Azərbaycanda “Kərimə” dövləti yaratmaq istəyən İranın casus şəbəkəsinin ifşası, bundan öncə molla rejiminə xidmət edən onlarla şəxsin saxlanılması, millət vəkili Fazil Mustafaya sui-qəsd cəhdinin edilməsi, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqının təşkili molla rejiminin ölkəmizə qarşı münasibətinin son aylarda yalnız görünən nümunələridir.
Bu münasibət birdən-birə, yəni bir anda peyda olmayıb və Azərbaycanın İsraillə iqtisadi, siyasi münasibətlərinin yaratdığı bir əks-effekt deyil. Mollalar Azərbaycan müstəqilliyini hələ tam bərpa etmədiyi, Qarabağda erməni separatçıları baş qaldırdığı vaxtlardan öz mövqelərini ortaya qoyublar. Onlar Azərbaycanın düşmənini dost görüblər və o vaxtdan keçən 35 il ərzində Tehran rejiminin ölkəmizə qarşı olan kini, nifrəti, İranda yaşayan 40 milyon azərbaycanlının sıxışdırılması və incidilməsi artan xətt üzrə inkişaf edib.
Bir neçə il əvvəl baş verən Nardaran hadisələri göstərib ki, İran Azərbaycanın inkişafına rahat yanaşmayacaq. Azərbaycana yatırılan milyardlarla dollar investisiya, bütün sahələri əhatə edən sürətli inkişaf, müasir texnologiyaların ölkəmizə axını, dünya səhnəsində ölkənin mövqeyinin güclənməsi və bir çox uğurlarımızın molla rejiminin kürkünə birə salacağı gözlənilən idi.
“Kərimə” dövləti, xilafət və bu kimi rejimlər qurmaq istəyənləri də görmüşük, onların hazırda na durumda olduqlarını da görürük.
Mollalar Azərbaycana qarşı olan münasibətini yalnız bir səbəblə izah etməyə çalışırlar. Əslində isə bu heç səbəb də deyil, bəhanədir. Guya ölkəmiz Fələstin xalqına zülm edən İsrailə normal münasibət sərgiləməklə kiməsə xəyanət edir. Birincisi, Fələstinin Azərbaycanda daimi nümayəndəliyi hələ 90-cı illərin əvvəlindən mövcuddur. İkincisi, Azərbaycan beynəlxalq müstəvidə daim Fələstin xalqının maraqlarına cavab verən mövqedən çıxış edib. Üçüncüsü, Fələstin xalqı üçün keçirilən bütün donor konfranslarında ölkəmiz ən başda oturub. Belə olmasaydı, Azərbaycan Ərəb Dövlətləri Liqasının toplantılarında ən hörmətli qonaqlardan olmazdı.
Elə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İsraildə səfirliyimizin açılışında iştirak etməsindən sonra Fələstinə səfər edərək, burada Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasla görüşü, ölkəmizin burada təmsilçilik ofisinin təsis edilməsi, Prezident İlham Əliyevin tapşırığı ilə Fələstində məktəbin tikilməsi, Bakının Qəzzaya olan münasibətini açıq aydın göstərir.
Molla rejiminin Azərbaycana qarşı münasibətini Bakının İsaildə səfirlik açması ilə pərdələməsi bu rejimin öz terrorçu xislətini dinlə pərdələməsi ilə eynidir.
Molla rejiminin Azərbaycandakı casus şəbəkəsi yerli-dibli alaq edilib, zindana atılacaq. Bunda heç kimin şübhəsi olmasın. İstəyir Azərbaycan əlehinə işləyən Azərbaycan vətəndaşı olsun, istəyir İran. Necə ki bu gün İran İslam Respublikasının 4 əməkdaşı arzuolunmaz şəxs elan olunaraq ölkədən çıxmasına 48 saat vaxt verilib. Diplomatik toxunulmazlığı olan şəxs üçün bu mümkün olan ən sərt tədbirdir. Bunu da rəsmi Bakı etdi. Çünki mövzu Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyidirsə, heç kimə güzəşt olunmayacaq.
İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz olaraq, bəyanat qəbul etməsi isə, ümumiyyətlə, gülüş doğurur. Çünki bir ölkənin digər ölkədə diplomatik nümayəndəlik açmasına üçüncü ölkənin reaksiya verməsi, ələləxsus da mənfi və təhdid dolu reaksiya verməsi, daha çox ciddi psixoloji problmləri olan ruhi xəstənin hərəkətini xatırladır. Azərbaycan İsraildə səfirlik açıb, yaxşı edib. Sizə nə? Bəlkə İran İsraillə müharibə şəraitindədir? Lap olsa belə, məgər İranın İrəvanda səfirliyi yoxdur? Yoxsa bu yaxınlarda Qafanda tövləni xatırladan konsulluğu İran açmayıb?
Mollaların çalmanı öz xəstə təfəkkürlü başlarından götürüb, qabaqlarına qoymasından artıq keçib. Onlar bu çalmani açıb, elə onunla özlərini assalar yaxşıdır. İran vətəndaşları da normal nəfəs alar, elə qonşuları da.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
www.RIA24.az