“Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində taleyimizin həll olunduğu ağır bir zamanda ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbinə səs verdi. Yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirməklə ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtardı, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını aldı. Yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etdi. Bu dayanıqlı inkişaf yolu isə bizə bugünkü güclü Azərbaycanın vətəndaşı olmaq xoşbəxtliyi bəxş edib”.
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Heydər Əliyevin 100 illik yubileyi münasibətilə danışarkən deyib.
Prezident İlham Əliyev 2022-ci ilin 29 sentyabrında imzaladığı sərəncamla Azərbaycanda 2023-cü ili “Heydər Əliyev İli” elan edib.
V.İskəndərov qeyd edib ki, müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü məhz torpaqları işğaldan azad edilmiş qalib Azərbaycanda qeyd edirik.
“Bu qalibiyyət ulu öndərin ruhunu şad edir. Çünki məhz onun ikinci dəfə hakimiyyətə gəlişindən sonra əsasını qoyduğu quruculuq, sabitlik, inkişaf, ordu quruculuğu, uğurlu daxili və xarici siyasət bizi addım-addım torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi ilə nəticələnən tarixi Zəfərə doğru apardı”,-deyə o əlavə edib.
Millət vəkili qeyd edib ki, ulu öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi, həm ordu quruculuğu, həm daxili və xarici siyasət, həm də iqtisadi sahədə silsilə uğurların əldə edilməsi sonda ən böyük uğurumuzun, ən böyük qələbəmizin, tarixi Zəfərimizin əldə olunması ilə nəticələndi.
“Məsələ burasındadır ki, müstəqil Azərbaycanda ulu öndərin rəhbərliyi ilə əldə edilən bütün uğurların əsası ölkədə bütün sahələr üzrə, o cümlədən siyasi sabitliyin əldə edilməsi ilə qoyuldu. Siyasi sabitlikdən danışarkən isə heç şübhəsiz, diqqətimiz ilk olaraq ulu öndərin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasına (YAP) yönəlir. Çünki YAP həmin vaxt, müstəqilliyimizin ilk illərində xaos və anarxiya girdabında boğulan Azərbaycana hava, su kimi lazım olan siyasi mədəniyyət gətirdi. YAP əsl müxalifətin necə olduğunu nümayiş etdirdi. YAP təkcə siyasi anarxiyaya, xaosa son qoyulmasına təkan vermədi, eyni zamanda, hakimiyyətə silahlı çevrilişlə deyil, seçki yolu ilə gəlməyin nümunəsini ortaya qoydu.
Qeyd etdiyimiz kimi, müstəqilliyimizin ilk illərində səriştəsiz siyasətçilərin idarəçiliyi nəticəsində Azərbaycan dağılmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz bunu görən xalqımızın ziyalı oğul və qızları, vətənpərvər aydınları artıq dərk edirdilər ki, ölkəni idarə etmək, xalqı fəlakətdən qurtarmaq üçün yeni siyasi liderə və siyasi idarəetməyə ehtiyac var. Həmçinin, o dövrdə belə bir yekdil fikir var idi ki, Azərbaycanı bu müsibətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. Ona görə də 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi”, – deyə deputat bildirib.
Vüqar İskəndərov bu məqamda yenidən Vətən müharibəsindəki tarixi qələbəyə aparan yola nəzər salmağın vacib olduğunu deyib:
“Ulu öndər 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələndən dərhal sonra atdığı ilk addımlarla bu qələbənin əsasını qoymuşdu. Əslində, ulu öndərin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı işlərin hamısını sadalasaq, buna günlər lazım olar. Lakin bu yazımızda həmin işləri ümumiləşdirərək, qeyd edə bilərik ki, ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanda demokratik, müstəqil, dünyəvi və hüquqi dövlət qurmasıdır”.
Parlament üzvü hesab edir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirən Prezident İlham Əliyev isə inkişafın Azərbaycan modelini yaradıb.
“Bu model beynəlxalq aləmdə böyük maraq doğurub və bir çox ölkə üçün örnəyə çevrilib. Milli inkişaf modelinin uğurlu tətbiqi və qarşıya qoyulan hədəflərə nail olunması, sosial-iqtisadi islahatların ardıcıl surətdə həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, hüquqi dövlət quruculuğu yolunda atılan qətiyyətli addımlar Azərbaycanın dinamik inkişafını təmin edən əsas amillərdir.
Bir sözlə, müstəqil dövlətimizin sürətli inkişafı ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin real nəticələridir. Heydər Əliyev ideyalarına əsaslanan inkişafın Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlərə ilk növbədə, ictimai-siyasi sabitlik və təhlükəsizlik, praqmatik, milli maraqlara əsaslanan xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı daxildir.
Ötən illərin nəticələri bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan uğurlu strategiya milli tərəqqini təmin edib.
Prezidentin uzaqgörən xarici siyasət strategiyası nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib. 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə isə Azərbaycanın beynəlxalq müstəvidə mövqelərini daha da möhkəmləndirir və bu qələbə sayəsində Cənubi Qafqaz regionunda yeni reallıqlar yaranıb. Burada vacib bir haşiyə çıxmaq olduqca zəruridir. Bu da uğurla reallaşdırılan Ordu quruculuğu və vətənpərvər gənc nəslin yetişdirilməsi ilə bağlıdır ki, hər iki məsələdə də bünövrə məhz ulu öndər tərəfindən qoyulub.
Beləliklə, bu gün heç bir tərəddüd etmədən deyə bilərik ki, yaşadığımız müasir dövr, müstəqil Azərbaycan, parlaq səhifələri yazılan və yazılmaqda davam edən ən yeni tariximiz yeni Azərbaycanın qurucusu olan ümummilli liderimiz Heydər Əliyev ideyalarının bəhrəsidir. Azərbaycana daim uğur, xoşbəxtlik gətirən bu parlaq ideyalar, ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kurs, dövrə uyğun yeni çalarlarla zənginləşdirilən islahatlar strategiyası gələcəkdə də dəyişməz olaraq qalacaq. Çünki bu siyasətin və strategiyanın alternativi yoxdur”.
Deputat qeyd edib ki, bu gün müasir ABŞ Corc Vaşinqtona, Fransa Şarl De Qolla, Almaniya Konrad Adenauerə, Türkiyə Mustafa Kamal Atatürkə borcludur. Azərbaycan xalqı və dövləti ümummilli lider Heydər Əliyevə borcludur.
“Çünki o, böyük insan, böyük azərbaycanlı bütün ruhunda, cismində, fikrində, ideyasında, həyat tərzində bir Azərbaycan daşıyırdı. Buna görə də Heydər Əliyev adı həmişə Azərbaycanla qoşa səslənəcək”, – deyə o fikrini yekunlaşdırıb.
Aqil Vəlili
www.RIA24.az