İlham Əliyev: “Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır”

Siyasət

Son illərdə Azərbaycan və Türkmənistan arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə videokonfrans formatında keçirilən görüşdəki çıxışında bildirib.

Dövlətimizin başçısı deyib: “Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq”.

Azərbaycan Prezidenti çıxışında ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunaraq qeyd edib ki, beynəlxalq strukturlarda da bir-birini fəal dəstəkləyir.

“Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Sədrlik çərçivəsində bizim təşəbbüsləri, xüsusən Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi təşəbbüslərini dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Belə qarşılıqlı dəstək bizim münasibətlərimizin ruhunu və xarakterini əks etdirir. Əminəm ki, biz milli maraqlarımızın təmin edilməsi üçün gələcəkdə də beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayacağıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir