Kubra Məhərrəmova yazır…
Həyatda ən qorxduğum şey odur ki, nəsə bir qələt edərəm, sonra da polis şöbəsində kamera qarşısında “üzr istəməli” olaram. O video da bütün sosial şəbəkələrdə paylaşılar. Mən də axırda deyərəm ki, Azərbaycan polisindən üzr istəyirəm. Məsələnin mahiyyətindən asılı olmayaraq…
Səhvsən, ya düzsən, fərqi yoxdur, bölməyə düşdünsə, axırda üzr istəyəcəksən. Bitdi.
Amma bu günə bir dəfə də olsun polisin vətəndaşdan üzr istəməsini görməmişəm.
Ya da videosunu çəkməyiblər.
Amma bu dəfə polis özü də bilmədən bir videonun baş qəhrəmanına çevrildi.
Hadisəni qısa yazım ki, söhbətin nədən getdiyini biləsiniz. Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb. Protokolu niyə yazıblar, onu başa düşmədim. Videoda da açıq-aydın görünür ki, qadının üzündə tibbi maska var idi.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılır: “Araşdırmanın nəticəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.
Çox təəssüf edirəm ki, belə bir adam polisdə xidmət edir. Videoya baxanda elə bildim ki, qadın polisin fiziki təzyiqindən yerə yıxılacaq. Başqa ölkə olsaydı, yəqin ki, polis məhkəməyə verilərdi.
Həmin qadının polisi məhkəməyə verib-verməyəcəyini bilmirəm.
Etiraf etməliyik ki, bizim cəmiyyətdə polis və vətəndaş iki əks qütbdə bərqərar olur. Halbuki bu münasibət polis və cinayətkar arasında olmalıdır.
Əksər vətəndaşlar polisə etibar etmir. Cəmiyyətdə elə bir fikir formalaşıb ki, polis sanki qanun keşikçisi deyil, insanlara problem yaradan varlıqdır. Adamlar var ki, illərdir polisə şikayət edir, ərizələr yazır, amma heç bir həll yolu tapılmır. Vətəndaşın şikayəti təmin olunmur ki, olunmur. Və məntiqi olaraq cəmiyyətimiz polisdən uzaq durmağa çalışır. Çünki çox zaman polis vətəndaşın maraqlarını müdafiə etmir. Heç nə yox, sərt karantin günlərində dəfələrlə vətəndaş-polis qarşıdurmasının şahidi olduq. Bəzi hallarda vətəndaş günahkar olsa da, polisin vətəndaşa qarşı göstərdiyi rəftar sanki ən qatı cinayətkara qarşı göstərilən münasibət idi.
Polisin bu hallarda güc tətbiq etməsi, “vuraram-yıxaram” ritorikasıyla çıxış etməsi nə qədər doğrudur? Heç nə qədər. Polis mənim, sənin, vətəndaşın hesabına maaş alan kəsdir. Polisin ilk borcu da vətəndaşı qorumaqdır. Onu təhqir edib, döyüb-söymək yox. Vətəndaş çətinə düşəndə polisə getməlidir, polisdən qaçmalı deyil. Qadın evdə ailəsindən şiddət görəndə güvənlə polisə müraciət etməlidir. Ondan qanun çərçivəsində dəstək almalıdır. Yoxsa gecəni qonşunun evində gizlənməli deyil.
Əlbəttə, qanunun tələb etdiyi şəkildə nəsə günahın varsa, cəriməsi yazılmalıdır. Yoxsa bu hədə-qorxu, fiziki təzyiqlər nə deməkdir? Hələ anaların uşaqlara “özünü pis aparsan, polis əmi gəlib səni aparacaq” deməsi… Hara aparacaq, niyə aparacaq? Polis xalq yaradıcılığında “xoxan” olub. Niyə? Çünki polis özü buna rəvac verib.
Polis strukturlarında şərəflə çalışan xeyli əməkdaşlar da var. Haqlarına girməyək. Amma ümumi mənzərə ondan ibarətdir ki, uzun illərdir polis və vətəndaş arasında keçilməz sədd var.
Zənnimcə, bu gün Vətən müharibəsindən böyük qələbə əldə edən xalq bu problemi aradan qaldırmaq əzmindədir. Axı bu müharibədə biz bir yerdə düşmənə qarşı vuruşduq, bir yerdə qalib gəldik. Neçə-neçə polis işçisi bu müharibədə şəhid oldu. Sonunda polis də, vətəndaş da azərbaycanlıdır.
Polis adını daşımağa layiq olmayan bütün şəxslər birmənalı şəkildə hüquq mühafizə orqanlarından uzaqlaşdırılmalıdır. Rütbəsindən, vəzifəsindən asılı olmayaraq… Etdiyi hər bir qanunsuz addıma görə cəzalandırılmalıdır. Vəzifəsindən sui-istifadə edən sahə müvəkkili Qubadov Camal əvvəl şiddət göstərdiyi qadından, sonra da öz polis həmkarlarından üzr istəməlidir. Çünki məhz belə polis işçilərinin rəftarına görə insanlarda polisə qarşı haqlı inamsızlıq yaranır.
Ümid edirəm ki, bu köşəyə görə məni bölməyə çağırmazlar. Mən də yazdığıma görə Azərbaycan xalqından və polisindən üzr istəmərəm. Və sonda demərəm ki, etdiyim əmələ görə peşmanam.