9 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə Dövlət Naziri Vendi Morton ilə görüşü keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Vendi Mortonu səmimi salamlayan nazir Ceyhun Bayramov ölkələrimiz arasında mövcud olan ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı səviyyəsini məmnunluqla qeyd edib.
Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətdən bəhs edərək, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı qarşı tərəfə ətraflı məlumat verib. Birgə bəyanatların icra olunmasının bölgədəki sülh, təhlükəsizlik, əmin-amanlıq və rifahın təmin olunması baxımından əhəmiyyəti, eləcə də bölgədə yeni əməkdaşlıq imkanları açdığı qeyd olunub. Azərbaycanın sözügedən bəyanatların icrası ilə bağlı bütün müvafiq addımları atdığı bildirilib, o cümlədən humanitar sahədə görülən işlər ilə bağlı qarşı tərəfə məlumat verilib.
Üçtərəfli bəyanatlara əsasən bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılışı, habelə yeni nəqliyyat dəhlizinin çəkilişinin bölgədə tərəqqinin təmin edilməsi və insanlar arasında münasibətlərin normallaşmasına xidmət edəcəyi vurğulanıb.
Ermənistanda bəzi insanlar tərəfindən sərgilənən neqativ ritorikanın heç də münasibətlərin normallaşmasına xidmət etmədiyi, əksinə xalqlar arası ədavətin dərinləşdirilməsi məqsədi güddüyü qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi, BMT TŞ-nin məlum qətnamələrinin icrasını təmin etdiyi vurğulanaraq mövcud olan yeni reallığın hər kəs tərəfindən qəbul olunmasının əhəmiyyəti qeyd edilib. Bu xüsusda, Azərbaycanın ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən hər hansı səfərin qanunsuz xarakter daşıdığı və buna münasibətdə müvafiq tədbirlərin həyata keçirildiyi bildirilib.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələləri üzrə, o cümlədən strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfə verməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, enerji sahəsində əməkdaşlıq və digər məsələlər müzakirə olunub.
Dövlət naziri Vendi Morton gender bərabərliyi, yaşıl enerjinin inkişafı və iqlim dəyişikliyinə qarşı tədbirlər sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, Böyük Britaniyanın Azərbaycanın ərazilərinin minadan təmizlənməsi sahəsində fəaliyyətinə yardım etməyə hazır olduğunu vurğulayıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Qeyd etmək istərdik ki, iki ölkə arasında strateji dialoqu (ikitərəfli siyasi məsləhətləşmələr) ehtiva edən işgüzar səfəri çərçivəsində Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilib. Dövlət nazirinin, həmçinin Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Azərbaycan Respublikasının təhsil, energetika və ekologiya nazirləri, eləcə də İçəri Şəhər Dövlət Tarixi-Memarlıq qoruğu idarəsinin idarə heyətinin sədri və Heydər Əliyev Mərkəzinin direktoru ilə görüşləri keçirilib.