“Nezavisimaya Qazeta”: “Dəyişən dövrlərin çağırışlarına cavab kimi Heydər Əliyevin hakimiyyət formulu”

Siyasət


“Azərbaycan müstəqillik əldə etdikdən sonra BMT və ATƏT kimi mühüm təşkilatlara dərhal üzv olmasına baxmayaraq, yalnız Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan diplomatiyasının bu platformalarda işi intensiv xarakter alıb”.

Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiyanın “Nezavisimaya Qazeta” nəşrinin ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi məqalədə deyilib.

Məqalədə ilk olaraq siyasətçinin doğulub, boya-başa çatdığı Naxçıvandakı gənclik illərindən bəhs edilib, 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və yerli Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsindən, Dövlət təhlükəsizliyi sahəsində karyerasına, sistemdə 20 ilə yaxın müddətdə sıravi işçidən general-mayora və Azərbaycan SSR Nazirlər Soveti yanında DTK rəisi vəzifəsinə qədər keçdiyi yol işıqlandırılıb.

“Heydər Əliyev 1969-cu ildə respublika Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tutanda Azərbaycana ilk tam hüquqlu rəhbərlik etməyə başladı. Hakimiyyətin gənc və enerjili idarəçinin əlində olması rəqəmlərdə də öz əksini tapırdı: onillikdə Azərbaycan bir sıra sənaye sahələrində liderliyi ələ keçirməyə və sənaye potensialını, demək olar ki, iki dəfə artırmağa nail oldu”, – deyə məqalədə vurğulanıb.

Müəllif bu illər ərzində onun səhiyyə islahatları, kontinental əhəmiyyətli Baykal-Amur magistral xəttinin (BAM) tikintisi və s. bəhs edib, bu layihələrlə siyasi çəkisi artan H.Əliyevlə SSRİ lideri Mixail Qorbaçov arasında münasibətlərdə qarşıdurmaya səbəb olduğunu bildirib.

Nəşrdə, həmçinin Azərbaycanla Rusiya arasında körpülərin qurulması prosesində ümummilli lider Heydər Əliyevin qətiyyətli xarici siyasəti xüsusi qeyd edilib, 1992-ci ildə tərəflər arasında imzalanan azad ticarət, pul hesablaşmaları, qarşılıqlı ticarət nümayəndəliklərinin yaradılması, Azərbaycan ərazisində yerləşən Rusiya Federasiyası Sərhəd Qoşunlarının müvəqqəti statusu və fəaliyyət mexanizmi haqqında ilk hökumətlərarası sazişlərə toxunulub. O da bildirilib ki, ulu öndərin uzaqgörən siyasəti nəticəsində Rusiya Federasiyası Azərbaycanın xarici ticarətində lider mövqe tutmağa başlayıb, təkcə 2001-ci ildə tərəflər arasında ticarətin ümumi həcmi 230,5 milyon dollara çatıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir