Kolumbiya telekanalında Heydər Əliyevin 100 illiyinə həsr olunan geniş süjet yayımlanıb – FOTO/VİDEO

Siyasət


Bütün Amerika qitəsi üzrə fəaliyyət göstərən Kolumbiyanın aparıcı xəbər telekanalı “NTN24”-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş geniş süjet yayımlanıb.

Azərbaycanın Meksikadakı Səfirliyindən Oxu.Az-a verilən məlumata görə, süjetdə Azərbaycan xalqının ümummilli liderinin – Heydər Əliyevin anadan olmasının 100 illiyini təntənəli şəkildə qeyd etdiyi bildirilir.

Qeyd olunur ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın təcavüzü və daxili çəkişmələr üzündən dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşdığı bir vaxtda Heydər Əliyev ölkədə müşahidə olunan dərin tənəzzülün qarşısını alıb, yenidən qurduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən edib. Heydər Əliyevin əsəri olan müasir Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində zəfər qazanaraq erməni işğalına son qoyub.

Bildirilir ki, görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası və gələcəyə hesablanmış siyasi uzaqgörənliyi nəticəsində Azərbaycan bu gün dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. Heydər Əliyev siyasi kursu hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir.

Reportajda Azərbaycanın bölgədə reallaşan qlobal miqyaslı layihələrin əsas iştirakçısı olmaqla yanaşı, beynəlxalq tədbirlərə də uğurla ev sahibliyi etdiyinə diqqət çəkilir. Azərbaycanın bütün dünyada multikulturalizm, tolerantlıq, inkişaf və tərəqqi nümunəsi kimi tanındığı vurğulanır.

Həmçinin, Azərbaycan xalqının ümummilli liderinin əziz xatirəsini hər zaman hörmət və ehtiramla yad etdiyi və ölkənin nadir memarlıq nümunələrindən biri olan Heydər Əliyev Mərkəzinin müasir Azərbaycanın banisinin, “Azərbaycanın atası”nın adını daşıdığı qeyd olunur.

Eyni zamanda, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” kimi qeyd olunmasının tarixi əhəmiyyəti Kolumbiya kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Aparıcı yerli mətbu orqanları olan “Yeni Əsr” (“El Nuevo Siglo”) qəzetinin, “Al Press” xəbər agentliyinin internet səhifələrində müvafiq məqalələr dərc edilib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir