Türkiyədə bir ay sonra keçiriləcək prezident və parlament seçkiləri ərəfəsində ölkənin sosioloji xidmətləri qeyri-müəyyən, lakin çox maraqlı bir vəziyyəti göstərən araşdırma nəticələrini dərc etməyə davam edirlər. Müxtəlif şirkətlərin keçirdikləri sorğular respondentlərin cavablarına əsasən fərqli nəticələrlə yayımlanıb.
Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Nadejda Qlebova Türkiyədəki seçkiqabağı vəziyyəti Oxu.Az-a şərh edib.
Ekspert təkcə qarşıdakı illərə deyil, onilliklərə təsir edə biləcək tamamilə fərqli halların üst-üstə düşməsi səbəbindən Türkiyənin indiki vəziyyətinin çox maraqlı olduğunu deyib.
“Bir tərəfdən, Türkiyə son dərəcə çətin iqtisadi və siyasi şəraitdədir, digər tərəfdən, ölkə bu seçkilərə tamamilə fərqli bir statusda, öz maraqlarını beynəlxalq səviyyədə müdafiə etməyə qadir olan və qlobal proseslərə əhəmiyyətli dərəcədə təsir göstərə bilən dünya dövləti kimi gedir”, – deyə o bildirib.
Müsahib Türkiyə vətəndaşlığını almış suriyalı qaçqınların, eləcə də fevral zəlzələsindən zərər çəkmiş əyalətlərin əhalisinin iştirakını nəzərə alaraq qarşıdakı seçkilərdə demoqrafik təsirin ön planda olduğunu deyib və bu halın bütün kursu dəyişə biləcəyini vurğulayıb:
“Burada hakim partiyanın xeyrinə oynaya biləcək bir neçə maraqlı məqam var. Bu və digər amilləri öz xeyrinə istifadə etməsəydi, Ərdoğan Ərdoğan olmazdı. Onlara əsaslanaraq, o, əvvəlki kimi həmlə tonunda kampaniya aparır; qərargahının təşviqat videolarına baxanda bunu görmək olur – bu həm ruh, həm də mahiyyət etibarilə səfərbərlik kampaniyasıdır”.
Qlebova iqtisadiyyatı və dövlət strukturunu seçkilərin güclü tərəfi adlandıraraq, bunun qadınların statusunun dəyişdirilməsi, təhsilin inkişafı kimi sosial sferanın hələ inkişaf etməmiş, qeyri-müəyyən məsələlərini gündəmə gətirdiyini qeyd edib. O, Türkiyənin ən böyük xəstəxanalarından birində Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən iftarı nəzərdə tutaraq son günlər situasiyanı bu istiqamətə yönləndirmək cəhdlərini xatırladıb. Ekspertin sözlərinə görə, bu ziyarət qismən sosial sferaya çıxış və müraciət üçün istifadə olunub.
“Düzdür, sosial sferaya bu “dönüş” hələlik müxalifətin belə məsələlərdə müəyyən üstünlüyünü aşa bilmir”, – deyən ekspert Kemal Kılıçdaroğlunun Sosial Sığorta Fondunda çoxillik təcrübəyə malik olduğunu qeyd edib.
Qlebova seçkilərdə demoqrafiyanın əhəmiyyətindən danışarkən Türkiyə prezidentinə qarşı rəqibləri tərəfindən tez-tez ittiham kimi səslənən əsas məqamlardan birinə – müasir Türkiyə cəmiyyətində strataların (“qat”ların) dəyişməsi, həmçinin “şəhər” və “kənd” arasındakı məsafənin azalması məsələlərinə də toxunub. Şərqşünas bildirib ki, bu, aralarında türk cəmiyyətinin ziyalı elitasının çoxlu nümayəndələri olduğu Kılıçdaroğlu tərəfdarlarının əsas narazılıqlarından biridir:
“Bu insanlar sekulyar yoldan sapmanı bağışlaya bilmirlər və bunu Atatürkün qoyduğu prinsiplərə xəyanət kimi qiymətləndirirlər”.
Ekspert seçkilərdə kimin qalib gələcəyindən asılı olmayaraq, onun bundan sonra da cəmiyyəti və ölkəni Atatürkün qoyduğu yüksək kanonlara riayət etməklə, həmçinin öz baxışları ilə yeni tarixi şəraitdə inkişaf etdirmək zərurəti ilə üz-üzə qalacağını vurğulayıb.
“Ancaq çox çətin məsələdir”, – deyə N.Qlebova sözlərini yekunlaşdırıb.
Nair Əliyev
www.RIA24.az