“Əfqanıstanda azərbaycanlı-qızılbaşlar, əfşarlar da daxil olmaqla hamı çətinlik yaşayır” – MÜSAHİBƏ

Siyasət


“Əfqanıstanda “Taliban” hərəkatının hakimiyyətə gəldiyi il yarımdan artıq müddətdir ki, Kabilin qonşu dövlətlərlə münasibəti daha da gərginləşib. İran və Pakistan sərhədçiləri və hərbçiləri ilə onlarla atışma və hətta yerli döyüş əməliyyatları baş verib, Özbəkistan və Əfqanıstan sərhədində insan itkisi ilə nəticələnən insidentlər qeydə alınıb.

Dini azlıqların nümayəndələrinin hüquqları ilə bağlı vəziyyət ağır olaraq qalır və bunlar ilk növbədə şiələrdir. Milli azlıqlar – özbəklər, taciklər, həzaralar, azərbaycanlı-qızılbaşlar və əfşarlar və bir çox başqaları da bundan əziyyət çəkirlər”.

Müasir Əfqanıstanın Tədqiqat Mərkəzinin direktoru Ömər Nessar Əfqanıstanda baş verənlərdən Oxu.Az-a danışıb.

– Əfqanıstanın qonşu dövlətlərlə münasibətləri necədir? Hərbi toqquşmalarla bağlı məlumatlar çoxdur…

– Əslində Əfqanıstanla həmsərhəd olan qonşu dövlətlərin ümidləri puç oldu. Taliblərin gəlişi ilə Əfqanıstana sabitliyin gələcəyinə bəzi dövlətlərdə, xüsusən də Mərkəzi Asiyada əminlik var idi. Bu isə bir sıra iqtisadi layihələrin, o cümlədən Cənubi Asiyadan qazın, yüklərin və s. nəqli üzrə Trans-Əfqan layihələrini həyata keçirməyə imkan verəcək. Bu, Əfqanıstanı özünü təmin edə bilən dövlətə çevrilməsinə, regionun sabitləşməsinə töhfə verə bilər. Amma görürük ki, bu gözləntilər özünü doğrultmadı və vəziyyət daha da pisləşə bilər.

Regionun bütün ölkələri üçün çox vacib olan təhlükəsizlik sahəsinə gəlincə, burada da bütün hesablamalara görə, vəziyyət qeyri-müəyyəndir, gərginlik artır. Son il yarım ərzindəki dinamika göstərdi ki, hər şey pisləşməyə doğru gedir. Diqqət yetirək ki, Əfqanıstanda “Taliban” dövründə İŞİD qruplaşması üzvlərinin sayı artır, terror aktlarının sayı azalmır və s. “Taliban” hökuməti region ölkələri üçün çətin tərəfdaş oldu. Taliblər əvvəllər verdikləri vədlərin heç birini hələ yerinə yetirməyiblər.

– Qayıdaq hərbi toqquşmalara. İran və Əfqanıstan sərhədçiləri arasında atışmaların baş verdiyi barədə çoxlu məlumat var. Əfqanıstanla İran arasında münasibətlər nə dərəcədə gərgindir?

– Sərhəddə gərginliyin olması artıq bir tendensiyaya çevrilib. O, təkcə İranla sərhəddə deyil, həm də Pakistanla sərhəd xəttində mövcuddur. Eyni zamanda Pakistan istiqamətində daha çox insident yaşanır. Bunun səbəbi çoxdur. Birincisi, sərhədçilərin səriştəsizliyidir, onlar bəzən sərhədlərin əslində harada olduğunu başa düşmürlər. İkinci və daha mühüm səbəb isə miqrantlardır. İrana böyük qaçqın axını var, insanlar sərhədi qanunsuz keçirlər. Bütün bunlar toqquşmalara səbəb olur. İran təhlükəsizlik qüvvələri müdaxilə edirlər və daha çox emosional hərəkət edən “Taliban” da güc tətbiq edir.

– İranla bağlı işlərə şiə faktoru təsir etmir? Tehran dəfələrlə Əfqanıstanda şiələrin təqib edilməsindən narazı olduğunu bildirib. İran hakimiyyəti əfqan şiələrini İranda müxtəlif tədbirlərə dəvət edirdi və Kabil isə bundan narazı idi…

– Şiə faktoru taliblər arasında narazılığa səbəb ola bilər. Amma bunun konkret olaraq sərhəddəki gərginliklə heç bir əlaqəsi yoxdur.

Ümumiyyətlə, iranlılar, təbii ki, son 20 ildə əfqan cəmiyyətində fərqli münasibət və mövqeyə alışmış əfqan şiələrinin vəziyyətindən narazı olduqlarını gizlətmirlər. Yeri gəlmişkən, onlar o qədər də az deyillər – Əfqanıstan əhalisinin təxminən 25%-ni təşkil edirlər. Hesab edirəm ki, bu mövzu Tehranla Əfqanıstan arasında aparılan danışıqlarda fəal müzakirə olunur.

– Bugünkü Əfqanıstanda şiələrin təqibi nə dərəcədə ciddidir? Mən Əfqanıstan şiələrinə təzyiqlər barədə çoxlu nəşr görmüşəm. Yeri gəlmişkən, hətta ölkənin bəzi rayonlarında sünnilərlə şiələr arasında nikahların qadağan olunduğu barədə xəbər də var idi. Azərbaycan üçün bu, qəribə, hətta vəhşi səslənir, çünki bizdə şiələrlə sünnilər eyni məscidlərdə namaz qılırlar…

– Gəlin, taliblərin özlərini hansı mövqedə qoyduğunu xatırlayaq. Nəşrlərə nəzər yetirsəniz görərsiniz ki, “Taliban” çox vaxt “radikal dini sünni, puştun millətçi hərəkat” adlandırılır. Burada puştun millətçiliyi böyük rol oynayır.

Taliblər yaraqlılardan “bəhrələnirlər”. Uzun illər onlara nə uğrunda vuruşduqlarını deyirdilər. Bu hədəfi bir gecədə silmək olmaz. Yəni onların şiələrə qarşı siyasəti fundamental xarakter daşıyır. Amma hələ də sistemli təqib, şiələrə qarşı təqib yoxdur, hərçənd, görünür, bəzi rayonlarda bu baş verir.

Amma bir fakt var: Əfqanıstan hökumətində bir nəfər də olsun şiə yoxdur, baxmayaraq ki, əvvəllər onlar hökumətdə olublar, ciddi siyasi qərarların qəbulunda iştirak ediblər. “Taliban” açıq şəkildə bildirir ki, Nazirlər Kabinetində şiələr üçün yer yoxdur.

– Dediniz ki, “Taliban” nəinki sünni, həm də puştun hərəkatıdır. Taliblər milli azlıqlarla necə davranırlar?

– Təbii ki, milli azlıqlara təzyiqlər var. Talibanın puştun millətçi hərəkatı olması faktoru işə düşür. Təbii ki, ən çox özbəklər və taciklər əziyyət çəkirlər. Yəni Əfqanıstana bitişik ölkələrdə yaşayan xalqlar da. Amma ümumiyyətlə, heç kim üçün asan deyil, eləcə də azərbaycanlı-qızılbaşlar və əfşarlar üçün də.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir