10 aprel 2023-cü il tarixində “Heydər Əliyev İli” ilə əlaqədar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının tədbirlər planı çərçivəsində respublika ərazisində pulsuz hüquqi yardım aksiyaları davam etdirilib.
Aksiya ilə əlaqədar Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkilləri Naxçıvan Muxtar Respublikasına səfər edərək, orada 50-dən çox vətəndaşa hüquqi məsləhətlər veriblər, həmçinin müvafiq yazılı ərizələr tərtib olunub.
Eyni zamanda, Vəkillər Kollegiyasının, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı çərçivəsində Bakının Qaradağ rayonunda “Qobu Park-2” yaşayış kompleksində məskunlaşmış məcburi köçkünlərə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkilləri tərəfindən pulsuz hüquqi yardım göstərilib. Aksiya çərçivəsində vətəndaşlara hüquqi məsləhətlər verilib, yazılı ərizələr tərtib edilib. Müraciət edənlər arasında Vətən müharibəsinin iştirakçıları da olub.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, pul tələbi, kredit mübahisəsi, diplom təsdiqi, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.
Qeyd edək ki, “Heydər Əliyev İli” ilə əlaqədar Vəkillər Kollegiyası tərəfindən hər təqvim ayının 10-da vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilir.
www.RIA24.az