Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Ailə Festivalı” keçirilib.
“Report” xəbər verir ki, festivalda rəsmi nümayəndələr, deputatlar, ölkənin müxtəlif regionlarını təmsil edən ailələr, həmçinin Türkiyədən dəvət olunmuş nümayəndə heyəti və ailələr iştirak ediblər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında ailələri salamlayıb. O bildirib ki, bu gün Azərbaycanın həyatında vacib hadisələrdən biridir:
“Türkiyədən 30 ailə festivalda iştirak üçün gəlib. Eyni zamanda dünən yüksəksəviyyəli seçkilər keçirildi. Azərbaycan hər zaman Türkiyənin yanındadır”.
Sədr vurğulayıb ki, festival ailə bayramından əlavə milli mənəvi dəyərlərin təbliği məqsədi daşıyır:
“Həmçinin ailə məsələlərinə yönəldilməsi, ailələrin asudə vaxtının səmərəli təşkili, milli-mənəvi dəyərlərə söykənən ailə institutunun qorunub saxlanılması və möhkəmləndirilməsi üçün kompleks tədbirlərin görülməsidir. Azərbaycanda ailə dəyərlərinin tarixi olduqca qədimdir. Heydər Əliyev də bu dəyərlərin daha da inkişafı və gələcək nəsillərə ötürülməsi üçün böyük işlər görüb. Gəncliyə ailəyə daha məsuliyyətlə yanaşmaq üçün çağırışdır”.
Tədbir çərçivəsində iştirakçılara maarifləndirici proqramlar, intellektual viktorinalar və əyləncəli oyunlar təqdim olunaraq ailələrin öz marağına uyğun əyləncə seçib asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradılıb.
Daha sonra festival bədii hissə ilə davam edib.
www.RIA24.az