Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci vitse-prezidentə Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində yaradılan şərait barədə məlumat verib.
Xatırladaq ki, erməni işğalı dövründə burada Azərbaycan Prezidentinin təbirincə desək, “şeytan yuvası” – “parlamentin” binasının tikintisi planlaşdırılırdı. Ancaq indi həmin yerdə beşulduzlu hotelin açılışı gerçəkləşdirilir. Prezident İlham Əliyev Şuşaya ilk səfərində – 2021-ci il yanvarın 14-də bu barədə demişdi: “Qondarma rejim bəyan etmişdi ki, “Dağlıq Qarabağ respublikası”nın “parlamentini” Şuşa şəhərinə köçürəcək. Beləliklə, Şuşa şəhərini erməniləşdirmək üçün növbəti cəhd edilməli idi. Bax, bu binanı onlar “Dağlıq Qarabağ respublikası”nın “parlament” binası kimi inşa etməyə başlamışdılar. Ancaq çatdıra bilmədilər. Biz gəldik, bu torpağın sahibləri gəldi, onları buradan qovdu və beləliklə, onların bu çirkin əməlləri həyata keçmədi”.
Təməli 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə qoyulan Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi şəhərin mərkəzində – Zəfər yolunun üzərində yerləşir. 2022-ci ildə – “Şuşa İli”ndə Karvansaray konsepti əsas götürülən layihənin inşasına başlanılıb. Tikinti işlərinə yerli və xarici şirkətlər cəlb edilib. Bina həm klassik, həm də postmodern memarlıq üslubunda layihələndirilib və mürəkkəb konstruktiv quruluşa malikdir.
Bildirilib ki, beşulduzlu kompleks müasir və milli memarlıq üslublarının sintezi ilə dizayn olunub. Binanın daxili dizaynı Azərbaycanın iqliminin, mədəniyyətinin, tarixinin müxtəlifliyini və zənginliyi əks etdirir. Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin xarici görünüşündə ornamental kompozisiyalar və milli memarlıq elementləri tətbiq olunub. Həmçinin fasadın üzlənməsində Şuşanın tarixi binalarının tikintisində işlənilən yerli daşdan istifadə olunub. Bundan əlavə, mərkəzin eyvanları, şimal və cənub fasadları ənənəvi memarlıq quruluşunda, Şuşanın tarixi binalarının – XIX əsrə aid Zöhrabbəyovun evi, Üzeyir Hacıbəyovun ev-muzeyinin tikintisində istifadə olunmuş taxta tərkibli materiallardan (əsasən palıd) hazırlanıb. Binanın fasad örtüyünün üzərində və vestibülün girişinin üzlüyündə təbii Şuşa daşı ilə hazırlanmış relyef işləmələr mövcuddur.
Kompleks fərdi üslubu, yüksək keyfiyyəti və çoxsaylı xidmət növləri ilə fərqlənir. Nadir memarlıq həlli ilə diqqəti cəlb edən, dörd mərtəbədən və zirzəmidən ibarət Şuşa Hotel-Konqres Mərkəzi Kompleksində 154 otaq, konfrans və ziyafət zalları, restoran, hovuz, SPA, fitnes və digər xidmət bölmələri yaradılıb.
Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin texniki təchizatı, idarəetmə və enerji təminatı sistemi beynəlxalq standartlara uyğun qurulub. Belə ki, kompleksdə tətbiq olunan müasir idarəetmə panelləri səmərəli fəaliyyəti, təhlükəsizliyi və qonaqların rahatlığını təmin edəcək. Bununla yanaşı, binada ən yüksək texniki normalara uyğun havalandırma sistemləri tətbiq olunub. Kompleksin elektrik enerjisi ilə fasiləsiz və dayanıqlı təmin olunması məqsədilə generatorlar quraşdırılıb. Həmçinin binanın dam örtüyündə yüksək enerji səmərəliyini təmin edən Günəş enerjisi panelləri də yerləşdirilib ki, bu da “təmiz” enerjiyə keçid istiqamətində görülən işlərin növbəti nümunəsidir.
Qeyd edək ki, Şuşa Hotel-Konqres Mərkəzi Kompleksinin kitabxanasında 1000-ə qədər kitab mövcuddur. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY, ölkəmizdəki bir sıra səfirliklər (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkmənistan) və Tatarıstanın daimi nümayəndəliyi bu kitabxanaya ümumilikdə 215-ə qədər kitab hədiyyə edib.
Hoteldə “Miras Rəsm Qalereyası” tərəfindən Azərbaycanın mədəni irsinə həsr olunan, “Doğma Mədəniyyət Ocağımız” şüarı altında sərgi açılıb. Sərgidə Qarabağdan olan korifey sənətkarlarımızın, eləcə də, Azərbaycanın bu bölgəsindən ilham almış şəxslərin əsərləri nümayiş olunur. Ekspozisiyada Xalq rəssamları Nadir Əbdürrəhmanov, Maral Rəhmanzadə, Altay Hacıyev, Səttar Bəhlulzadəyə məxsus 23 rəsm əsəri, o cümlədən qarabağlıların portretləri, eləcə də bu ərazinin gözəl dağ mənzərələri yer alıb. Qarabağ mövzusundan ilhamlanan Xalq rəssamı Akif Əsgərovun, heykəltəraşlar Cavanşir Məmmədovun və Müşfiq Heydərovun 6 sənət nümunəsi də tamaşaçılara təqdim olunur.
Kompleksin ətrafında mövcud ağaclar qorunmaqla geniş sahə yaşıllaşdırılıb, yeni ağaclar və bəzək gülləri əkilib, həyətində müasir interyerə malik daxili bağ salınıb. Burada qapalı və açıq avtomobil dayanacaqları vardır.
Dövlətimizin başçısına və birinci vitse-prezidentə məlumat verilib ki, kompleksin yaxınlığında XVIII əsrin sonlarında Ağa Məhəmməd şah Qacarın Şuşaya hücumu ərəfəsində şəhərin müdafiəsinin təşkili məqsədilə İbrahimxəlil xanın göstərişi əsasında fəaliyyət göstərən silah emalatxanası və hazır silah-sursatın saxlanılması üçün anbar və emalatxananın həyətində qazılmış təsərrüfat quyusu da buraya gələcək qonaqlara nümayiş etdiriləcək.
Qeyd edək ki, Vətən müharibəsində Azərbaycanın qazandığı böyük Zəfərlə ərazi bütövlüyümüzün bərpa olunması, işğaldan azad edilmiş torpaqlarımızın iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün əlavə üfüqlər açır. İşğaldan azad olunmuş torpaqlarımızın zəngin iqtisadi potensialı bu ərazilərin bərpası və yenidən qurulması prosesini də sürətləndirir.
İşğaldan azad edilmiş torpaqlarımız tarixi-mədəni dəyərləri ilə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.
Bu ərazilərin turizm potensialının səmərəli istifadəsi, regionun rəqabət qabiliyyətli turizm məkanına çevrilməsi üçün geniş tədbirlər həyata keçirilir. Bu baxımdan Füzuli və Zəngilanda tikilən, Laçında təməli qoyulan beynəlxalq hava limanları azad edilmiş ərazilərimizin turizm potensialının reallaşmasında, turist cəlbində mühüm rol oynayacaq.
Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. 1977-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilib. Həmin qərarın nəticəsində Şuşada tarixi-mədəni irsin qorunması istiqamətində əhəmiyyətli addımlar atılıb. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurulub.
İkinci Qarabağ müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Məhz Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi, tariximizə Zəfər Günü kimi həkk olundu. Şuşa Zəfərindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi simasının bərpası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhərsalma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.
Şuşa mədəniyyət paytaxtı olduğu kimi turizm mərkəzi olmaq imkanına da malikdir. Burada təbiət və mədəniyyətin nadir ahənginə şahid olmaq mümkündür. Şuşa şəhəri həm fəsil, həm də nadir memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına sahibdir və bu potensiala uyğun turizm infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir.
www.RIA24.az