MM sədri: “Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları qəbuledilməzdir”

Siyasət


Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Məktubda deyilir ki, ölkələrimiz və parlamentlərimiz arasında əməkdaşlığın dinamik inkişafı, eləcə də Rusiya Federasiyasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində fəal vasitəçilik səyləri fonunda Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə Komitəsi sədrinin müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan İnformasiya Agentliyinin efirindəki son açıqlamaları Azərbaycanda böyük narahatlıqla qarşılanıb.

Oleq Matveyçevin Azərbaycan və Türkiyəyə qarşı ittihamları, onun “Azərbaycanın münaqişəyə təhrik etməsi haqqında” iddiaları böyük təəssüf doğurur və tamamilə qəbuledilməzdir. Xüsusilə təəssüf doğurur ki, belə bir “rəy” Dövlət Dumasında informasiya siyasətinə cavabdeh olan komitənin sədr müavini tərəfindən ifadə olunur.

Məktubda qeyd edilir ki, informasiya fəaliyyətində iştirak edən rəsmi şəxs kimi O.Matveyçev regiondakı vəziyyətə daha aydın baxışa malik olmalı, həmçinin başa düşməli idi ki, bu cür bəyanatlar Rusiya Federasiyasının vasitəçilik fəaliyyətinə kölgə salır. Milli Məclisin sədri xatırladır ki, Vyaçeslav Volodinlə son görüşləri zamanı regiondakı vəziyyəti ətraflı müzakirə edib və Azərbaycanın regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar olması ilə bağlı səyləri, habelə Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozması barədə fikir mübadiləsi aparıb.

Məktubda Milli Məclisin sədri bildirib ki, Dövlət Dumasında hakim “Vahid Rusiya” Partiyasını təmsil edən deputat kimi O.Matveyçev Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti, müstəqilliyə, dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında dərinləşdirməkdən ibarət olan rəsmi mövqeyinə riayət etməlidir.

Məktubda Dövlət Dumasının deputatının yuxarıda qeyd olunan bəyanatına qiymət verilməsinin zəruriliyi ifadə edilib. Spiker ümidvar olduğunu bildirib ki, bundan sonra da birgə səylərimizlə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin ruhuna zidd olan hərəkətlərin qarşısını alacağıq.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir