“Azərbaycanla sülhdən imtina Ermənistanı tərəqqidən “xilas etmək” üçün gözəl vasitədir” – Rusiyadan MÜSAHİBƏ

Siyasət


Geridə qalan həftə müxtəlif hadisələrlə zəngin oldu. Bu hadisələrdən biri də Azərbaycanın təcili yardım maşınlarının Xankəndidə peyda olması idi. Bundan sonra Rusiya sülhməramlı kontingentinin (RSK) müvəqqəti məsuliyyət zonasındakı separatçılar bu ərazidən çıxışı məhdudlaşdırmaq qərarına gəldilər. Eyni zamanda da Qarabağın erməni əhalisi arasında sorğuların keçirilməsinə də qadağa qoydular.

Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti, politoloq Aleksey Naumov Oxu.Az-a müsahibəsində azərbaycanlı həkimlərin Xankəndinə gəlişini önəmli hadisə kimi qiymətləndirib.

– Bu, əlamətdar və olduqca simvolik addımdır. Bu, separatizmin, sülh sazişini rədd etmək cəhdlərinin süquta, sivil inkişafdan geri qalmağa, tənəzzülə apardığının sübutudur. Azərbaycanın yolu isə həyat verən yoldur. Və aydındır ki, Qarabağın erməni əhalisi üçün ən yaxşı status Azərbaycan Respublikası vətəndaşı statusudur.

Bu arada Ermənistanda Azərbaycanla sülh sazişinə qarşı mitinqlərin keçiriləcəyi elan olunub. Hər halda, bu barədə Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatı İşxan Saqatelyan bildirib. Siz bu barədə nə düşünürsünüz?

– Düşünürəm ki, Azərbaycanla sülh sazişinə qarşı mitinqlər Ermənistanı tərəqqidən, yaxşı gələcəkdən “xilas etmək”, uşaqlarını sakit həyatdan “qorumaq” üçün gözəl vasitədir.

İndi Ermənistan hakimiyyətinin qarşısında duran məsələ hər hansı başqa alternativ olmadığını göstərməkdir. Və bu halda İrəvanın hazırda edə biləcəyi yeganə şey Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmək, Türkiyə və Azərbaycanla əlaqələri yoluna qoymaqdır. Bu isə həqiqətən də belədir, çünki nə diplomatik, nə də hərbi sahədə bu məsələnin başqa həlli yolu yoxdur.

Təbii ki, müxalifət etiraz aksiyalarından Paşinyanla mübarizə və daxili siyasi məqsədləri üçün istifadə edir. Amma bununla da Ermənistanı pis vəziyyətdə qoyur. Belə ki, bu halda Ermənistanı beynəlxalq münasibətlər baxımından etibarsız, qonşuları ilə qarşılıqlı səmərə və hörmətə əsaslanan münasibət qura bilməyən, məsuliyyətsiz ölkə kimi təqdim etmiş olurlar.

Lakin Paşinyan qonşularla sülhdən başqa yolun olmadığını sərgiləməlidir. Mən dəfələrlə demişəm ki, bütün erməni siyasətçiləri arasında Nikol Paşinyanı barışıq məsələsində ən adekvat biri kimi görürəm. Eyni zamanda Nikol Paşinyana qarşı çox sayda şikayətlər fonunda bu gün o, az qala adekvatlıq simvolu kimi görünür. Və bu da Ermənistan üçün mənfi hal kimi qiymətləndirilməlidir. Lakin digərləri ilə müqayisə etdikdə reallıq budur. Ümid etmək qalır ki, o, Ermənistanı qaçılmaz olan kompromis yoluna aparacaq. Çünki ölkə üçün başqa yol sadəcə olaraq yoxdur və erməni həmkarlar bunu başa düşməlidirlər.

İndi isə Azərbaycan ərazilərindəki erməni separatçılarla bağlı vəziyyəti nəzərdən keçirək. Tez-tez belə hallar olur ki, hər hansı hadisə baş verir və bu hadisə faciəli də ola bilir, lakin insanlar keçmişlə yaşamağa çalışırlar. Onlar reallığa əhəmiyyət vermirlər. Lakin artıq bitdi! İşğalın (Azərbaycan torpaqlarının – red.) davam etdirilməsi ilə bağlı hər hansı müzakirələrdən söhbət belə gedə bilməz, hər şeyin 30 il ərzində olduğu kimi əvvəlki halına qaytarılmasından söhbət gedə bilməz. Qanunsuzluğun hökm sürdüyü vəziyyətin davam etməsi mümkün deyil. Bundan sadə insanlar əziyyət çəkirlər.

Odur ki, reallıqla barışmaq və gözlərdəki pərdəni qaldırmaq lazımdır. Qəbul edilməlidir ki, Azərbaycana inteqrasiya etmək, Azərbaycan vətəndaşlığını almaq, ümumiyyətlə, irəliyə doğru hərəkət etmək lazımdır, heç vaxt qayıtmayacaq keçmişə ilişib qalmaq isə lazım deyil. Amma biz Qarabağdakı separatçıların gediş-gəlişi məhdudlaşdırmaq, rəy sorğusunun keçirilməsinə qadağalar qoymaq kimi addım atdığını görürük. Bütün bunlar reallıqdan qaçmaq cəhdləridir ki, bu da qeyri-müəyyənliyə aparır. Orada isə ancaq soyuq, qaranlıq və ölüm var. İçində olduqları “qaranlıq otaq”dan kənara çıxa bilməyən insanların halı çox acınacaqlıdır.

Nair Əliyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir