Türkiyəyə məxsus gəmiyə dəniz quldurlarının hücumu nəticəsində öldürülən Azərbaycan vətəndaşı, 1976-cı il təvəllüdlü Fərman İsmayılovun nəşi hazırda gəmi ilə Qabonun Port Jentil limanına yaxınlaşmaq üzrədir.
Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva dəniz quldurlarının hücumu nəticəsində Türkiyəyə məxsus gəmidə öldürülən Azərbaycan vətəndaşının nəşinin Vətənə gətirilməsi ilə bağlı sualı cavablandırarkən bildirib.
Türkiyə tərəfi ilə qarşılıqlı əlaqələndirmə əsasında nəşin vətənə gətirilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Belə ki, Türkiyənin Qabondakı Səfirliyinin vasitəçiliyi ilə cəsəd paytaxt şəhər Librevilə göndəriləcək. Daha sonra nəşin Türkiyə Hava Yollarının ilk uçuş reysi ilə, yəni 26 yanvar tarixində Türkiyə üzərindən Azərbaycana yola salınması planlaşdırılır.