını öz himayəsinə alır. Avtoritarizmə qarşı mübarizə apardığını elan edir, avtoritar rejimlərlə müttəfiqlik yaradır. ABŞ-nin maraqları ilə uzlaşan korrupsionerləri, avtoritar rejimləri müdafiə edir. Maraqlarına əks mövqedə olanlara isə “korrupsioner”, “avtoritar” damğası vurub hədəfə çevirir. Bir sözlə, son 10 ildə demokratiya sahəsində qlobal geriləmənin səbəblərindən biri də budur ki, “demokratiyanın himayəçisi” rolunda çıxış edən ABŞ bu mövzunu manipulyasiya edir.

Bayden komandasının hazırladığı “Demokratiya Doktrinası”, “antikorrupsiya strategiyası” və ya “Demokratiya sammiti” “demokratiyanın qlobal geriləməsi”ni dayandırmır. Prosesi geri çevirmir. ABŞ prezidentinin atdığı addımlar bu istiqamətdə nikbin düşünmək üçün əsas yaratmır. Çünki onun səsləndirdiyi şüarlarla atdığı addımlar arasında ziddiyyətlər ortaya çıxır.

“Demokratiya sammiti”nə toplaşan avtoritar liderlər

1-ci “Demokratiya sammiti” ABŞ-nin avtoritarizm və korrupsiyaya qarşı mübarizədə səmimiyyətinə qarşı mövcud olan şübhələri dağıtmadı. Əksinə, sammitin tərtibat prinsipləri bu ölkəyə qarşı olan şübhələri daha da gücləndirdi. 2021-ci ilin dekabrında keçirilən 1-ci sammit zamanı bəlli oldu ki, iştirak üçün dəvət alan ölkələrdən 31-nin idarəçiliyi yarımdemokratik rejimlidir, avtoritarizmə meyillidir. Üçü isə ümumiyyətlə qeyri-demokratik, tamamilə avtoritardır. 2023-cü ilin mart ayında keçirilən 2-ci “Demokratiya sammiti”ndə də bu prinsiplər dəyişməyib. Beynəlxalq analitik mərkəzlər 2021-ci ildə “Demokratiya sammitinə” dəvət almış üç qeyri-demokratik ölkənin adını çəkirdilərsə (Anqola, Konqo, Zambiya), 2023-cü il sammitində bu sayı səkkizə qaldırıblar, Ekvador, Malavi, Tanzaniya və digərlərini də siyahıya əlavə ediblər.

“Demokratiya sammiti”ndə diqqəti çəkən ziddiyyətlərdən biri də Ermənistanın burada iştirakıdır. Ermənistan konfrontasiyada olan mövcud qlobal cəbhələrin hər biri ilə xoş münasibətdədir. Rusiyanın dostu və strateji hərbi tərəfdaşıdır. Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına texniki dəstək verir. Paralel şəkildə həm də “Ukraynanı Rusiyadan qorumaq istəyən” ABŞ-nin keçirdiyi tədbirlərdə yuxarı başda oturur.

Nüvə ambisiyalarına görə Qərbin qəzəbinə tuş gələn İran da Ermənistanla sıx təmasdadır. Strateji tərəfdaşlıq edirlər. Ukraynada mülki əhalinin öldürülməsində iştirak edən İran dronlarının Rus hərbi birləşmələrinə çatdırılmasında Ermənistan texniki və logistik vasitəçilik edir. Amma qatil dronlarını Ukraynaya göndərən İrana qəzəblənmiş Qərb Ermənistana himayədarlıq edir və s. Beynəlxalq hüququ pozaraq işğal siyasəti aparan, qonşusunun torpaqlarını 30 il müddətində işğalda saxlayan Ermənistan Azərbaycandan “müdafiə olunmaq üçün” Qərbdən dəstək alır.

Bütün bunlar azmış kimi, dünən bəlli olub ki, Ermənistan “Demokratiya Sammiti”nin yekun Bəyannaməsində Ukrayna ilə bağlı bəndi imzalamaqdan imtina edib. Ukraynaya qarşı Rusiyanın təcavüzünü əks etdirən sənədə imza atmayan Ermənistanın baş naziri, həm də bir fırıldaqçı gedişi elədi. Bildirdi ki, ölkəsi bu deklarasiyaya bir sıra şərtlərlə dəstək verə bilər.

Bütün bu təzadları nəzərə alaraq, ABŞ-nin analitik mərkəzlərinin özləri də yazırlar ki, “Demokratiya sammiti” adı altında keçirilən tədbir bir məzhəkədir. ”Karnegi Fondu”nun açıqlamalarında, ”Varieties of Democracy” (V-Dem) hesabatında (https://www.v-dem.net/files/25/DR%202021.pdf) və digər sənədlərdə “Demokratiya sammiti”nin məzhəkə olması faktı konkret sübutlarla isbata yetirilir.

Analitik mərkəzlər “Demokratiya sammiti” və “korrupsiya ilə mübarizə strategiyası”nı ABŞ-nin qlobal müstəvidə öz maraqlarını təmin etmək üçün istifadə etdiyi alətlərin yenilənmiş versiyası kimi dəyərləndirirlər. İndi bu alətlər modernləşdirilir, yeni çalarlarla zənginləşdirilir.

“Demokratiya doktrinası” adlandırılan “İnqilab konsepsiyası”

ABŞ-nin yenilənmiş “Demokratiya doktrinası” və “antikorrupsiya strategiyası”nda USAID, jurnalistlər və QHT-lər üçün yeni imkanlar yaradılır. “Korrupsiyaya qarşı mübarizə”də fəallıq göstərənlər, demokratik inkişaf yolunda çalışanlar üçün “Çempionlar Mükafatı”nın təsis edilməsinə qərar verilib.

“Birləşmiş Ştatlar “islahatlara meyilli olan” hökumətlərə və qeyri-hökumət təşkilatlarına dəstəyini artıracaq”, – deyə vurğulanan sənəddə əlavə olunur ki, “Korrupsiya ilə mübarizə aparmaq, demokratik inkişafa töhfə vermək üçün araşdırmaçı jurnalistlərə, hüquq müdafiəçilərinə istinad ediləcək”.

Strategiyadan belə nəticə çıxır ki, ABŞ Ədliyyə Departamenti USAID vasitəsilə xarici ölkələrə nəzarəti gücləndirmək niyyətindədir. Bu işin bir hissəsi kimi, xarici yardım agentlərindən, jurnalistlər və vətəndaş cəmiyyəti təşkilatlarından maksimum yararlanmağı hədəfləyir.

USAID “Qlobal Hesabatlılıq Proqramı” vasitəsilə müxtəlif ölkələrdə ABŞ tərəfdarlarını bir araya gətirməyə yönəlmiş layihələrin icrasına başlayıb. Bu layihələrə tərəfdaş agentlər, QHT və KİV, “araşdırmaçı jurnalistlər” cəlb edilirlər. Həmçinin, “ABŞ agentləri”nin qorunması, müdafiə edilməsi üçün hüquqi baza hazırlanıb. “Antikorrupsiya strategiyası”nda açıq mətnlə vurğulanır ki, ABŞ öz agentlərini qoruyacaq: “Biz antikorrupsiya subyektlərini (Strateji Məqsəd 5.2) qoruyacağıq, araşdırmaçı jurnalistlərin ifadə azadlığını müdafiə edəcəyik”.

USAID həmçinin, “araşdırmaçı jurnalistləri” diffamasiya iddiaları halında qorumaq üçün “məsuliyyət sığortası mexanizminin yaradılması” üzərində işləyir. Bu ehtiyacları ödəmək üçün ABŞ yeni cavabdeh fond təqdim edir. USAID-in “Korrupsiyaya Qarşı Mübarizə Fondu” KİV və QHT-lərə, araşdırmaçı agentlərə yardım göstərir. Hökumət və Ədliyyə Departamenti tərəfindən birgə idarə olunan Fond “araşdırmaçı jurnalistlər”in, “vətəndaş cəmiyyəti təmsilçiləri”nin şəbəkələrinə dəstəyi artırır.

Bəllidir ki, indiyədək “araşdırmaçı jurnalistlər”, “vətəndaş cəmiyyəti fəalları” adından ayrı-ayrı dövlətlərə qarşı “korrupsiya” ittihamları irəli sürülüb. Bu fəaliyyətlərin “jurnalist araşdırması” olmadığı, konkret ölkələr və güc mərkəzləri tərəfindən yönləndirildiyi, rəqib ölkələri gözdən salmaq üçün quraşdırılmış oyun olduğu barədə ehtimallar həmişə səsləndirilib. Co Baydenin “Korrupsiyaya qarşı mübarizə strategiyası”nda qeyd edilən fəaliyyət planı bütün bu ehtimalların reallığa söykəndiyini üzə çıxardı.

1-ci sammit günlərində 110 ölkənin hüquq-müdafiə fəalları, vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüşlər keçirildi. Bayden strateji hədəflərə çatmaq üçün 424 milyon dollar məbləğində ilkin vəsait ayrılması təşəbbüsü ilə çıxış etdi. Bu vəsait “vətəndaş cəmiyyəti təsisatları ilə ABŞ-nin tərəfdaşlığının qurulub inkişaf etdirilməsi” yönündə yeni mexanizmlərin yaradılmasına xərcləndi.

Yenilənmiş metodologiya…

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer 2022-ci ilin iyun ayında ABŞ administrasiyasının təmsilçisi qismində “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlayıb. Bildirib ki, yenilənmiş “Demokratiya doktrinası” imkan yaradır ki, ABŞ “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırsın, yerli təşəbbüsləri dəstəkləsin. “Demokratiyanın işartıları” deyəndə nəyin nəzərdə tutulması da maraqlı nüansdır. Samanta Pauer bu mənada dörd fərqli istiqamətə toxunub. Onun açıqlamalarından çıxan nəticə budur ki, “demokratik işartılar” konsepsiyası dörd mühüm əlamətlə müəyyənləşdirilir. Buraya “demokratik üsyanlar”, “perspektivli avtokratik varislər”, “bloklanmış hakimiyyətin ələ keçirilməsi” və “həlledici seçkilər” daxildir.

Samanta Pauer

Diqqətçəkən məqam odur ki, bu “konsepsiya”da “vətəndaş cəmiyyəti”nə hakimiyyətdə olan lideri səlahiyyətdən kənarlaşdırmaq hüququ tanınır.

“Səfərbər olunmuş cəmiyyət səlahiyyət müddəti bitməsə belə, qeyri-demokratik lideri hakimiyyətdən kənarlaşdırmaq üçün hüquqlara malikdir və bu, demokratiyaya zidd deyil”, – deyə açıqlamada qeyd edilir.

Co Bayden administrasiyasına görə, belə yanaşma “demokratiyadan kasad ölkələr”də uğur qazanma ehtimalını artıracaq.

Diqqət yetirsək, görərik ki, Samanta Pauer tərəfindən elan edilmiş bu proqram, əslində, ABŞ-nin yeni “məxməri inqilablar” strategiyası kimi də xarakterizə oluna bilər. “Demokratiya sammiti” öncəsi verilən bu açıqlamalar ABŞ-nin digər ölkələrdə yeni inqilablar və hakimiyyət dəyişikliyi strategiyasının anons edilməsi təəssüratını yaradır. Görünən odur ki, Vaşinqton digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi və amerikayönümlü hakimiyyətlərin qurulması üçün yeni strategiya reallaşdırmağa başlayıb.

Yeni strategiyanın Samanta Pauerin dilindən açıqlanması da təsadüfi deyil. Həmişəki kimi, burada da USAID ön sıradadır. Qeyd etmək lazımdır ki, Samanta Pauerin bu sahədə öz ölkəsində artıq testdən keçirilmiş bir resepti var. Diqqətli izləyicilər, yəqin ki, Trampın seçki kampaniyasını, onun inauqurasiyasını, seçkidə Rusiya izi haqqında qalmaqalları xatırlayırlar.

Hələ Obama administrasiyasında ABŞ-nin BMT-dəki xüsusi nümayəndəsi qismində çalışmış Samanta Pauer bu vəzifədə olduğu axırıncı ilin hər gününü ancaq ABŞ vətəndaşlarını “ifşa etməklə” məşğul olub. Konqresin Trampın ətrafındakı şəxslərlə bağlı qalmaqalı araşdırmaları qəribə tərzdə Samanta Pauerin üzərində cəmlənir. Samanta Pauer rəqib hesab ediləcək hər bir şəxs barədə “kəşfiyyat məlumatları” uyduraraq, həmin məlumatları mediaya ötürməklə məşhurlaşıb. Xüsusi prokurorun araşdırması ilə bu maxinasiyalar üzə çıxarkən Pauer bildirir ki, “məktublar onun adından imzalansa da, məktubların mətnini o yazmırmış, idarəsindəki naməlum şəxslər yazırmışlar. Belə qalmaqallı şəxs indi bütün dünyaya ABŞ demokratiyasının baş ideoloqu kimi təqdim edilir.

Yenilənmiş strategiyada diqqətçəkən məqamlardan biri də budur ki, qarşıdakı mərhələdə ABŞ inqilabları yalnız öz fondları vasitəsilə maliyyələşdirməyəcək. Ölkələrin daxilindəki oyunçulardan, məsələn, mövcud hakimiyyətdə olan və ya eks-məmurlardan maliyyənin qəbul edilməsi də məqbul sayılır.

Burada, həmçinin, demokratik açılımlara gedən ölkələrdə daxili siyasi qrupların islahatlardan bir-birinin mövqeyini zəiflətmək üçün alət qismində istifadə etməsindən faydalanmaq mexanizmi nəzərdə tutulur. ABŞ islahatlar prosesində bir qrupun geri çəkildiyi mövqelərdə digər qrupun möhkəmlənməsinə, demokratik açılım üçün nəzərdə tutulan imkanlardan bir qrupun digər qrupları gözdən salmaq üçün istifadə etməsinə dəstək verəcək.

Əslində, ABŞ bu metodu əvvəllər də tətbiq edib. Hakimiyyətdaxili qruplarla iş təcrübədən çıxarılıb. Viktoriya Nulandın Ukraynada gerçəkləşdirdiyi proses buna əyani sübutdur.

Viktoriya Nuland Corc Buşun prezidentliyi dövründə vitse-prezident Dik Çeyninin xarici siyasət üzrə müşaviri kimi çalışıb. Obama administrasiyası tərkibində Hillari Klinton Liviyaya və Suriyaya müdaxiləni təbliğ edərkən Nuland Dövlət Departamentinin sözçüsü olub. O, həmçinin, ABŞ Xarici İşlər Nazirliyində yüksək rütbələrdən sayılan “karyera səfiri” olub. Nuland NATO-dakı daimi nümayəndə kimi çalışarkən hərbi alyansın Əfqanıstan və İraqa müdaxiləsini təbliğ edib. Prezident Bayden onu Antoni Blinkenin komandasında dövlət katibinin siyasi məsələlər üzrə müavini vəzifəsinə təyin edib.

Viktoriya Nulandın tərcümeyi-halında ən qaranlıq səhifə 2014-cü ildə Ukraynada dövlət çevrilişində iştirakı zamanı yaranıb. Həmin vaxt Nuland dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi olub. “Maydan” etirazlarının sonunda üsyançıların qanuni seçilmiş prezident üzərində qələbə çalacağının işartıları görünəndə Nuland ABŞ-nin Kiyevdəki səfiri Cefri Pyattla qapalı planı müzakirə etmişdi. Onun səfirlə qapalı söhbəti izlənilib dərc olunmuşdu.

Səs yazısından bəlli olurdu ki, Viktoriya Nuland Ukraynanın qanuni hökumətinə qarşı iğtişaşların təşkilində iştirak edir. Üstəlik, müxalifət liderlərinin potensialını müzakirə edir, onlardan hansının gələcək Ukrayna hökumətinə daxil edilə biləcəyini müəyyənləşdirməyə çalışır. Baş nazir postuna Arseni Yatsenyukun gətirilməsində təkid edir. Məsələ ondadır ki, Yatsenyukun baş nazirliyi dönəmi Ukraynada korrupsiyanın tuğyan etdiyi zaman kimi tarixə düşüb. Ukraynanın Mərkəzi Bankı genişmiqyaslı oğurluq sistemi kimi tanınıb.

Viktoriya Nuland

İndi bəlli olur ki, Ukraynada korrupsiyalaşmış bir rejimin yaranmasında ABŞ hakimiyyətinin marağı olub. Viktoriya Nulandın vasitəsilə bu rejimin formalaşdırılmasına dəstək göstərilib. Bu gün həmin siyasət bir qədər “modernləşdirilərək” Samanta Pauerin şəxsində həyata keçirilir.

Samanta Pauer Viktoriya Nulandın eynisi deyil, fərqli xüsusiyyətlərə malikdir. Fərqliliklərindən biri də qatı ermənipərəst olmasındadır. Qızının adını “erməni genosidi”nin şərəfinə adlandırıb. Ruben Vardanyanla yaxın dostluq münasibətindədir. Onun tədbirlərində çıxış edir.

Samanta Pauerin müəllifi olduğu konsepsiyanı işləyib-hazırlayan mərkəzin rəhbəri də ermənidir (file:///C:/Users/User/Downloads/Carothers_Feldman_BrightSpots%20(1).pdf). Samanta iddia edir ki, guya Türkiyə “genosid”in tanınmaması üçün ABŞ-yə təzyiq edirmiş. Əslində, ABŞ-nin Azərbaycana yanaşmasında ortaya çıxan bəzi ziddiyyətli məqamların, Azərbaycanın, Türkiyənin, Macarıstanın “Demokratiya sammiti”nə dəvət edilməmələrinin bir səbəbi də bu məqamla bağlıdır.

USAID Azərbaycanda milyonlarla dollar məbləğində layihələr həyata keçirib. İndi isə yeni proqram əsasında fəaliyyətini davam etdirmək niyyətindədir. Onun layihələrinin bəziləri Avropa İttifaqı xətti ilə icra olunan layihələrlə sinxronluq təşkil edir. Aİ xətti ilə həyata keçirilən layihələrdən biri də “Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılmasıdır”. Avropa İttifaqının “Stabillik və Sülhə Yardım” (IcSP) aləti tərəfindən maliyyələşdirilən “Bacarıqların Artırılması və Vətəndaşların İştirakı ilə Sülh Quruculuğu: Mərhələ- 2” (PeaCE-2) proqramı çərçivəsində keçirilən “Yeniyetmələr üçün rəqəmsal kommunikasiya” layihəsi təlimlərinə qəbul elan edilib. Layihənin rəsmi məqsədi 13-18 yaş arası yeniyetmələrin media savadlılığının artırılmasıdır, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsidir. Diqqət yetirdikdə isə uşaqların mobilizasiyası cəhdləri, gələcəkdə xüsusi maraqları çərçivəsində tərbiyə edilmələri istəyi aydın görünür. Təlimlərin məxsusi olaraq Qarabağətrafı rayonların gəncləri üçün nəzərdə tutulması isə layihə müəlliflərinin əsas məramını daha da aydın edir.

II Qarabağ savaşının gedişində Gəncənin, Bərdənin mülki əhalisi raket atəşinə tutulanda nə USAID-dən səs çıxdı, nə də Qərbdən bir dəstək gəldi. Qərbin indiki məqamda Qarabağətrafı rayonlarda “13-18 yaş arası yeniyetmələri təlimatlandırmasında” məqsədi nədir?

Azərbaycan gənclər və yeniyetmələr siyasətində ciddi addımlar atmalıdır. USAID başda olmaqla bir sıra təşkilatların fəaliyyəti, həyata keçirdikləri layihələr yenidən nəzərdən keçirilməli və diqqətlə izlənməlidir.

Report İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir