“Ümummilli lider Heydər Əliyev ilə 5 il 6 ay işləmişəm. O dövrdə metronun çətin vaxtları idi. Heç kimin edə bilmədiyini Heydər Əliyev etmişdi”.
Oxu.Az xəbər verir ki bu sözləri “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması münasibətilə Bakı metropolitenində “Xalqa həsr olunmuş ömür” adlı tematik konfransda çıxışı zamanı deyib.
O bildirib ki, ilk dəfə 1998-ci il 27 iyul tarixində ona zəng olunub və Heydər Əliyev ilə görüşəcəkləri barədə məlumat verilib:
“O görüş çox çətin keçmişdi. Həmin gün məni qəbul etdi və söhbətimiz zamanı metropolitenin deposunun vəziyyəti barədə soruşdu. Mən məruzə etdim ki, depoda vəziyyət yaxşı deyil, qatarlar tez-tez xətdən çıxır. Qatar sayı azdır. Ulu öndər qatar sayının az olmasının səbəbini soruşdu və Moskva metropolitenində satılan qatarların qiymətini öyrənməyimi tapşırdı.
“Metrovaqonmaş” istehsal etdiyi qatarları “Bakı Metropoliteni”nə satmaq üçün bir vaqona 450 min dollar qiymət dedi. Amma eyni vaqonu Moskva metrosuna 325 min dollara satırdılar. O dövrdə ən ucuz qiymət məhz Moskvaya təklif edilirdi. Mən bunu məruzə edəndə H.Əliyev məktub yazmağımı istədi.
Məktubda H.Əliyev onlara bildirdi ki, mən sizə həmin sexləri tikdirdim ki, məhsuldarlıq artsın. Mən Moskvaya gedəndə bu məktubu H.Əliyevin adından “Metrovaqonmaş”ın rəhbəri Yuli Aleksandroviçə çatdırdım. O məktubu oxuyan kimi H.Əliyevin məktubuna cavab olaraq tapşırıq verdi ki, Bakı metrosuna da bir vaqonun qiyməti 325 min dollar təklif edilsin. Bakı metrosu bu qiymətdən nə qədər qatar istəsə ala bilər.
Həmin dövrdə “Bakı Metropoliteni” QSC dövlət büdcəsindən ayrılan vəsait hesabına həmin qatarlardan 75 ədəd alıb. Bu isə o dövrdə depoda vaqonların 80 faizinin yenilənməsi demək idi”.
Könül Cəfərli
www.RIA24.az