Türkiyədə seçki məntəqələrində izdiham müşahidə olunur.
“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının məlumatına görə, İstanbul şəhərində seçicilərin prezident və parlament seçkilərinə xüsusi marağı var.
Türkiyə saatı ilə 08:00-dan etibarən seçicilər seçki məntəqələrinə axın etməyə başlayıb. Əməkdaşımız İstanbul Baxçalıevlərdə seçki məntəqələrinə baş çəkib.
Baxçalıevlər Refik Saydam adına orta məktəbdəki seçki məntəqəsində hüquqşünas kimi fəaliyyət göstərən Yusuf Yıldırım bu günün Türkiyə üçün demokratiya nöqteyi nəzərindən önəmli olduğunu deyib: “Həm ölkəmizi beş il idarə edəcək prezidentimizi, həm də Türkiyə Böyük Millət Məclisinin 600 deputatını seçəcəyik”.
Seçki məntəqəsində hər kəsin vəzifəsi başında olduğunu vurğulayan vəkil bildirib ki, seçicilər saat 8-dən etibarən səsvermə məntəqəsinə gəlirlər: “Gördüyünüz kimi məntəqəyə insan axını davam edir, seçkilərə maraq çoxdur. Hazırkı saatlara qədər vəziyyəti nəzərə alsaq, seçicilərimizin böyük hissəsinin seçkilərdə iştirak edəcəyini deyə bilərik”.
“Məntəqədə təhlükəsizliklə bağlı heç bir problem yoxdur. Adətən seçki günü müəyyən gərginliklər yaşana bilir, ancaq bu dəqiqələrdə məntəqədə seçicilər arasında narazılıq yarada biləcək heç bir hal yaşanmayıb. Təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə görülüb. Əminəm ki, türk xalqının demokratiya anlayışı hər hansı problemin böyüyərək başqa məcralara keçməsinə imkan verməyəcək”- , Y.Yıldırım qeyd edib.
Baxçalıevlər Koza adlı ibtidai sinif məktəbindəki seçki məntəqəsində fəaliyyət göstərən hüquqşünas Ceren Öner nəzərə çatdırıb ki, bundan öncəki seçkilərdə də səlahiyyətli şəxs olub: “Ona görə də keçmiş seçkilərlə indiki seçkilər arasında fərqi müşahidə etmək imkanım oldu. Ötən saatlar ərzində insanların seçkilərə böyük həvəslə gəldiyinin şahidi oldum. Seçicilər məsuliyyətlərinin dərk edərək hər biri seçki məntəqələrinə üz tutublar”.
“Seçicilərin gərgin və həyəcanlı vəziyyəti təbii ki, məntəqələrdəki abu-havaya öz təsirini göstərir. Bu seçkilərdə də ilk dəfə partiya üzvlərindən bu qədər səlahiyyətli nümayəndənin seçki məntəqələrində fəaliyyət göstərdiyinin şahidi oldum. Bir sözlə hər kəs seçki prosesinin tam şəffaf keçməsi üçün əlindən gələni edir”-, C.Öner vurğulayıb.
Qeyd edək ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir. Seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb. Bu gün ölkə daxilində 60 milyon 697 min 843 vətəndaş səs verəcək. Xaricdə yaşayan 3 milyon 416 min 98 seçicinin səsverməsi isə bir neçə gün əvvəl yekunlaşıb.
Prezident vəzifəsi uğrunda 3 namizəd mübarizə aparır: – “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan.
“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.
“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.
“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.
Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.
www.RIA24.az