Azərbaycan və Türkiyə rəsmiləri əməkdaşlıq istiqamətlərini müzakirə ediblər

Siyasət

Azərbaycan və Türkiyə rəsmiləri daha bir sahə üzrə görüş keçirib

Azərbaycan və Türkiyənin UNESCO üzrə Milli Komissiyaları arasında birgə əməkdaşlıq istiqamətlərinin müzakirəsi üzrə onlayn formatda məsləhətləşmələr keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Ölkəmizin təşəbbüsü ilə baş tutan ilk görüşdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri – UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan və Türkiyə Milli Komissiyalarının əməkdaşları iştirak edib.

Görüşdə ölkələrimiz arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksələn xətlə inkişaf etdiyi, UNESCO çərçivəsində sıx əməkdaşlıq münasibətlərinin olduğu qeyd olunub. Bu xüsusda UNESCO mandatına daxil olan sahələr üzrə birgə əməkdaşlığın cari vəziyyəti, perspektivlərini müzakirə etmək və tədbirlər üzrə vahid plan tərtib etmək məqsədilə belə bir görüşün keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Ermənistan tərəfindən tarixi, mədəni və dini irsin məhv edilməsi, çoxsaylı müharibə cinayətlərinin törədilməsi, UNESCO-nun konvensiyalarının kobud şəkildə pozulması qeyd edilib və işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyi tərəfindən aparılan monitorinqin nəticələri barədə məlumatların UNESCO-ya mütəmadi olaraq çatdırıldığı və ardıcıl iş aparıldığı bildirilib.

Ölkələrimizin ortaq tarixə və mədəniyyətə malik olmasını nəzərə alaraq, UNESCO çərçivəsində birgə nominasiyaların təqdim edilməsi ənənəsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb, ölkələrimizin zəngin irsinin dünyada tanıdılması məqsədilə birgə səylərin mühüm olduğu qeyd edilib.

Tərəflər UNESCO mandatına aid olan sahələr üzrə geniş müzakirələr aparıb. UNESCO-nun təhsil proqramları olan Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkə, Kafedralar Proqramı, Assosiativ Məktəblər Şəbəkəsi çərçivəsində Azərbaycan və Türkiyənin əldə etdiyi nailiyyətlər və əməkdaşlıq perspektivlərindən danışılıb. Bundan əlavə, Yubileylər Proqramı, Yaradıcı Şəhərlər Şəbəkəsi, UNESCO Klubları, maddi və qeyri-maddi mədəni irs, təbii irs, Dünya Yaddaşı Proqramı çərçivəsində tərəfdaşlıq istiqamətləri ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

Görüş zamanı gündəmdə olan məsələlər barədə konkret təkliflər səsləndirilib, gələcəkdə belə görüşlərin keçirilməsi barədə razılıq əldə olunub.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir