Özünü demokratiya beşiyi sayan Qərbin Türkiyədəki seçkiləri qeyri-demokratik müşahidəsi

Siyasət


Türkiyədə keçirilən parlament və prezident seçkiləri bütün dünyada diqqətlə izlənilib. Qardaş ölkə Cümhuriyyətinin 100-cü ildönümündə hər kəsə demokratiya dərsi versə də, seçkidən əvvəl olduğu kimi, seçkidən sonra da bir çox təxribat və ikiüzlü yanaşmalarla qarşı-qarşıya qalıb.

Belə ki, demokratiyanın parlaq nümunəsinə çevrilmiş 14 may seçkiləri seçkiöncəsi xüsusi “canfəşanlıq” nümayiş etdirmiş Qərbi qane etməyib.

Belə ki, Türkiyədə seçki prosesini müşahidə edən Qərb nümayəndələri bir sıra “narahatlıq”larını dilə gətiriblər. Başqa sözlə Qərb seçkidən əvvəl başlayan mənfi rəy formalaşdırma və gözdənsalma prosesini davam etdirdiyini göstərib. Bitərəf və qərəzsiz mütəxəssislər, müşahidəçilər tərəfindən Türkiyədə keçirilən seçkilər olduqca müsbət qiymətləndirilsə də, Qərb üçün bu mövqe qəbuledilməz olub.

Məsələn, ATƏT-in seçkiləri müşahidə edən qısamüddətli missiyasının sədri Maykl Corc Link, AŞPA nümayəndə heyətinin rəhbəri Frank Şvabe və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) seçki müşahidə missiyasına rəhbərlik edən Yan Petersen “seçki prosesinə müdaxilə edildiyini”, “seçicilərin böyük bir qisminin səsvermədə iştirak etməkdə çətinliklə üzləşdiyini” vurğulayıblar.

Göründüyü kimi qərəzli yanaşma özlüyündə olduqca absurd arqumentlərə söykənir. Belə ki, “seçicilərin böyük bir qismi səsvermədə iştirakda çətinlik yaşayıb” fikri seçici aktivliyinin 90 faizə yaxın olduğu bir mühitdə cəfəngiyyatdan başqa bir şey adlandırıla bilməz. Bu fikrin arxasında dayanan qərəz, hiyləgər planlar və ictimai rəyi yönləndirmə cəhdləri Qərb dairələrinin seçki prosesinə yanaşmasını və məqsədini birmənalı şəkildə ortaya qoyur. Seçicilərin hansı problemlərlə üzləşməsi mücərrəd qalsa da, fikrin arxasındakı niyyət və məramı sezmək olduqca asandır.

Üstəlik, Qərb müşahidəçiləri iddia edirlər ki, seçki prosesinə “müdaxilə”lər olub. Hansı ki, Türkiyədə hətta müxalifət belə bu “müdaxilə”lərdən bixəbər görünür. Ölkə ictimaiyyətinin, xüsusilə müvafiq halların yaşanması zamanı ən çox canfəşanlıq etməli olan müxalifətin görmədiyi “nöqsan”ları Qərbin həqiqətlərə kor baxmaq tapşırığı almış müşahidəçilərinin görməsi olduqca təbiidir.

Daha bir gülünc iddia isə “toplaşmaq, birləşmək və ifadə azadlığına qarşı davam edən məhdudiyyətlər bəzi müxalif siyasətçilərin və partiyaların, o cümlədən vətəndaş cəmiyyəti üzvlərinin və müstəqil medianın iştirakına mane olub” iddiasıdır.

Bu iddianın da əsassız və absurd fikirlərə əsaslandığını sübut etmək üçün fövqəltəbii bacarıqlara sahib olmaq gərək deyil. Sadəcə sosial şəbəkələrdə Türkiyə müxalifətinin keçirdiyi çoxminlik, bəzən hətta onların özlərinin iddia etdiyi kimi yüz minlərlə insanın toplaşdığı mitinqlərdən kadrları izləmək və “toplaşmaq” azadlığına hansı səviyyədə hörmət edildiyini görmək mümkündür.

Qərbin Türkiyədə keçirilən seçkilərə qərəzli yanaşmasının növbəti məqamı isə seçkidə hansısa “maneə yaradılan müxalif siyasətçilər” barədədir. Halbuki qardaş ölkədə demək olar ki, bütün leqal siyasi qüvvələr seçkidə azad şəkildə iştirak ediblər. Burada da avropalı müşahidəçilərin baxış bucağı ikiüzlülük, riyakarlıq və məqsədli təxribatlarla üst-üstə düşür. Belə ki, onların “müxalif siyasətçi adlandırdıqları terror və separatçılıq siyasətinə görə siyasi səhnədən uzaqlaşdırılan və məhkəmə qərarı ilə azadlıqdan məhrum edilən şəxslər – terrora dəstək verən cinayətkarlardır.

Bütün sadalanan faktlar birmənalı şəkildə gerçəyi ortaya çıxarır. Türkiyədə keçirilən parlament və prezident seçkiləri demokratiya adına tarixi bir uğur və Türkiyə əleyhdarlarına verilmiş ağır bir dərsdir. Qərbdən gələn müşahidəçilərin rəyləri isə heç bir halda seçkiyə obyektiv qiyməti əks etdirmir. Bu rəylər ikili standartlar və konyunktura əsaslanır, məqsədli şəkildə Türkiyənin maraqlarına zidd planların bir parçası olaraq xarakterizə edilir. Özünü demokratiyanın beşiyi sayan Qərbin demokratiyaya qeyri-demokratik yanaşması isə prosesin nə qədər mürəkkəb və təlatümlü olduğunu ortaya qoyur. Görünən odur ki, Qərb müşahidəçiləri Türkiyədə demokratik mühiti müşahidə etməyə gəlməmişdilər və gedişlərində də hansısa demokratiya təəssübkeşliyi gözləmək yersizdir. Onların öz missiyalarını yerinə yetirmələri üçün heç müşahidəyə ehtiyacları da olmayıb. Elə uzaqdan da öz sifarişli məqsədlərinə – baxış bucaqlarına uyğun “qiyməti” verə bilərdilər…

Orxan Tağıyev

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir