Azərbaycanla Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdiriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov və Azərbaycanın Türkiyədəki Səfirliyi nəzdində fəaliyyət göstərən Hərbi Attaşelik Aparatının əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Universitetinin rektor müavini professor Serdar Salman, Quru Qoşunları Hərbi İnstitutunun rəisi general-mayor İlker Görgülü, Dəniz Qüvvələri Hərbi İnstitutunun rəisi kontr-admiral Selçuk Akar və Hərbi Hava Qüvvələri İnstitutunun rəisi general-mayor Ender Kartal ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlıq və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi, Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün ayrılmış yerlərin sayının artırılması, son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik, Xankəndi-Laçın yolunda azərbaycanlı ekoaktivistlərin dinc aksiyaları, Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı, talan edilməsi, ermənilərin regionda sabitliyi pozması istiqamətində atdığı addımlar və digər mövzularda fikir mübadiləsi aparılıb.
Adları qeyd olunan İnstitutlarda “Qərargah zabitinin hazırlığı” və “Qərargahın idarəedilməsi” kurslarında, həmçinin Milli Müdafiə Universitetində magistratura və doktorantura pilləsində təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüş keçirilib, zabitlərin tədris şəraiti ilə yaxından tanış olunub və onların qarşılaşdıqları çətinliklər barədə müraciətləri dinlənilib.
Hərbi Attaşelik Aparatının əməkdaşları Milli Müdafiə Universiteti Xarici Dillər Məktəbinin direktoru Professor Haluk Selim, məktəbin rəhbər zabit heyəti və məktəbdə ingilis dili hazırlıq kursunda təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə də görüş keçirib. Hərbi qulluqçuların təlim-tədris şəraiti, nizam-intizamı və imtahan nəticələri barədə söhbətlər aparılıb, hərbi attaşe tərəfindən hərbi qulluqçulara vətənpərvər, peşəkar və intizamlı zabit kimi formalaşmalarında müvafiq tövsiyələr verilib.
www.RIA24.az