Deputat: “Azərbaycanın nəqliyyat və logistika infrastrukturu yeni bir marşrut dəhlizi yaratmağa imkan verir”

Siyasət


Bu gün Tacikistanla Azərbaycan arasında illik ticarət dövriyyəsi cəmi 6,5 milyon manat təşkil edir.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva Mərkəzi Asiya regionunda yerləşən dörd türkdilli dövlətlərlə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli sıx iqtisadi-siyasi əlaqələri şərh edərkən deyib.

Deputatın sözlərinə görə, bu regionda yerləşən dövlətlər Azərbaycanla münasibətləri yüksək səviyyəyə çatdırmağa böyük maraq göstərir:

“Mərkəzi Asiyada yerləşən Tacikistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin əsası ötən əsrin 90-cı illərinin əvvəlində qoyulub. Ulu öndər Heydər Əliyev və Tacikistanın hazırkı Prezidenti Emoməli Rəhmonun bu əlaqələrin inkişafına və ölkələr arasında dostluq münasibətlərinin qurulmasına böyük töhfə verib. Prezident İlham Əliyevin də Tacikistana səfərləri münasibətləri daha da yaxınlaşdırıb. Səfər zamanı iki dövlət arasında həyatın bir çox sahələrini əhatə edən sənədlər imzalanıb”.

Deputat onu da qeyd edib ki, bu gün Tacikistanla Azərbaycan arasında illik ticarət dövriyyəsi cəmi 6,5 milyon manat təşkil edir:

“Azərbaycanın böyük dövlət və özəl şirkətləri Tacikistana investisiya qoymağa hazırdır. 

Hər iki dövlət arasında imzalanmış sənədlər imkan verir ki, ticarət dövriyyəsinin həcmi dəfələrlə artsın. 

Eləcə də Tacikistan Çindən Avropaya gedən İpək yolu üzərində yerləşən bir ölkədir. Bu gün bir çox dövlətlərin İpək yolunun açılmasına maraq göstərməsi Tacikistanın da inkişafına böyük təsir göstərəcək. Eyni zamanda Azərbaycan Şərq-Qərb, Şimal-Cənub marşrut qovşağında yerləşir. Azərbaycanın ölkə daxilində yaratmış olduğu nəqliyyat və logistika infrastrukturu imkan verir ki, Avropa ilə Asiyanı birləşdirən, Azərbaycan və Tacikistandan da keçməklə yeni bir marşrut dəhlizi yaransın”. 

Könül Cəfərli

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir