Malayziyanın Kralı Əlahəzrət əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni Almarhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktub ünvanlayıb.
President.az-ın məlumatına görə, məktubda deyilir:
“Zati-aliləri, 1993-cü il aprelin 5-də Malayziya ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə Kraliça ilə birlikdə Sizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırırıq.
Son 30 il ərzində Malayziya ilə Azərbaycan arasında geniş əməkdaşlıq sahələrində qarşılıqlı hörmət və maraq doğuran məsələlərdə ortaq dəyərlər prinsipinə əsaslanan sıx səmimi münasibətlər mövcuddur.
Biz ürəkdən inanırıq ki, dövlətlərimiz arasında əməkdaşlıq gələcək illərdə də genişlənərək, ölkələrimizin və xalqlarımızın rifahı naminə ikitərəfli münasibətlərin yeni sahələrini əhatə edəcək.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və rifah, həmçinin xalqlarımıza davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq”.
Eyni zamanda dövlətimizin başçısı Malayziya Kralını təbrik edib.
Məktubda deyilir:
“Azərbaycan Respublikası ilə Malayziya arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, dost xalqınıza ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Biz Azərbaycan ilə Malayziya arasında dostluq münasibətlərinə böyük əhəmiyyət veririk. Ötən otuz illik dövr ərzində dövlətlərarası əlaqələrimizin inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. Ölkələrimizin beynəlxalq təsisatlar, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlığını vurğulamaq istərdim.
Bu gün ölkələrimiz arasında əlaqələrin daha da inkişafı üçün yaxşı imkanlar vardır. İnanıram ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə dostluq münasibətlərimizi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızı bundan sonra da dərinləşdirəcəyik.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
www.RIA24.az