“Ermənilər özləri də bilirlər ki, Qarabağ Azərbaycandır. Əlləri hər yerdən üzülən ermənilər hazırda Azərbaycana mənəvi təzyiq göstərmək istəyirlər”.
Bu fikirləri Bizim.Media-ya müsahibə zamanı ABŞ-da Konfliktlərin Həlli Mərkəzinin eksperti (International Conflict Resolution Center – ICR), uzun müddət Qarabağ münaqişəsini araşdırmış, siyasi şərhçi Austin Klayton bildirib.
Söhbətin mövzusu isə erməni vandalizmi, Azərbaycan tarixinin mənimsənilməsi ilə bağlı idi.
Müsahibədə mədəni irsin mühafizəsi və müəlliflik əsasları ilə məşğul olan dünyanın ən böyük qurumu olan UNESCO-nun ermənilərin son hərəkətlərinə susqunluğuna da toxunulub.
– Azərbaycan 30 illik işğal altında olan torpaqlarını azad edib, ərazi bütövlüyünü bərpa etdi. Lakin Azərbaycan bu mübarizədə bir çox Avropa ölkələri tərəfindən təzyiqə məruz qaldı. İstərdim ki, bu barədə danışasınız.
– Avropa bir çox ölkələri siyasi güzəştlərə məcbur etmək üçün sevinərək onlara sanksiyalar tətbiq edir, lakin Ermənistana bu, heç vaxt edilmədi. Ermənistana qarşı BMT-nin açıq-aydın 4 təhlükəsizlik qətnaməsi qəbul edilməsinə baxmayaraq, bunun icrası üçün heç bir siyasi addım atılmadı.
Avropa sadəcə düşmənçiliyin son qoyulmasına boş çağırışlar etmək əvəzinə, vaxtında beynəlxalq hüququ tətbiq etsəydi, minlərlə əsgərin ölməsinin qarşısını ala bilərdi. Avropa buna getmədi, Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa etmək istəyirdi və etdi.
İndiyə qədər dünya ictimaiyyəti, xüsusilə də Avropa tarixi olaraq Dağlıq Qarabağ və ətraf rayonların zəbt edilməsi barədə susurdu. Bu, çox narahatlıq doğurandır, çünki beynəlxalq hüququn tətbiq olunmamasını və beynəlxalq orqanlar tərəfindən qəbul olunan qətnamələrin seçim prinsipi ilə həyata keçirilməsini göstərir.
– 30 il ərzində Azərbaycan dəfələrlə UNESCO-dan işğal altında olan torpaqlarda tarixi abidələrimizin qorunması üçün nəzarət etməkləri istəyib, lakin qurumdan müsbət cavab almayıb. Ancaq bu yaxınlarda azad etdiyimiz torpaqlarımızda guya erməni kilsələrini təftiş etmək məqsədilə o ərazilərə səfər üçün müraciət edib. UNESCO niyə mövqe nümayiş etdirir?
– Dünya ictimaiyyəti Dağlıq Qarabağ regionuna Birinci Qarabağ müharibəsindən məhəl qoymurdu. Mənim fikrimcə, Azərbaycan 1990-cı illərdə qeyri-stabil ölkə idi, ona görə də UNESCO-nun diqqətini bu məsələyə çəkə bilmirdi.
Azərbaycan stabil ölkəyə çevrildikdən sonra UNESCO-ya çağırışlar etməyə başladı. Düşünürəm ki, bu zaman UNESCO artıq gec olduğunu başa düşərək sadəcə bu məsələlərdən yan keçdi.
Bu mərhələdən 10 il keçmişdi və orada geniş mədəni, dini və tarixi dağıntılarla bərabər, onları “erməniləşdirmək” cəhdləri var idi. UNESCO-nun fikrincə, ziyan o qədər böyük idi ki, onun qarşısında hər hansı müsbət nəticəyə gəlmək mümkün olmayacaqdı.
UNESCO-nun bu cəhdləri tamamilə aciz görünürdü. Azərbaycan mədəni və tarixi irsi qoruyan bir ölkə kimi tanınır, lakin 2020-ci ildə biz müasir texnoloji müharibənin şahidi olduq: UNESCO sosial mediada, xüsusilə erməni diasporu tərəfindən mənfi reaksiya doğuran əlavə hadisənin olmasını istəmirdi.
– Bundan başqa sizin də bildiyiniz kimi, ermənilər Şuşadan oğurladıqları Qarabağ xalçalarını sərgilərə çıxarırlar. Onlar bizim xalçalarımızı öz adlarına çıxarır və UNESCO buna susur. Bizim haqq səsimizə cavab vermir. Bu qurum necə tarixi və mədəni irsi qoruyur? Onlar niyə təşkilatlarının üzvü olan Azərbaycana bu cür ögey münasibət göstərir?
– Xalçalarla bağlı iki məsələni qeyd etmək istərdim. Onlar işğal olunmadan əvvəl əhalisini əsasən azərbaycanlılar təşkil etdiyi Şuşadan oğurlanıb. Bu sərgidə olan xalçalardan birinin 350 yaşı var və əgər 350 yaşlı xalça Şuşa şəhərindəndirsə, tam arxayınlıqla demək olar ki, bu ermənilərə yox, məhz azərbaycanlılara məxsusdur.
İkinci məsələ: xalça sevən bir adam kimi deyə bilərəm ki, bu xalçaların tərtibatı klassik Azərbaycan ilmələridir. Mən həm Ermənistanda, həm Azərbaycanda xalça dükanlarında olmuşam və hətta müasir xalçalarda qədim tərtibatı təkrarlamağa çalışsalar da, bu üslub heç vaxt erməni xalçaları ilə uyğun gəlməyib.
Ermənistan tərəfindən Dağlıq Qarabağın tarixini saxtalaşdırmaq üçün çoxlu səy göstərilirdi. UNESCO illər ərzində susaraq ermənilərin danışdığı nağıllara inanmağı ən asan çıxış yolu seçib. Azərbaycanın regionla bağlı hər hansı nağıl qoşmağa ehtiyacı yoxdur. Azərbaycanın faktları var və bu, kifayətdir. Lakin çox təəssüf ki, dünya ictimaiyyəti susmaqda hələ də davam edir.
– Bəziləri UNESCO-nu xristian ölkələrinə tərəfkeşlik etməkdə günahlandırırlar. Sizcə də bu belədir?
– Düşünmürəm ki, səbəb məhz bununla bağlıdır. Əksinə, fikrimcə UNESCO pul ilə və ictimai fikirlə idarə olunan bir qurumdur. ABŞ (xristian ölkəsi) və İsrail (yəhudi ölkəsi) UNESCO-nu qərəzli mövqeyinə görə bu qurumu tərk etdilər.
Misal olaraq, bir çox qeyri-xristian ölkələrin UNESCO tərəfindən dəstəkləndiyini görə bilərik. UNESCO Səudiyyə Ərəbistanının tarixinin qorunması səylərinin inkişafında yaxından iştirak edib. Onun qərarlarında dindən daha çox, siyasət böyük rol oynayır.
UNESCO Fransada yerləşir və bu ölkədə Ermənistanın böyük diasporu və imkanlı şəxsləri var.
Bu diaspor hər zaman qarayaxma kampaniyalarına maliyyə dəstəyi göstərir, bu isə UNESCO-nun qorxunc yuxusuna çevrilə bilər. Məncə əsl səbəb məhz geniş yayıla biləcək tənqidin qorxusudur.
– Hazırda Ermənistan revanşist siyasəti yürüdür və sülh bəyanatı imzalandıqdan sonra, dəfələrlə Azərbaycan ərazisində təxribat törədərək, Azərbaycan əsgərinə hücum edib. Azərbaycan tərəfi və şəxsən Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında da bildirib ki, biz ermənilərlə sülh şəraitində yaşamağa hazırıq. Sizcə, ermənilər Azərbaycanla sülh şəraitində Qarabağda yaşaya biləcəklərmi?
– Fikrimcə, burda bir çox aspektlər var. Bir daha deyim ki, qisas idealogiyasının alovlanmasında erməni diasporunun rolu çox böyükdür. Erməni diasporunun üzvləri Ermənistanda yaşamırlar.
Onları məntiq yox, millətçilik idarə edir. Hazırda Ermənistanın bir hissəsi sülhə hazırdır. Onlar Rusiyadan asılılığın və yoxsulluğun səbəblərini anlayırlar. Onlar neçə ildir ki, regiondan kənarda qalıblar, yalnız İran və Gürcüstan ilə açıq sərhədləri mövcuddur.
Digər hissəsi sülhə hazır deyil. Mən erməni qəzetlərindən “türklərə qarşı qisas” barədə bir çox müsahibə və məqalələr oxumuşam. Sülh müqaviləsi təsdiq etdi ki, Qarabağ Azərbaycandır.
Mən Cənubi Qafqazın hər üç ölkəsində yaşamışam, oxumuşam və işləmişəm, buna görə fikrimcə, mənim bu regionun tarixi, problemləri və imkanları ilə bağlı dərin siyasi baxışlarım var. Dağlıq Qarabağ münaqişəsi illər ərzində regionda ən vacib məsələlərdən biri idi və mən onu öyrənmək üçün çoxlu vaxt sərf etdim, araşdırmalar apardım, azərbaycanlılar və ermənilərlə çoxlu danışdım.
İllər sonra tam aydın oldu ki, haqlı tərəf Azərbaycandır. Beynəlxalq hüquq da təsdiq edib.
Belə ki, faktlar əsasında qərar verənlər üçün tam aydın olur ki, Azərbaycan torpaqları zəbt edilib. Qısaca olaraq, biz ərazi bütövlüyü, sahiblik və hüquq haqqında danışanda görürük ki, bu münaqişədə (qurban) zərər çəkən məhz Azərbaycandır.