Bu gün Baku TV-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində hazırlanan “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.
Bugünkü buraxılış Qərbi Azərbaycandan deportasiya olunmuş İrəvan şəhər sakini İradə Rizazadənin həyat hekayəsinə həsr olunub.
O, 1988-ci ilədək İrəvanda yerləşən Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda işləyib, ermənilər tərəfindən məcburən deportasiyaya məruz qalıb.
İ.Rizazadə siyasi-coğrafi məkan kimi İrəvan şəhərinin etnik tərkibindən söz açıb, ermənilərin İrəvana gəlişi ilə bağlı özünün şahidi olduğu faktları, ata-ana və babalarının söylədiyi xatirələri bölüşüb.
Onun sözlərinə görə, ermənilər tarix boyu, zaman-zaman azərbaycanlılara qarşı soyqırımı törədib, dini abidələrini, toponimlərini dağıdıb:
“Təbii ki, belə şovinist hadisələr İrəvanda daha çox və vəhşicəsinə baş verib”.
O, yaşadığı şəhərlə bağlı düşüncələrini, eləcə də çalışdığı dövrdə üzləşdiyi erməni məkrliyi, düşmənçiliyindən danışıb, doğma yurda qayıdacağına, orada azərbaycanlılar mühitinin yenidən yaranacağına əminliyini ifadə edib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı süjetində:
www.RIA24.az