İran parlamentinin saxta müsəlman təəssübkeşliyi: Xaşxaşiləri yada salan rejim – ŞƏRH + FOTO

Siyasət


İran hakimiyyətinin daha bacarıqlı siyasət yürütdüyü, “2500 illik dövlətçilik tarixi” və s. bu kimi təriflərin təhrifdən başqa bir nəsnə olmadığı sübuta yetir. Kirdən, Sasanilərdən üzü bəri davam edən mif də dağılır. Bu rejim XI əsrdə Həsən Sabbah tərəfindən indiki İran ərazisində yaranmış Həşişləri (Xaşxaşiləri) xatırladır.

İran parlamentinin 210-a yaxın deputatı aprelin 5-də Azərbaycanın İsraildə səfirliyinin açılmasını “pisləyən” “bəyanat” qəbul edib. Yeri gəlmişkən, Fələstinin “İslami-Cihad” terrorçu qruplaşması da məsələyə buna oxşar münasibət bildirmişdi. İranlı deputatlar ölkənin Xarici İşlər Nazirliyini bununla bağlı diplomatik tədbirlər görməyə çağırıblar. Onlar bunu “İslam dünyasının maraqlarına zidd” addım kimi təqdim ediblər. İran parlamentinin üzvləri ərəb və islam ölkələri hakimiyyətlərini, İslam Əməkdaşlıq Təşkilatını Azərbaycanın bu addımını pisləməyə çağırıblar. Deputatlar “Azərbaycan hökumətinin bu addımının bir çox mənfi siyasi nəticələrə səbəb olacağını” da vurğulayıblar. Səfirliyin açılmasını pisləmək üçün başqa əsas tapa bilməyən 210 deputat Fələstin məsələsindən yararlanmağa çalışıb. Onlar İrandakı rejimi fələstinlilərin təəssübkeşi kimi göstərməyə çalışıblar. Parlamentarilər İran XİN-ə bütün islam ölkələrinə müraciət ünvanlamağı təklif ediblər.

İran parlamenti hakimiyyətdə elə bir nüfuz sahibi deyil. Ölkədə hakimi-mütləq ali rəhbərlik və onun başçısı ayətullah Seyid Əli Xameneidir. Bu baxımdan deputatların bu məntiqsiz bəyanatına dair tapşırığın ali rəhbərlikdən gəldiyi istisna deyil. Bununla belə, deputatların iddiası çürük və əsassızdır. Onlar Azərbaycanın İsraillə əlaqələr qurmasının bütün ərəb və müsəlman dövlətlərinə çatdırılmasını istəyirlər. Halbuki son illər Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Tunis, Mərakeş və s. İsraillə pozulan münasibətlərin qurulması istiqamətində çox mühüm addımlar atıblar.

Bu günlərdə Səudiyyə Ərəbistanının ABŞ-dəki keçmiş səfiri, şahzadə Turki bin Faysal əl-Səud deyib ki, Krallığın İsraillə münasibətləri normallaşdırması üçün şərt Ərəb Sülh Təşəbbüsünə əməl etməkdir. 2002-ci il martın 28-də qəbul edilən bu təşəbbüs, əsasən, İsraillə hərtərəfli sülhə nail olmaq və ərəb-İsrail münaqişəsinə bir sıra şərtlərlə son qoymaq məqsədi daşıyır. 2019-cu ilin sentyabrında İsrail ilk dəfə olaraq Səudiyyə Ərəbistanını 1932-ci ildə Necid və Hicaz bölgələrinin vahid dövlətdə birləşdirilməsi şərəfinə milli bayram münasibətilə təbrik edib. Krallığın vəliəhdi Məhəmməd ibn Salmanın İsraillə münasibətləri normallaşdırmaq istiqamətində fəaliyyət göstərdiyi də məlumdur.

İranla Səudiyyə Ərəbistanı arasında münasibətlər 44 ildir pozulub. Bunun da çoxsaylı səbəbdən günahkarı Tehran rejimidir. Məsələn, 1987-ci il iyulun 31-də Məkkədə həcc ziyarəti zamanı iranlı zəvvarlarla Səudiyyə Ərəbistanı polisi arasında toqquşma baş vermiş, nəticədə 402 nəfər həlak olmuş, yüzlərlə insan yaralanmışdı. Hadisədən sonra tərəflər son dərəcə sərt bəyanatlar verdilər və 1988-ci ildə Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdi. İndi isə İran Prezidenti İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfərə hazırlaşır. Ötən gün Pekində İran və Krallığın xarici işlər nazirləri arasında görüş olub. Tərəflər səfirliklərin açılması barədə razılığa gəliblər.İranla Bəhreyn arasında münasibətlərin bərpası istiqamətində danışıqlar gedir. Ölkənin deputatlardan ibarət nümayəndə heyəti bu yaxınlarda Manamada səfərdə olub. İki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Təxminən bir il əvvəl İsraillə Bəhreyn arasında hərbi müqavilə imzalanıb. Məlumata görə, sənəddə iki ölkə arasında kəşfiyyat, hərbi və sənaye sahələrində əməkdaşlığın inkişafı nəzərdə tutulur.

Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında da münasibətlər qurulub, inkişaf edir. Əmirlik İranda diplomatik missiya da açır. Misirlə İordaniyanın İsraillə diplomatik əlaqələri isə davam edir.

Ərəb dünyası İsraillə münasibətləri genişləndirir. Belə bir halda “210 deputat” Azərbaycandan İsraildə diplomatik missiyasını açdığı üçün onlara şikayət edir.

Azərbaycan və ərəb dövlətləri regionda əməkdaşlığa üstünlük verirlər. Rəsmi Bakı Fələstini tanıması və orada diplomatik nümayəndəlik açmaqla bunu təsdiqləyir.

İran hakimiyyəti isə müsəlman Azərbaycan torpaqlarının təəssübünü heç vaxt çəkməyib. Əksinə, bir qayda olaraq, işğalçının tərəfində durub, ona yardım edib. Elə bu rejimin deputatları da Ermənistanın Azərbaycana qarşı işğalçılığını heç vaxt tənqid edən sənəd qəbul etməyiblər. Habelə işğal dövründə Ermənistan Azərbaycan torpaqlarındakı məscidləri və bir çox tarixi dini abidələri dağıdıb. Rejim və deputatları nə onda, nə də indi müsəlman torpaqlarında ermənilərin törətdikləri vəhşiliklərə münasibət bildiriblər.Onların bu məsələdə İslam Əməkdaşlıq Təşkilatının adını hallandırması və ona müraciət etməsi çox gülünc görünür. Çünki Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı təşkilatın qəbul etdiyi qətnamələrin və başqa sənədlərin tələblərinə Tehran rejimi heç vaxt əməl etməyib. Əksinə, işğalçı Ermənistana yardımlar edib və edir. Bu qurumun islam həmrəyliyindən danışması isə ikiüzlülüyün zirvəsidir. Çünki İran rejimi Azərbaycan ərazilərinin işğal olunmasında ermənilərdən az rol oynamayıb.

İƏT-in üzvləri Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Özbəkistan Ermənistanla diplomatik münasibət qurmayıb və ya bərpa etməyiblər. O biri ərəb dövlətləri Azərbaycanın, müsəlman dövlətin ərazi bütövlüyü pozulduğuna görə Ermənistanla münasibətlərə fasilə verib. Tehran rejimi isə torpaqların işğalda qalması üçün ermənilərə maddi, hərbi, siyasi və təbliğat baxımından yardım edib, dəstək verib. İran İslam Respublikası yarandığı gündən müsəlman dövlətləri ərazisində terrorlar törədib. Səudiyyə Ərəbistanı və Azərbaycanın səfirlikləri və diplomatik missiyalarına terror hücumları təşkil edib. Bu rejim ərəb dövlətlərində, Azərbaycan ərazisində terrorçu qruplar saxlayır, bu cinayəti dəstəkləyir.

Bu Tehran rejimidir, müsəlmançılığı əlində saxtakarcasına bayraq edən, ərəb və türk dünyasına düşmənçiliyini gizlədə bilməyən “İslam Respublikası”. Onun parlamentindən də belə məntiqsiz, terrorçusayaq bəyanat gözləniləndir, lap elə “axsaq atın kor nalbəndi” kimi….

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir