Anatoli Karpov: “Kasparovun arxasında Azərbaycan dayanmışdı, bundan sonra necə nankor olmaq mümkündür?!”

Siyasət

Şahmat üzrə on ikinci dünya çempionu, Rusiya Dövlət Dumasının deputatı, tanınmış ictimai xadim Anatoli Karpovun təqdimata ehtiyacı yoxdur.

Media.Az əfsanəvi şahmatçı ilə söhbət edib. Elə ilk sual da şahmat barədədir.

– Bir çox ekspert hesab edir ki, şahmat pandemiya dövrünə hazır idi, çünki əvvəllər də poçt, hətta telefon vasitəsilə oynanılırdı. İndi isə hər şey çox sadədir, onlayn oynamaq olar.

– Mən bu fikirlə tam razı deyiləm. Əlbəttə ki, texnologiyanın inkişafı ilə ortaya çıxan yeni bir komponent haqqında danışa bilərsiniz. İnternet var, video əlaqənin köməyi ilə oynaya bilərsiniz. Ancaq bu, heç bir halda üz-üzə şahmatı əvəz etməməlidir. Təşkilatçılıq, nəzarət, proqram təminatı ilə bağlı problemləri var. Mən özüm də bununla rastlaşmışam.

Məsələn, mən məhdud vaxt verilən blits oynayıram. Mən mat edirəm və partiya başa çatır. Birdən gözlənilməz şəkildə 8-10 saniyə sonra proqramda etdiyim gediş “silinir” və nəticədə mən vaxta görə uduzuram.

– Texniki problemlər …

– … Ancaq xal əvəzinə sıfır alıram. Şahmatda isə əgər mənim lövhəmdə mat edilibsə, sonradan bayraqla nə baş versə də (siferblatda bayrağın düşməsi gediş üçün vaxtın başa çatması anlamına gəlir – red.) hər şey bitir.  Və bir daha təkrar edirəm, bir neçə dəfə belə vəziyyətlərin qurbanı olmuşam. Mat edirəm, proqram isə mənim gedişimi nəzərə almır və məni məğlub sayır, çünki son bir neçə saniyədə etdiyim gediş nəzərə alınmayıb.

Şahmat həm də psixoloji bir mübarizədir, şahmatı ünsiyyət, bir-birimizi tanımaq, partiya haqqında fikir mübadiləsi etmək, birlikdə analiz etmək fürsəti üçün də qiymətləndiririk. Videoəlaqə ilə isə bu alınmır. Odur ki, turnirlərin internet vasitəsilə keçirilməsinin daha yaxşı olması barədə iddialar yanlışdır. Şahmat dünyası buna ciddi yanaşmamalıdır. Şahmatı həm qapalı məkan, həm də açıq havada oynamaq olar. Tennis kimi azarkeşlərlə və azarkeşlərsiz oynamaq olar. Hərçənd, azarkeşsiz tennis heç də maraqlı olmur.

Qata Kamski ilə dünya çempionatı matçını xatırlayıram (Anatoli Karpov inamla qalib gəldi – red.), səs-küy və fikrimizin yayınmaması üçün tamaşaçılarla aramızda şüşə divarımız var idi. Tilburqdakı (Niderland) şahmat turnirində qrossmeysterlərin və ustaların oyunları şərh etdiyi böyük bir tamaşa zalı var idi və bütün iştirakçılar, jurnalistlər və hakimlər kiçik bir turnir otağında idilər. Odur ki, şahmatı istənilən əyani formatda oynaya bilərsiniz, bu vacibdir.

– Azərbaycanın şahmat məktəbi barədə nə düşünürsünüz, hansı şahmatçılar fərqləndirərdiniz?

– Yüksək səviyyədən danışırıqsa, o zaman Azərbaycan şahmat məktəbi nisbətən gəncdir. Ancaq Azərbaycanda şahmat həmişə populyar olub. İndi Azərbaycan çox yaxşı şahmatçılar yetişdirib. Çox təəssüf ki, Vüqar Həşimov çox erkən yaşda vəfat etdi, onun şərəfinə hər il turnirlər keçirilir.

Bir vaxt Azərbaycan millisi Avropa və dünya səviyyəsində möhtəşəm göründü. Ancaq şahmatın inkişafı stabil deyil, ona görə də mənim fikrimcə, Azərbaycan indi öz mövqelərini bir qədər itirib. Ancaq ümid edək ki, yeni ulduzlar peyda olanda ölkəni 10-15 il əvvəl olduğu həmin yüksəkliyə qaldıracaq.

Teymur Rəcəbov möhtəşəm şahmatçıdır, o, ekstra sinfin qrossmeysteri olaraq qalır. Şəhriyar Məmmədyarov da güclü qrossmeysterdir, lakin onun haqqında dünya çempionu adına iddiaçı olacağını söyləmək mümkün deyildi. İndi əsas vəzifə qazanılan mövqeləri qorumaq və mümkün olduqca onları gücləndirməkdir.

– Şahmata dövlət dəstəyi nə dərəcədə vacibdir?

– Bu dəstək istedadları müəyyən etmək və onların inkişafını dəstəkləmək imkanına sahib olmaq üçün vacibdir. Şahmatçılar peşəkar səviyyəyə çatdıqdan sonra isə dövlət dəstəyi həlledici rol oynamır.

– Bildiyim qədərilə siz postsovet məkanında ən məşhur filatelistlərdən birisiniz…

– Mən filateliyada demək olar ki, şahmat dünyasındakı kimiyəm. Dünyada ilk üçlüyə və ya beşliyə daxiləm (gülür).

– Siz yeni markaları da toplayırsınız?

– Təəssüflər olsun ki, qeyri-peşəkar poçt məmurları, sadəcə biliksiz insanlar hesab etdilər ki, istənilən tirajla marka buraxmaq olar, onsuz da onları alacaqlar. Markalar isə dövlət üçün fantastik gəlirdir, çünki kağız və boyalar ucuzdur.  

Markalar nədir? Bu, ölkənin hər hansı bir xidməti yerinə yetirmək öhdəliyidir. Əgər marka poçt dövriyyəsi üçün istifadə edilmirsə, bu dövlətin xalis gəliridir. Beləliklə, keçən əsrin 60-cı illərinin ortalarında müxtəlif xadimlər daha çox markanın çap olunmasını tələb etməyə başladılar.

Həm də bir suvenir kimi təqdim edə biləcəyiniz ikinci bir yenilik də var idi, amma filatelistlər üçün bu heç bir maraq doğurmur. Söhbət ondan gedir ki, siz pul ödəyə və istənilən şəkli, məsələn, ABŞ-ın rəsmi poçt markasında yerləşdirə bilərsiniz. Kataloqlarda, kimin istəsəniz (mövcud siyasətçilər istisna olmaqla) sərbəst təsviri olan çərçivələr qeyd olunur. Filatelistlər isə çərçivələr deyil, markalar toplayırlar. Bu, müasir filateliyanın inkişafı üçün çıxılmaz nöqtədir.

– İdmandan, o cümlədən də şahmat dünyasından bir çox insanlar siyasətə qoşulur. Siz Rusiya Federasiyasının Dövlət Dumasının deputatısınız, Rusiyada yaşayır və çalışırsınız. Sizin keçmiş həmkarınız Harri Kasparov isə müxalifətçidir, Qərbdə yaşayır və ona hər şəyi verən Vətənini, ölkəsini tənqid edir…

– Əlbəttə ki, sənə hər şeyi bəxş edən ölkəni hər zaman dəstəkləməlisən! Harri Kasparov istedadlı insandır. Ona Azərbaycandan edilən köməyi heç kim təmin edə bilmədi. Kasparov mənimlə dünya çempionu adı uğrunda mübarizə aparanda həmişə Moskvada münasibətləri ayırd etməyə çalışırdı. Guya Karpovun yaxşı maliyyələşməsi var, onda isə başqa. O, həmişə Azərbaycanı bir kənara çəkib.

Mən isə deyirdim ki, gəlin ölkənin nə verdiyinə baxaq. Mənim Moskvadan başqa bir şeyim yoxdur, Kasparovun arxasında isə bütün Azərbaycan dayanır. Mənim fikrimcə, o, Azərbaycandan mənim bütün ömrüm boyu əldə etmədiyimi aldı.

Kasparova şərait yaradılırdı, imkanları hədsiz idi. Zaqulbada istənilən sayda toplanış onun sahib olduqlarının minimal bir hissəsi idi. Bütün bunlardan sonra necə nankor ola bilərsən?! Bu, düzgün deyil! Onun arxasında respublika dayanmışdı.

Siyasətə gəldikdə isə dünya çempionu olmamışdan əvvəl də aktiv ictimai fəaliyyət göstərirdim. Sülh Fonduna rəhbərlik etmişəm və indi də buna davam edirəm. Bu, mənim həyatımın bir hissəsidir. Karpovun siyasətçi və ya idmançı olduğunu söyləmək düzgün deyil. Mən həmişə iki istiqamətlə məşğul olmuşam. Yeri gəlmişkən, Sülh Fonduna rəhbərlik etməyimin tezliklə 40 ili tamam olacaq.

Mən qürur duyuram ki, biz ötən əsrin 90-cı illərinin birinci yarısında təşəbbüs göstərmişik və Qarabağda atəşkəs əldə olunmasına kömək etmişik. Biz Azərbaycan və Ermənistanın ziyalılarını toplaya bildik, konfrans keçirdik, bundan sonra ikitərəfli görüşlər oldu.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir