Rusiyalı ekspert: “Əgər Qarabağda müharibə başlayarsa, Azərbaycan yenidən Ermənistanı məğlubiyyətə uğradacaq”

Siyasət

Ermənistanın müdafiə naziri Vaqarşak Harutyunyan “RİA Novosti” agentliyinə geniş müsahibə verib.

Erməni nazirin bəzi açıqlamaları göstərir ki, İrəvanda, hətta hökumət səviyyəsində də revanş almaq barədə düşünürlər.

V. Harutyunyanın sözlərinə görə, Ermənistan Qarabağdakı müharibədən sonra yeni silah və texnika sistemlərinə keçid edir, orduda islahatlar aparır.

Əlbəttə Ermənistan ordusundakı yeni silah sistemləri barədə çıxış çox cəsarətli səslənir. Xüsusilə Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən “IDEX 2021” beynəlxalq hərbi-sənaye sərgisinə dair Ermənistandakı qalmaqalı nəzərə alsaq. Orada sadəcə olaraq Ermənistandan heç bir hərbi eksponat yox idi. Ölkəni təmsil edən nümayəndələri var idi, amma yük hansısa səbəbdən sərgiyə gəlib çıxmamışdı.

Media.Az-a müsahibə verən rusiyalı ictimai xadim, politoloq, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov sözügedən vəziyyəti şərh edib.

S. Markov vurğulayıb ki, Ermənistan müdafiə nazirinin indi əsas vəzifəsi baş nazir Nikol Paşinyanın devrilməsinə mane olmaqdır:

“Ancaq bu hər an ola bilər. İndi o (Vaqarşak Harutyunyan – red.) hərbi məğlubiyyətdən danışır, amma faktiki olaraq yalvarır – bizi qovmayın.

Ordunun yeni silahlarla təchiz ediləcəyini, onun müasirləşdiriləcəyini, hər şeyin çox gözəl olacağını deyirlər. Döyüşməyə hazır olduqlarından danışırlar.

Bəs “Ermənistan – Qarabağın təhlükəsizliyinin qarantı” nə deməkdir? Yəni yeni hərbi əməliyyatlar başlayarsa, Ermənistan ordusu keçən payızda olduğu kimi yenidən döyüşməyə başlayacaq? Ancaq şübhəsizdir ki, Azərbaycan yenidən Ermənistan ordusuna hərbi məğlubiyyət yaşadacaq. Bu qan tökmə kiməsə lazımdır?!

Əlbəttə ki, Ermənistanda Paşinyan və onun generallarından böyük narazılıqlar var. Rusiya prezidenti Vladimir Putin olmasaydı, bu hakimiyyət çoxdan devriləcəkdi”.

Buna baxmayaraq, qisas mövzusu Ermənistanda çox populyardır, müxtəlif siyasətçilər intiqamın erməni ləyaqətini bərpa etməyə yönəldilməli olduğunu iddia edirlər, qeyd edirlər ki, Azərbaycan bizi məğlub edə bilməz və baş verənlər müvəqqətidir. Ermənistanda qalmaqallı çıxışları ilə məşhur “Sasna Tsrer” partiyasının liderləri Jirayr Sefilyan da bu cür açıqlamalar verməkdə çox fəaldır. Bu, o deməkdirmi ki, Nikol Paşinyan getdikdən sonra Ermənistanda belə siyasətçilər hakimiyyətə gələcəklər?

Bəli, böyük ehtimalla, iqtidara məhz onlar gələcəklər. Nikol Paşinyan əvvəlcə müharibəyə hazırlıqdan danışırdı, sonra isə məğlubiyyəti etiraf etməyin lazım olduğunu söylədi. Lakin erməni cəmiyyətində, geniş anlamada, diasporanın da maraqlarına toxunan, bir neçə nöqteyi-nəzər var.

Onlardan birincisi, hər zaman ölkəsini Azərbaycan və Türkiyə ilə qarşıdurma səsləyən və guya milləti düşmən qarşısında birləşdirən baxışdır.

Ancaq bu cəfəngiyatdır. Ermənilər ötən əsrlərdə Türkiyədə yaxşı yaşayıblar. Azərbaycanda da XX əsrdə ermənilər heç də pis yaşamırdılar, nüfuzlu mövqelərə sahib idilər.

İkinci baxış isə budur ki, gəlin Azərbaycan və Türkiyə ilə bir uzlaşma tapaq və bu çaxnaşmadan çıxmağa çalışaq.

Ancaq indi erməni diasporasının sözügedən məsələlərlə əlaqədar üçüncü bir baxışı var.

Ermənistanda dövlət institutlarının aşkar böhranı şəraitində, diaspora daha əhəmiyyətli rol oynamağa başlayır.

Yeri gəlmişkən, Paşinyan tək öz iradəsi ilə Ermənistanın rəhbəri olmayıb. Bu hadisədə ABŞ-dakı erməni diasporunun rolunu inkar etmək çətindir. Rusiyadakı erməni diasporu isə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar.

Erməni lobbisinin və diasporunun strategiyası belədir: Azərbaycana qarşı Ermənistan ordusu yox, Rusiya ordusu vuruşmalıdır. Onlar bunu ötən ilin sentyabr-oktyabr aylarında həyata keçirməyə çalışdılar. Amma heç nə alınmadı, çünki informasiya müharibəsi uduzulmuşdu.

İndi onlar bu informasiya müharibəsində revanş götürmək, Azərbaycanın bütün müttəfiqlərini Rusiyanın siyasi və informasiya məkanından sıxışdırıb çıxarmağa çalışırlar.

Bu səbəbdən  Aleksey Juravlyovu, İqor Korotçenkonu və mənim kimi şəxslərə qarşı kampaniya aparılır.

Dövlət Dumasında “Spravedlivaya Rossiya” partiyasından olan deputat Mixail Yemelyanovu Dumanın növbəti tərkibinə buraxmamaq üçün siyahılardan çıxarmağa çalışırlar. Mən burada erməni diasporasının fəaliyyətini görürəm.

Daha sonra Qarabağda Ermənistanla Azərbaycan arasında deyil, Türkiyə ilə Rusiya arasında mübarizənin getdiyini göstərmək üçün cəhdlər olacaq. Bu, ən təhlükəli revanşist yoldur.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir