Dünya ölkələri sürətlə silahlanır – “Kaspi”nin TƏHLİLİ + FOTO

Siyasət


Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun hesabatına əsasən, dünyada hərbi xərclər 2022-ci ildə 3,7 faiz artaraq 2,24 trilyon dollara çatıb. Ekspertlər bu artımın qlobal nizamı ciddi təhdid etdiyi qənaətindədir. 

Ukrayna müharibəsindən sonra bütün dövlətlər hərbi xərclərini artırmaq yolunu tutublar. 2023-cü il üçün NATO ölkələrinin hamısında hərbi xərclər ÜDM-nin 2 faizindən çox olacaq.

Beləliklə, bəşəriyyət mürəkkəb bir mərhələdədir və təəssüflər olsun ki, dünyada hərbi risklər və təhlükələr azalmır. Əksinə, yeni müharibələr təhlükəsi güclənir. Tayvanı silahlandıranlar onu Çinlə müharibəyə təhrik edir, Kosovoda növbəti gərginlik yaratmağa çalışırlar. Götürək elə Ermənistanı –  44 günlük müharibədə biabırçı məğlubiyyətdən dərs çıxarmayan İrəvan hərbi büdcəsini 40 faizə qədər artıraraq 1,3 milyard dollara çatdırıb. Bu da ÜDM-nin 5 faizi deməkdir. 

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ukrayna dünyanın üçüncü silah idxalçısıdır

Hər il dünyada hərbi xərclərlə bağlı hesabat hazırlayan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına əsasən, dünyada hərbi xərclər 2022-ci ildə 3,7 faiz artaraq 2,24 trilyon dollara çatıb. Ötən il Ukrayna dünyanın üçüncü ən böyük (Qətər və Hindistandan sonra) silah idxalçısına çevrilib. Son beş ildə qlobal silah idxalının 2 faizi Ukraynanın payına düşüb. Silaha ən çox pul xərcləyən ölkələr ABŞ, Çin və Rusiyadır. Ukraynadakı vəziyyət və Şərqi Asiyadakı gərginlik 2022-ci ilə kimi səkkizinci il ardıcıl olaraq davam edən artımın əsas hərəkətverici qüvvəsidir. Avropada hərbi xərclərin artımı 13 faiz təşkil edib.

SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının baş tədqiqatçısı Dieqo Lopes Silva hesab edir ki, Ukrayna müharibəsi Mərkəzi və Qərbi Avropada hərbi xərclərə dair qərarlara dərhal təsir edib. Bura bir neçə hökumətin xərcləri artırmaq üçün çoxillik planları daxildir. Birləşmiş Ştatlar silah ixracında lider olaraq qalır, beşillik dönəmdə payı 33 faizdən 40 faizə yüksəlib.

Mərkəzi və Qərbi Avropada hərbi xərclər pik həddə

Hesabat müəllifləri qeyd ediblər ki, Mərkəzi və Qərbi Avropada hərbi xərclər yenidən “soyuq müharibə” illəri səviyyəsinə qayıdıb. Mərkəzi Avropada keçən il silah xərcləri 345 milyard dollar təşkil edib və real ifadədə ilk dəfə olaraq 1989-cu ildəki rəqəmi üstələyib, 2013-cü illə müqayisədə 30 faiz yüksək olub. Hərbi xərclərdə ən kəskin artım Finlandiya, Litva, İsveç və Polşada  qeydə alınıb. ABŞ-ın hərbi xərcləri 2022-ci ildə 877 milyard dollar təşkil edib ki, bu da qlobal həcmin 39 faizinə bərabərdir və reytinqdə ikinci yeri tutan Çinin hərbi xərclərinin həcmindən üç dəfə çoxdur. Hesabat müəllifləri qeyd ediblər ki, 1981-ci ildən bəri ən yüksək həddə çatan inflyasiya yaşanmasaydı, ABŞ-da hərbi xərclər daha da böyük olardı. 2022-ci ildə ABŞ-ın Ukraynaya hərbi yardımı 19,9 milyard dollar təşkil edib. Bu, “soyuq müharibə” bitdikdən sonra bir alıcıya ayrılan ən böyük məbləğ olsa da, ABŞ-ın ümumi hərbi xərclərinin yalnız 2,3 faizini təşkil edir. Ötən il ABŞ hərbi əməliyyatlar və dəstək üçün 295 milyard dollar, silah alışı, tədqiqat və inkişaf üçün 264 milyard dollar və şəxsi heyət üçün 167 milyard dollar xərcləyib.

Türkiyəyə gəldikdə, qardaş ölkənin 2022-ci ildə hərbi xərcləri üçüncü il dalbadal azalaraq 10,6 milyard dollara düşüb. Keçən il Türkiyənin hərbi xərcləri 2021-ci illə müqayisədə 26 faiz azalıb. Qardaş ölkə əvəzində daxili istehsala üstünlük verməyə başlayıb. Türkiyə hazırda ordusunun əsas tankı olan “Altay” üçün öz mühərriklərini yaratmaq üzərində işləyir. Bundan başqa, ölkə TF-X qırıcılarının hazırlanması üzrə layihəyə başlayıb.

Pisləşən təhlükəsizlik mühitinə cavab

“Son illər qlobal hərbi xərclərdə davamlı artım dünyamızın getdikcə daha təhlükəli hal almasının əlamətidir”, – SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının aparıcı tədqiqatçısı Nan Tian deyib. “Ölkələr pisləşən təhlükəsizlik mühitinə cavab olaraq hərbi güclərini artırırlar, yaxın gələcəkdə yaxşılaşma gözləmirlər”, – deyə o bildirib.

Rusiyaya baha başa gələn müharibə

Rusiyada hərbi xərclər 2022-ci ildə 9,2 faiz artaraq təxminən 86,4 milyard dollar təşkil edib ki, bu da ÜDM-nin 4,1 faizinə bərabərdir. Bir il əvvəl bu rəqəm ÜDM-nin 3,7 faizi idi. Hesabatın müəllifləri Rusiya üzrə 2022-ci il üçün məlumatların yüksək dərəcədə qeyri-dəqiq olduğunu güman edirlər. 2022-ci ildə Ukraynanın hərbi xərcləri 44 milyard dollara çatıb ki, bu da bir il ərzində 640 faiz artım deməkdir. Nəticədə, müharibənin Ukrayna iqtisadiyyatına vurduğu zərər nəzərə alınmaqla, büdcəyə düşən hərbi yük 2021-ci ildəki 3,2-dən 2022-ci ildə 34 faizə yüksəlib. 2022-ci ildə NATO-ya üzv ölkələrin ümumi xərcləri 1,232 trilyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 0,9 faiz çoxdur. SIPRI-nin Hərbi Xərclər və Silah İstehsalı Proqramının direktoru Dr Lucie Beraud-Sudreau hesab edir ki, Rusiyanın büdcə planları ilə 2022-ci ildəki faktiki hərbi xərcləri arasındakı fərq onu göstərir ki, Ukraynanın işğalı Rusiyaya gözlənildiyindən baha başa gəlib. Son beşillikdə Rusiyanın qlobal silah ixracında payı azalıb. Qərbin Moskvaya sanksiyaları, eləcə də Ukraynada davam edən müharibə səbəbindən Kremlin özünün silah ehtiyacının artması xaricə satışı məhdudlaşdırıb.

Fransa sürətlə silahlananlar arasındadır

Əsas silah ixracatçısı Fransanın da bazardakı payı 7.1 faizdən 11 faizə yüksəlib. Rusiyanın silah ixracı azaldıqca Fransa bazarda daha böyük paya sahiblənir. Bunu, məsələn, Hindistanda görürük. Son beş ildə əvvəlki dönəmlə müqayisədə ABŞ-nin silah ixracı 14 faiz çoxaldığı halda, Rusiyanınkı 31 faiz azalıb, Fransadan ixrac isə 44 faiz artıb. Fransa əsasən Asiya, Okeaniya, Yaxın Şərq ölkələrinə silah göndərir. Hindistan son beş ildə Fransanın silahlarının 30 faizini əldə edib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir