Türkiyədə deputatlığa namizəd: “Uğurlu nəticələr bizim xalqa xidmət edən partiya olduğumuzun göstəricisidir”

Siyasət


“Güclü Türkiyə üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

Bunu “Report”un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında Prezident Rəcəb Tayyib Ərdoğanın liderlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasından (AK Parti) deputatlığa namizəd Behiye Eker deyib.

Onun sözlərinə görə, mayın 14-də keçiriləcək prezident və parlament seçkilərinin hazırlıq müddəti qısadır:

“Təxminən 34 gün ərzində Ədalət və İnkişaf Partiyası olaraq hazırlıqlarımızı tamamlamışıq. Həm deputatlığa namizədlər, həm də şəhər təşkilatlarımızla güclü şəkildə təbliğat-təşviqat kampaniyası apardıq. Ədalət və İnkişaf Partiyası hər yeni seçkiyə əvvəlkindən daha da güclənərək gedir. Bunun səbəbləri vaxtında verilmiş düzgün qərarlar və şəhər təşkilatlarının apardığı işlərdir. Ümid edirəm ki, mayın 14-də də qalib gələcəyik”.

Azərbaycanın dəstəyini hər zaman hiss etdiklərini deyən siyasətçi vurğulayıb ki, mayın 14-dən sonra Azərbaycana səfər etməyi çox istəyir:

“Orada yaşayan Türkiyə vətəndaşlarının səsverməsi keçirilib. Seçicilərin Ədalət və İnkişaf Partiyasına səs verdiklərini düşünürük. 19 ildir Ədalət və İnkişaf Partiyasında siyasi fəaliyyətimi davam etdirirəm. 15 seçki və 1 referendum izləmişəm. 15 seçkidən də qalib çıxmışıq, bu 16-cı seçkidir. Ümid edirəm ki, bu seçkilərdən də zəfərlə çıxacağıq. Bu uğurlu nəticələr bizim xalqa xidmət edən bir partiya olduğumuzun göstəricisidir”.

Ədalət və İnkişaf Partiyasının gələcəklə bağlı çox böyük layihələrinin olduğunu deyən B.Eker xatırladıb ki, bu gün Türkiyə müdafiə sənayesində çox böyük uğurlara imza atıb:

“Silah sənayesinin yerli və milli olması hər zaman bizim əsas hədəflərimizdən biri olub. Hazırda mənim diqqətimi çəkən əsas layihələrdən biri də dərman istehsalında yeni inkişaflar və yenə milli addımlarımızın olacağının elan edilməsidir. Bu, ölkəmizə qazandırılacaq bir dəyərdir. Enerji sahəsində də atılan addımlar var. Düşünürəm ki, bu sahələrdə aparılacaq islahatlar və atılacaq yeni addımlar vətəndaşlarımızın rifahının yaxşılaşdırılmasında önəmli rol oynayacaq. Güclü Türkiyə üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir