“Prezident İlham Əliyevin tək regionumuzla bağlı deyil, qlobal xarakter daşıyan geosiyasi proseslərə, təhlükəsizlikdən tutmuş iqtisadiyyatadək ən müxtəlif səpkili məsələlərə dair baxış və fikirləri ekspert və siyasi analitiklərin ciddi marağına səbəb olur. Biz bunu dövlət başçısının səfərlərində xüsusilə görürük”.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Elnur Allahverdiyev deyib.
Onun sözlərinə görə, Azərbaycan özünün həm bölgədə, həm də daha geniş arealdakı yeri və mövqeyi, siyasi təsiri, dünyadakı nüfuzu, iqtisadi imkanları, Vətən müharibəsindən sonra isə hərbi qüdrəti ilə hesablaşmağın lazım olduğu dövlətə çevrilib:
“Bu şübhəsiz ki, Prezidentin effektiv xarici siyasətinin nəticəsidir. Ona görə də Şuşadakı konfransda Prezident İlham Əliyevin xüsusilə Rusiya-Ukrayna müharibəsindən doğan çoxsaylı siyasi, təhlükəsizlik, hərbi və iqtisadi mövzularda bəyanatlar verməsi təbiidir. Azərbaycan bu gün Avropanın enerjidaşıyıcıları bazarına təsirini sabit və ardıcıl şəkildə artırır. Artıq Almaniya və Avstriya kimi ölkələrin bizim enerjidaşıyıcılarından yararlanma perspektivləri müzakirə mövzusudur. Ölkəmiz ənənəvi logistika marşrutlarının sıradan çıxması reallığında həm də yeni qlobal yükdaşıma istiqamətinin formalaşması prosesində mərkəzi və həlledici rol oynayır. Dövlət başçısına neft kəmərləri və Çin-Qərbi Avropa logistika marşrutları barədə verilən suallar anlaşılandır. Aktual, ciddi müzakirələrə səbəb olan, eləcə də Orta Dəhlizin mühüm bəndi Azərbaycandır. Azərbaycan son 20 ildə olduğu kimi, gələcəkdə də regiondakı tərəfdaşları və müttəfiqləri ilə birlikdə transmilli səviyyəli layihələrin lokomotivi olacaq”.
Deputat bildirib ki, dövlət başçısı bu bəyanatları Şuşada verdiyindən, təbii ki, həm ekspert birliyi, həm də sıravi vətəndaş üçün Ermənistanla münasibətlərin gələcəyinə dair fikirlər əlahiddə maraq kəsb edirdi:
“Prezident İlham Əliyevin bu məsələ ilə bağlı mövqeyi dəyişməzdir, eyni zamanda, həm də kifayət qədər aydındır. Ermənistan yekun sülh müqaviləsində ərazi bütövlüyümüzü tanımalı, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməli, Bakının erməni vətəndaşları ilə quracağı münasibətlərə müdaxilə etməməlidir. Əks halda hər hansı sülhdən söhbət gedə bilməz. Ermənistan sülh istəmirsə, deməli, sülh olmayacaq. Bundan kimin daha çox zərər görəcəyini zaman göstərəcək.
Dövlət başçısı Ermənistanın gələcəyi ilə bağlı danışarkən yeni dünya düzəni, yeni konfiqurasiya amillərinə toxundu. Sirr deyil ki, hazırda dünyanın siyasi xəritəsində güclər balansı yenidən müəyyən olunur və belə görünür ki, beynəlxalq birliyi çox ciddi dəyişikliklər gözləyir. Ermənistan bu dəyişikliklərdən ən çox əziyyət çəkən və itirən dövlətlərdən biri olacaq. Ermənisanın itirmək təhlükəsində olduğu ən böyük dəyəri isə onun dövlətçiliyi ola bilər. Bunu onların özləri də yaxşı bilirlər, Prezident də Şuşada bir daha təkrarladı. Fikrimcə, bu bəyanatın çəkisi Vaşinqtonda davam edən danışıqlar fonunda xüsusilə ağırdır”.
www.RIA24.az