“Məktəbdə…” layihəsinin növbəti görüşü paytaxtdakı 164 nömrəli tam orta məktəbdə keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi” qəzeti və Kaspi.az saytının informasiya dəstəyi ilə ərsəyə gələn layihənin budəfəki qonağı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim Firdovsiyyə Əhmədova olub.
F.Əhmədova özünün məktəb illəri, tarix fənninə olan sevgisi, gənclik və tələbəlik dövrü ilə bağlı xatirələrindən danışıb. Şagirdlərlə interaktiv şəkildə keçən görüşdə qonaq geniş araşdırma apardığı Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlı yadda qalan maraqlı məqamlara toxunub. Hansı peşəni seçmələrindən asılı olmayaraq olduqca dərin köklərə malik tariximizi hər kəsin bilməli olduğunu deyən tanınmış tarixçi bu işdə xüsusilə mütaliənin şagirdlər üçün önəmli olduğunu diqqətə çatdırıb.
F.Əhmədova tarix fənninin tədrisinin şagirdlərin vətənpərvərlik hisslərinin aşılanmasına olan təsiri, Vətən Müharibəsində qazanılan şanlı Zəfərin məktəblilərin bir qəhrəman kimi yetişməsindəki rolu, onların daim çalışması, istedadlarını aşkara çıxarması və digər məsələlər istiqamətində söhbət aparıb, şagirdləri düşündürən sualları cavablandırıb.
Daha sonra qonaq Heydər Əliyev Fondu tərəfindən ərsəyə gələn orta əsr Azərbaycanın feodal dövlətlərinin rəqabəti haqqında “Şirvanşahların yüksəlişi” adlı tarixi-iqtisadi oyununu və yazıçı, tədqiqatçı, Türkiyə və Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Əli Poladın “Üç min ilin hikməti” kitabını məktəbə hədiyyə edib.
Qeyd edək ki, “Məktəbdə…” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət və ictimai məsuliyyət hissi aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.
www.RIA24.az