“Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən törədilən növbəti təxribat cəza tədbirləri və ya antiterror əməliyyatlarını zərurətə çevirir”.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
“Görünən odur ki, ermənilər öz xoşları ilə revanşist niyyətlərindən əl çəkmək istəmirlər, bu səbəbdən sülh və təhlükəsizlik naminə hərbi məcburetmə tədbirləri qaçılmazdır. Nəticənin nə olacağını proqnoz vermək çətin deyil. Əlbəttə ki, bugünkü insident Ermənistana baha başa gələcək. Atılacaq addımlara görə məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ola bilsin, Ermənistan yeni geosiyasi situasiyada hansısa güc mərkəzlərinə ümid etməyə başlayıb, lakin Müzəffər Ali Baş Komandanın AzTV-yə müsahibəsində də ifadə etdiyi kimi, “İkinci Qarabağ müharibəsindən keçən iki il yarım ərzində Ermənistan və ona dəstək verən ölkələr bizim iradəmizi, qətiyyətimizi, gücümüzü əyani şəkildə görüblər”, – B.Məhərrəmov qeyd edib.
Deputat bildirib ki, ermənilər Azərbaycanın təmkinli davranışından sui-istifadə edərək müharibə cinayətlərini azğınlıqla davam etdirirlər:
“Belə ki, əvvəllər bu yoldan separatçıların istifadə etdiyi dövrdə hər hansı mina partlayışı baş verməyib. Lakin yoldan Ordumuzun mövqelərinə təminat vasitələrini daşıyan avtomobillərimiz istifadə etməyə başladıqdan sonra bu hadisənin baş verməsi göstərir ki, minalanma son bir neçə gündə həyata keçirilib və Azərbaycan hərbçilərinin məhvinə hesablanıb. Burada hər hansı legitim müdafiə hüququndan söhbət gedə bilməz, çünki azərbaycanlı hərbçilər öz suveren ərazilərimizdə xidmət aparırlar”.
“Bugünkü hadisə eyni zamanda bir daha göstərdi ki, sülhməramlı kontingent üzərinə düşən öhdəlikləri nəinki yerinə yetirmir, əksinə, sanki birtərəfli qaydada Ermənistanın və separatçıların maraqlarının ehtiva olunduğu yeni öhdəliklər müəyyən edib. Bu isə kontingentə onsuz da az olan etimadın bütün səviyyələrdə daha da azalması, onların bütövlükdə regionda mövcudluğu barədə sualları meydana çıxarır. İstənilən halda hər kəs, Ermənistan da, onların havadarları da Prezident İlham Əliyevin 4 gün əvvəl Salyanda ifadə etdiyi kimi, unutmamalıdır ki, “biz dəfələrlə göstərmişik ki, bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, ərazimizdə at oynatsın”, – B.Məhərrəmov əlavə edib.
Qeyd edək ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb.
Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Dərhal yaralılara yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Hadisə barədə Rusiya sülhməramlı kontingenti və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
www.RIA24.az