Aprelin 28-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib.
Bu barədə parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
İclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə əsasən, iclasda parlamentin deputatı Vahid Əhmədovun son müsahibəsində səsləndirdiyi fikirlərlə əlaqədar məsələyə münasibət bildiriləcək. Komissiya sədri diqqətə çatdırıb ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə Qoşulmama Hərəkatı kimi nüfuzlu bir beynəlxalq təşkilata sədrlik edən ölkədir. Belə bir ölkənin parlamenti haqqında Vahid Əhmədov kimi təcrübəli bir deputatın həmin müsahibədə səsləndirdiyi fikirlər qəbuledilməzdir.
İclasda çıxış edən komissiya üzvləri Nizami Səfərov, Səttar Möhbalıyev, Nəsib Məhəməliyev, Məşhur Məmmədov, Afət Həsənova, Madər Musayev, komissiyanın katibi Nurlan Həsənov bildiriblər ki, qanunvericiliyə əsasən, deputatın müsahibə vermək hüququ var və onun bu hüququ məhdudlaşdırıla bilməz. Lakin deputat verdiyi müsahibədə Milli Məclis deputatının etik davranış qaydalarına uyğun olmayan fikirlər söyləməməlidir. Deputat öz imicindən daha çox xalqın və dövlətin mənafeyini düşünməli, nəzərə almalıdır ki, deyilən fikirlər ölkəmizə düşmən münasibət bəsləyən qüvvələr tərəfindən bizim əleyhimizə istifadə oluna bilər.
İclasda deputat Vahid Əhmədov çıxış edərək məsələyə öz münasibətini açıqlayıb.
İclasın sonunda komissiyanın qərarı ilə Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin birinci bəndində göstərilən əsasa görə deputat Vahid Əhmədov barəsində töhmət intizam tədbiri tətbiq edilib. Bununla da iclas başa çatıb.
16:26
Bu gün Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, qapalı iclasa deputat Vahid Əhmədov dəvət edilib.
Bildirilib ki, deputat Vahid Əhmədova töhmət verilib.
Qeyd edək ki, Milli Məclisin iclasında deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda Vahid Əhmədov xoşagəlməz müsahibə ilə çıxış edib, dövlətin həyata keçirdiyi fundamental məsələlərə şübhə toxumu səpib.
Milli Məclisin spikeri Sahibə Qafarova İntizam Komissiyasının sədri deputat Eldar İbrahimova tapşırıq verib ki, məsələ ilə məşğul olub, İntizam Komissiyasının iclası keçirilsin.
www.RIA24.az