İsveç səfiri: “Yaşıl keçidə diqqətimiz Azərbaycan üçün xüsusilə əhəmiyyət kəsb edir” – MÜSAHİBƏ + FOTO

Siyasət


İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənmə işləri dövlət siyasətinin əsas istiqamətinə çevrilib. Mina təhlükəsi bərpa və yenidənqurma işləri, eləcə də keçmiş məcburi köçkünlərin öz evlərinə qayıtmaları üçün əsas problemdir. Beynəlxalq ekspertlərin hesablamalarına görə, mina problemini həll etmək üçün Azərbaycana təxminən 30 il vaxt və 25 milyard ABŞ dolları lazım gələcək. Bu baxımdan, beynəlxalq təşkilatlardan və dövlətlərdən istənilən yardım faydalı və vaxtında ola bilər. İsveç də minalardan təmizləmə sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

İsveçin Azərbaycandakı səfiri Tobias Lorentzson “Report”a müsahibəsində ikitərəfli əlaqələrin inkişafı, İsveç və Azərbaycan arasında yaşıl enerji sahəsində əməkdaşlıq, mədəni əlaqələr və minatəmizləmə sahəsindəki yardımdan danışıb:

– İsveç və Azərbaycan arasındakı ikitərəfli əməkdaşlığı necə qiymətləndirirsiniz? Ölkələr arasında əlaqələrin yaxşılaşdırılması üçün hansı tədbirlər həyata keçirilir?

– İsveçlə Azərbaycan arasında ikitərəfli əlaqələr inkişaf edir. Bu əlaqələr 2020-ci ildə hər iki ölkənin paytaxtlardakı mövcudluğunu tamhüquqlu səfirliklərə qədər artırması ilə əlavə təkan qazanıb. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək səviyyəli təmaslar aparılır, ötən il isə İsveçin Bakıdakı səfirliyi diplomatik əlaqələrin qurulmasının 30 illiyini silsilə mədəni tədbirlərlə qeyd edib.

2023-cü ilin birinci yarısında İsveç Avropa Şurasına sədrlik edir. İsveçin sədr kimi prioritetlərini belə ümumiləşdirmək olar: Avropanı daha təhlükəsiz, daha azad və daha “yaşıl” etmək. Söhbət Rusiyanın qeyri-qanuni və əsassız təcavüzü qarşısında Ukraynaya dəstəyin davam etdirilməsinə xüsusi diqqət yetirilməsi ilə təhlükəsizlik, rəqabətqabiliyyətlilik, yaşıl enerji və enerji keçidi, demokratik dəyərlər və qanunun aliliyindən gedir. Bu prioritetlər çərçivəsində “Şərq Tərəfdaşlığı” ölkələri, o cümlədən Azərbaycanla uyğunlaşdırılmış qarşılıqlı fəaliyyət formatlarının hazırlanması gündəmdədir. Söhbət tərəfdaş ölkələrin Avropa İttifaqı (Aİ) ilə əlaqələrinin dərinləşdirilməsindən, o cümlədən təhlükəsizliyin gücləndirilməsindən gedir.

İsveç, həmçinin, Aİ-nin regionda davamlı sülhün təşviqinə yönəlmiş fəaliyyətlərini dəstəkləməyə davam edəcək. Ümid edirik ki, Aİ və Azərbaycan arasında yeni çərçivə sazişi üzrə danışıqlarda irəliləyiş görəcəyik. Aİ və Azərbaycan arasında energetika, o cümlədən yaşıl enerji sahəsində keçən il imzalanmış Anlaşma Memorandumunu nəzərə alsaq, yaşıl keçidə diqqətimiz Azərbaycan üçün xüsusilə əhəmiyyət kəsb edir. Aprel ayında səfirlik “ADA” Universitetində xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin, İsveçin və Aİ-nin “Şərq Tərəfdaşlığı” ölkələrindəki səfirlərinin, eləcə də İsveç və Azərbaycanın analitik mərkəzlərinin iştirakı ilə Aİ-Azərbaycan münasibətləri mövzusunda seminar təşkil edib.

2021-ci ildə İsveç ATƏT-ə sədrlik edib ki, bu da Azərbaycanla bu təşkilat çərçivəsində əlaqələrin intensivləşməsi demək idi. Burada keçmiş xarici işlər nazirimizin ATƏT-in fəaliyyətdə olan sədri kimi Azərbaycana səfər etməsi də öz təsirini göstərib.

– İqtisadi əməkdaşlıq barədə danışardınız. Azərbaycanda neçə İsveç şirkəti var?

– İsveçlə Azərbaycan arasında davamlı mal tədavülü var və iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün potensial böyükdür. Azərbaycanda “Ericsson”, “Oriflame”, “Volvo”, SKF, “Assa Abloy” və “Systemair” də daxil olmaqla 10-a yaxın İsveç şirkəti var. Əminəm ki, Azərbaycanın Orta Dəhlizin inkişafındakı artan rolu ilə getdikcə daha çox İsveç şirkəti Azərbaycanı maraqlı ticarət tərəfdaşı kimi qəbul edəcək.

Səfirliyimiz müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətlərinin Stokholma səfəri vasitəsilə də İsveçin “ağıllı” şəhərlər təcrübəsinin Azərbaycanda tətbiqi imkanlarını araşdırır. Azərbaycan bu istiqaməti inkişaf etdirir, odur ki, əməkdaşlıq uğurlu ola bilər. Səhiyyə sahəsinə də maraq var. Bu, perspektivli sahədir və İsveçin tibbi xidmət tədarükçüləri Azərbaycanla əməkdaşlığı nəzərdən keçirirlər.

– İsveçlə Azərbaycan arasında mədəni əməkdaşlıq haqqında nə deyə bilərsiniz?

– İsveç və Azərbaycanın iki ölkə arasında möhkəm əlaqələr yaradan ortaq tarixi var. Mən Nobel qardaşlarının Bakıdakı irsini nəzərdə tuturam. Bu ümumi irsin ikitərəfli münasibətlər üçün əhəmiyyətini qiymətləndirmək çətindir. 2023-cü ildə Robert Nobelin Azərbaycana ilk səfərinin 150 illiyi tamam olur. Bu əlamətdar hal müxtəlif tədbirlərlə, o cümlədən Azərbaycan dilində Nobellər haqqında kitabın nəşri və bu mövzuda sənədli filmin təqdimatı ilə qeyd olunacaq.

Nobellərin irsi çoxşaxəlidir. Onlar təkcə neft yataqlarının işlənilməsi ilə məşğul olmayıblar, həm də ilk dəfə bizim bu gün korporativ sosial məsuliyyət dediyimiz şeyi tətbiq ediblər. Bakıda Nobel qardaşları tərəfindən təsis edilən “Branobel” neft şirkəti təhsil sektoruna, o cümlədən mədəniyyət, sosial rifah və işçilərinin bərabərliyi sahələrinə sərmayə qoyub ki, bu da öz növbəsində innovasiyaların, məhsuldarlığın və rəqabət qabiliyyətinin inkişafına töhfə verib.

Müasir dövrdən danışsaq, Azərbaycan ifaçıları ilə İsveç mahnı müəllifləri arasında uzun müddət davam edən və çox səmərəli olan əməkdaşlıq mövcuddur, burada “Avroviziya” mahnı müsabiqəsinin də rolu var. Bu uğurlu əməkdaşlıq hələ 2008-ci ildə başlayıb və 2011-ci ildə “El&Nikki”nin (Eldar Qasımov və Nigar Camal – red.) ifasındakı mahnının müsabiqədə qalib gəlməsinə səbəb olub.

Təhsil sahəsinə gəlincə, fəxrlə deyə bilərəm ki, hər il çox sayda gənc və istedadlı azərbaycanlı, həm də İsveç İnstitutunun verdiyi qrantlar sayəsində İsveç universitetlərində təhsilə başlayır. Tələbə şəbəkəmiz və Məzunlar Assosiasiyası çox fəaldır və Aİ səviyyəsində gənc Avropa səfirləri kimi onlar da iki ölkənin bir-birinə yaxınlaşmasında həlledici rol oynayırlar.

– Sizcə, əməkdaşlığın başqa hansı perspektivləri var ki, ölkələr onu inkişaf etdirməlidirlər?

– İsveçin Bakıdakı səfirliyi gender bərabərliyi məsələlərinə xüsusi diqqət yetirir. Azərbaycan 1918-ci ildə dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olub. Gender məsələləri İsveç hökuməti üçün mühüm istiqamətdir. Bu ortaq tarixə və ortaq səylərə əsaslanaraq, səfirlik Azərbaycanda qadın hüquqlarının təşviqi istiqamətində dövlət qurumları, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti və incəsənət xadimləri ilə əməkdaşlıq edir. Beynəlxalq Qadınlar Günü, eləcə də noyabr ayında keçirilmiş “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası davamlı təbliğat və dialoq üçün imkanlar yaradıb.

Minatəmizləmə sahəsində əməkdaşlığın inkişaf etdirilməsində də qarşılıqlı maraq var. İsveçin “Swedec” minatəmizləmə agentliyi Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə tədbirləri müzakirə edir. “Swedec” Bakıda təşkil edilən minalardan təmizləmə konfranslarında da iştirak edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir