Azərbaycanda səfərdə olan ABŞ-nin ticarət katibinin qlobal bazarlar üzrə köməkçisi və ABŞ Xarici Ticarət Xidmətlərinin baş direktoru Arun Venkataraman ABŞ-Azərbaycan Yaşıl Enerji Forumunda iştirak edib.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilib.
Bildirək ki, Forumda Azərbaycanın yaşıl enerji ekosisteminin inkişafında marağı olan 9 ABŞ şirkəti də qatılıb.
Venkataramanın sözlərinə görə, ABŞ sektoru Azərbaycana yaşıl enerji sahəsində müəyyən etdiyi hədəfləri əldə etməsi üçün dəstək verməyə hazırdır.
“Prezident Co Bayden iqlim dəyişikliyinin qarşısının alınması məqsədi ilə 2050-ci il üçün Birləşmiş Ştatlarda ətraf mühitə tullantıların səviyyəsini sıfıra çatdırmaq öhdəliyini öz üzərinə götürüb. Cari administrasiya iqlim dəyişikliyi probleminin ünvanlanması üçün bütün hökumət qurumları arasında əlaqələndirilmiş yanaşmanı tətbiq edir”, – deyə o bildirib.
Forumda ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Hüqo Qevara da çıxış edib. O bildirib:
“Bu forum bizim enerji sahəsində əməkdaşlığımızın gücləndirilməsi və yaşıl enerji sahəsində çalışan ABŞ və Azərbaycan şirkətlərinin arasında əlaqələrin yaradılmasının sayəsində ABŞ-Azərbaycan ikitərəfli iqtisadi münasibətlərinin artmasına vacib imkan yaradır”.
Qevera qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır.
“Enerji sahəsi həmişə bizim iqtisadi əməkdaşlığımızın vacib hissəsi olub və ABŞ Azərbaycanın enerji sahəsində etibarlı təchizatçı rolunu dəstəkləyir. Bu forum Azərbaycanın yaşıl enerji potensialının tam mənimsənilməsi üçün texniki və tənzimləyici innovasiyaların həyata keçirilməsinə yardım edəcək”, – deyə o əlavə edib.
Ticarət Departamentinin Avrasiya məsələləri üzrə baş müşaviri Hizer Bürns isə deyib:
“Forumun təşkilində məqsəd Azərbaycanın investorlarına ABŞ-nin texniki təchizatçılarının dəstəyi sayəsində ölkənin yaşıl enerji imkanlarını inkişaf etdirməkdir. Dünyada neft və qaz hasil edən ölkələr karbon qazı tullantılarının azaldılması üçün yaşıl enerji layihələrini həyata keçirir. Bizim yalnız bir planetimiz var və biz birgə işləyərək qlobal istiləşməni nəzarət altında saxlamalıyıq”.
www.RIA24.az