İlham Əliyevin Şuşa mesajı – ŞƏRH

Siyasət


Prezident İlham Əliyev Şuşadan Azərbaycan xalqına müraciət etdi. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Prezident İlham Əliyevin müraciətinin xüsusi önəmi var.

Özü də bu müraciət Şuşadan edilibsə… Bu, tarixdə Azərbaycana edilən ədalətsizliklərə, haqsızlıqlara, etnik təmizləmə siyasətinə qarşı tutarlı bir cavabdır.

İlham Əliyevin Vətən müharibəsindəki Qələbənin tacı olan Şuşadan müraciət etməsinin rəmzi mənasını, fəlsəfəsini başa düşmək vacibdir.

İlham Əliyev ulu öndər Heydər Əliyevin ona etdiyi ata vəsiyyətini yerinə yetirib: artıq Şuşa azaddır.

Bu gün ulu öndər Heydər Əliyevin quruculuq işlərini Prezident İlham Əliyev ləyaqətlə, böyük uğurla davam etdirir.

30 ilə yaxın işğal dövründə tam dağıdılmış Qarabağ və Şərqi Zəngəzur bu gün sürətlə cənnətə çevrilir.  Təkcə ötən bir neçə gün ərzində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurda 10 yaşayış məntəqəsinin təməlini qoyub. O, bir çox sosial, infrastruktur obyektlərinin açılışlarında iştirak edib, layihələrin gedişatı ilə yerində tanış olub.

İlham Əliyev atasının qoyduğu mirası – xalqa, dövlətə xidməti – böyük uğurla davam etdirir. Heydər Əliyev də həm SSRİ zamanında, həm də müstəqillik illərində Azərbaycana misilsiz xidmətlər göstərib.

Ulu öndər 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə çıxarmağı bacardı.

1982-87-ci illərdə də Heydər Əliyev Moskvada Azərbaycanın inkişafı üçün çalışdı.

Azərbaycan xalqının faciələri Heydər Əliyevin 1987-ci ildə siyasi hakimiyyətdən getməsindən sonra başladı.

Bu faciələr Azərbaycanda hakimiyyət böhranını dərinləşdirdi, sonradan isə AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə Azərbaycan parçalanmaq həddinə gəlib çıxdı.

Yalnız xalqın təkidi və tələbi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və AXC-Müsavat cütlüyünün xəyanətlərinin qarşısını aldı.

Ancaq vəziyyət o qədər də ürəkaçan deyildi. Heydər Əliyev ağır bir dövrü miras almışdı. Bu mirasa çəki-düzən vermək lazım idi. Heydər Əliyev siyasi qətiyyət göstərərək sürətli iqtisadi inkişafla problemlərin öhdəsindən gəlməyə başladı.

Təsadüfi deyil ki, Azərbaycanın bu gün sürətli iqtisadi inkişafının təməlində ulu öndərin neft strategiyası dayanır. Heydər Əliyevin dühası və təməlini qoyduğu strategiya sanki Vətən müharibəsi üçün hesablanmışdı.

Heydər Əliyev qələbə üçün çalışırdı, ancaq ömür vəfa etmədi. Ona görə də Heydər Əliyevin oğlu İlham Əliyev bu müqəddəs missiyanı öz üzərinə götürdü. O, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi üçün böyük qətiyyət göstərdi və Ordumuz 44 gün ərzində ərazilərimizi düşmən tapdağından təmizlədi.

Prezident İlham Əliyevin dövründə yetişmiş gənclər Vətən müharibəsində böyük qəhrəmanlıqlara imza atdılar.

Prezident İlham Əliyev bütün sahələrdə gənclərə böyük inamını vurğulayır. O, “elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilərlər” fikrini səsləndirib.

Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etmiş Azərbaycan gəncləri bütün dünyaya Vətənə, dövlətə, Ali Baş Komandana bağlılıq nümunəsini göstərdilər.

Azərbaycan yarımçıq qalan işləri də tamamlayacaq. Artıq aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qurulub.

Orada Azərbaycan Bayrağının qaldırılması, ərazi bütövlüyünün bərpa edilməsi prosesinin tamamlanmasının tarixi əhəmiyyəti var.

Bu gün Heydər Əliyevin əsəri olan müstəqil Azərbaycan Prezident İlham Əliyevin siyasəti ilə ən qüdrətli dövrünü yaşayır. Dövlət getdikcə daha da güclənir.  Son 20 ildə dünya miqyasında Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur. İqtisadiyyat üç dəfədən çox artıb, valyuta ehtiyatları 65 milyard dollara çatıb və xarici borcu təxminən 10 dəfə üstələyir.

Xarici borc isə ümumi daxili məhsulun cəmi 9-10 faizini təşkil edir. Məhz ulu öndərin yolu və Prezident İlham Əliyevin həmin siyasəti davam etdirməsi Azərbaycanı belə bir inkişafa gətirib çıxarıb.

Aqil Vəlili

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir