İsveçdə fəaliyyət göstərən İsveç-Azərbaycan Dərnəyi (SAF) ölkə parlamentini (Riksdaq) Xocalı soyqırımını tanımağa çağırıb.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilir.
SAF-ın sədri Sevda Dadaşovanın imzası ilə İsveç Riksdağına ünvanlanan bəyanatda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçiləri ilə birlikdə Xocalı şəhərinə hücum edərək dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törədiblər.
Xocalı soyqırımı nəticəsində 613 dinc sakinin (qadın, uşaq və qocalar olmaqla) öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü, 150 nəfərin itkin düşdüyü nəzərə çatdırılıb.
Qeyd edilib ki, bır sıra ölkələr, o cümlədən ABŞ-ın 22 ştatı tərəfindən Xocalı soyqırımı tanınıb.
Bildirilib ki, isveçli parlamentarilərə müraciətin əsas məqsədi yerli ictimaiyyətə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ermənilər tərəfindən törədilən Xocalı soyqırımı ilə bağlı ətraflı məlumat vermək, bu qanlı cinayətə hüquqi və siyasi qiymət verilməsinə nail olmaqdır. Bu bəyanat ölkənin siyasi partiyalarına da göndərilib.