“Laçın-Xankəndi yolunun Ermənistana birləşən hissəsində DSX-nin nəzarət postunun yaradılması çoxdan lazımlı vacib məsələ idi. Çünki, Azərbaycan özünün suveren ərazilərini qorumalıdır və bu beynəlxalq normaların tələbidir”.
Bu sözləri Oxu.Az-a Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, həmin yolun başlanğıcında “Siz Azərbaycanın ərazisinə daxil olursunuz. Ölkənin qanunlarına riayət etməyiniz xahiş olunur!” yazısı da qoyulmalıdır:
“Laçın-Xankəndi yoluna daxil olan hər kəs özünü Azərbaycanın suveren ərazisinə daxil olduğunu hiss etməlidir. Belə olmasa, ermənilərin özbaşınalıqları davam edəcəkdir. Laçın-Xankəndi yolunda aksiyalar başlayana qədər Ermənistan separatçılara minalar, silah-sursat və canlı qüvvə daşıyırdı. Bu da 2021-ci ildə buraxılmış minaların yenidən basdırılaraq terror hadisələrin davam etməsinə və hərbçilərimizin və vətəndaşlarımızın xəsarət almasına yol açırdı. Həm də 10 Noyabr Üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlıların müvəqqəti yerləşməsi ilə paralel olaraq Ermənistan öz hərbçilərini Azərbaycanın ərazilərindən çıxartmalı olduğu halda onlar isə əksinə kontingentin sayını çoxaldaraq, 10 mindən çox nəfərə çatdırdılar. Bu da Azərbaycanın ərazisi daxilində yeni hərbi gücün formlaşmasına şərait yaratmış və hər zaman təhlükə mənbəyinə çevirmişdi. Həm də yolda nəzarət olmayanda Ermənistan Qarabağdan yeraltı sərvətləri talayıb aparırdılar. Bu müddətdə sülhməramlılara, Ermənistana, Birgə Monitorinq Mərkəzinə dəfələrlə xəbərdarlıqlar olunmuşdu. Amma bütün narahatlıqlarımız cavabsız qalırdı. Nəzarət postumuzun yaradılması ilə hərbi təyinatlı yüklərin daşınması və qeyri-qanuni fəaliyyətlərin davam etdirilməsi mümkün olmayacaqdır. Qarabağda yaşayan ermənilər Azərbaycan bayrağı altına keçmək və qanunlarımızdan yararlanaraq öz gələcəklərini qurmalıdırlar. Bu proses nə qədər tez baş tutarsa, onlar separatçıların əsarətindən də bir o qədər tez xilas olunaraq, müstəqil ölkənin xoşbəxt vətəndaşları kimi yaşaya biləcəklər”.
Qeyd edək ki, Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Aysel Aslan
www.RIA24.az